Xalqımıza, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ümummilli Lider Heydər Əliyev gənclərə böyük diqqətlə yanaşır, onların cəmiyyətdə fəaliyyət göstərmələri, inkişaf etmələri üçün hərtərəfli şərait yaradır, yüksək qayğı göstərirdi. Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün qurulmasını və aparılmasını önəmli hesab edərək demişdir: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Ötən illər ərzində bu istiqamətdə görülmüş işlərə əsaslanıb deyə bilərik ki, ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Xalqını, millətini ürəkdən sevən bu böyük şəxsiyyət üçün sabahın qurucusu olacaq gənclik amili milli mənliyimizin keşiyində yorulmadan dayanmaq amalı qədər lazımi və gərəkli idi. Uğurla həyata keçirilən gənclər siyasəti bütövlükdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən biri idi. Yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsinin əsası da bu böyük şəxsiyyət tərəfindən qoyulmuşdur.
Zaman-zaman gənclərimizin vətənpərvər, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın paytaxtı olan Moskva da daxil olmaqla aparıcı ali məktəblərə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Uzun illərdən sonra həmin gənclər müstəqil dövlətimizin qurulmasında fəal iştirak etdilər, cəmiyyətin aparıcı qüvvəsinə çevrildilər.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclərlə bağlı görülən zəruri işlər, atılan uğurlu addımlar, qəbul olunan müvafiq qərar və qanunlar Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etmələri üçün böyük imkanlar açırdı. Gənclərimiz isə dövlətin onlar üçün yaratdığı şəraitdən bacarıqla istifadə edərək təhsil alır, müxtəlif sahələrdə böyük fəallıqla çalışaraq cəmiyyətin ön sıralarında addımlayırdılar.
Ölkəmizin gələcəyi olacaq gənclərimizin vətənpərvər, savadlı, çalışqan əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında və böyüməsində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin böyük əməyi olub. Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər yetişmişdir.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yenə də gəncliyə qayğı göstərilməyə başladı. Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin Sədri olarkən 1993-cü ilin 22 sentyabrında ilk dəfə gənclərin nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı gənclərə müraciət edən Ümummilli Lider demişdir: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik".
Ulu Öndər gənclərlə görüşlərində onların problemləri ilə maraqlanır və həlli istiqamətində lazımi addımlar atırdı. 1997-ci il oktyabrın 29-da yaradıcı gənclərlə görüşündə Heydər Əliyev demişdir: "Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyimiz nailiyyətlər buna belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha da müstəqil, azad olanda: şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir".
Ötən əsrin 90-cı illərinin əvvəllərindən həm dünyada, həm də Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin fonunda gənclərin qarşısında dayanan problemlər və onların həlli yolları da dəyişməyə başladı. Getdikcə dəyişən zamandan geri qalmamaq üçün Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu dövlət qurumu qısa müddət ərzində gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və onların reallaşması istiqamətində uğurlu addımlar atmağa başladı.
1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemin həllində rolunu daha da yüksəltmək, onların məsuliyyətini artırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral 1996-ci ildə Respublika Gənclərinin I Forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında fərman imzaladı.
O da xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Ümummilli Lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında gənclərə müraciət edərək demişdir: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
2 mart 1999-cu ildə Azərbaycan Gənclərinin II Forumundakı çıxışında Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltmək ilə bağlı tövsiyələr verdi. Heydər Əliyev forumda "XXI əsr gənclərin əsridir" deyərək onlara verilən dəyəri və ölkənin inkişafı üçün üzərlərinə götürdüyü məsuliyyəti müəyyən etdi.
1999-cu ildə Ulu Öndər Heydər Əliyev "Dövlət gənclər siyasəti haqqında" fərman imzaladı. İmzalanan fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyini aydın şəkildə göstərdi. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. "Dövlət gənclər siyasəti haqqında" fərmana uyğun olaraq 9 aprel 2002-ci ildə ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edildi və Ulu Öndər Heydər Əliyev tərəfindən imzalandı.
Ulu Öndər Heydər Əliyevin illər öncə əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi böyüməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirildi.
Gənc istedadların aşkar olunması, onların imkanlarının daha da inkişaf etdirilməsi və yüksəksəviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan gəncliyi Dövlət Proqramı"nın təsdiq olunması haqqında" və 2006-cı il aprelin 17-də imzaladığı "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", 2011-ci il iyulun 7-də imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq olunması haqqında" və başqa sərəncamları gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verir. Uğurla həyata keçirilən dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına əlverişli zəmin yaradır.
Azərbaycan gəncləri ordu sıralarında da vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam şəkildə xidmət edirlər. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində vətənpərvər gənclərimiz silaha sarılaraq döyüşlərə atıldılar. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə gənclər böyük hünər və qəhrəmanlıq göstərərək, düşmən üzərində Zəfər qazandılar. Bunun nəticəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımız düşməndən azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Həm müharibədə, həm də başqa sahələrdə gənclərin qazandığı bu uğur və qələbələr Ulu Öndər Heydər Əliyev kursunun, Prezident İlham Əliyev siyasətinin təntənəsidir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"