Azərbaycanın müasir tarixində xüsusi yeri olan Ulu Öndər Heydər Əliyev hər kəsin qəlbində dərin ehtiramla anılan, ölməz xatirəsi yaşayan dövlət xadimi kimi yuva qurub. Onun dövlətçilik irsi kimi, ailəsinə verdiyi dəyər hər zaman nümunəvi olub, xüsusən də oğlu İlham Əliyevə olan münasibəti ilə diqqət çəkib.
Heydər Əliyevin ailə dəyərlərinə verdiyi önəm, övladlarına qarşı qayğıkeş münasibəti və onlara aşıladığı məsuliyyət hissi şəxsiyyətinin tamamlayıcı cəhətlərindən biri kimi qiymətləndirilir. Dövlət idarəçiliyində sərt və prinsipial olan Heydər Əliyev ailə mühitində daha çox humanist, anlayışlı və dəstəkçi bir ata obrazı ilə seçilirdi. Ulu Öndərin bu qayğıkeş və tələbkar ata obrazı təkcə ümumi təsvirlərdə deyil, konkret həyat hadisələrində də özünü göstərirdi. Ata kimi göstərdiyi tələbkarlığın və diqqətin bir nümunəsini Prezident İlham Əliyevin orta məktəbdə biologiya müəllimi olmuş Emma Kazımova bir neçə il əvvəl belə nəql etmişdi: "Bir dəfə İlham dərsini yaxşı öyrənməmişdi. Mən bundan çox narazı qaldım. O zaman Heydər Əliyev Moskvada ittifaq əhəmiyyətli hansısa bir tədbirdə idi. Həmin gün axşam Moskvadan evə zəng vurub. Zərifə xanım ona bildirib ki, İlham dərsinə zəif hazırlaşıb. Atası oğlu ilə də danışıb və tapşırıb ki, dərslikdən əlavə "Böyük Uşaq Ensiklopediyası"nı tapıb oxusun, tapşırığı ətraflı öyrənsin. İlham elə də etmişdi. Növbəti dərsdə verdiyi cavab olduqca hərtərəfli, dolğun və mükəmməl idi. Ümumiyyətlə, Əliyevlər ailəsi təkcə övladlarına qarşı deyil, həm də məktəblə, müəllimlərlə davranışlarında çox həssas və diqqətli idilər".
Emma Kazımovanın xatırlatdığı bu hadisə Heydər Əliyevin valideynlik prinsipiallığını və övladlarının təlim-tərbiyəsinə göstərdiyi xüsusi diqqəti aydın şəkildə nümayiş etdirir. Evindən uzaqda - Moskvada dövlət işi ilə məşğul olduğu halda belə övladının dərs hazırlığı ilə maraqlanması onun ailə məsuliyyətini, övlad sevgisini heç vaxt arxa plana keçirmədiyinin göstəricisidir. İlham Əliyevin növbəti dərsdə verdiyi yüksəksəviyyəli cavab isə atasının qoyduğu tələbin tərbiyəvi gücünü və ailədə formalaşdırılan məsuliyyət mühitini təsdiqləyir. Ümumiyyətlə, müəllimin həmin xatirəsi Əliyevlər ailəsinin təhsil, müəllim hörməti və övlad tərbiyəsi kimi dəyərlərə nə qədər ciddi yanaşdığını bir daha önə çıxarır.
İlham Əliyevin siyasi arenada formalaşmasında və inkişafında Heydər Əliyevin verdiyi tövsiyələr, göstərdiyi dəstək və yaratdığı şərait mühüm rol oynayıb. Ulu Öndərin liderliyi yalnız dövlət səviyyəsində deyil, ailə daxilində də özünü göstərmiş, həm şəxsi, həm də ictimai həyatda aydın şəkildə ifadə olunmuşdur. Bu ata-oğul arasında siyasi varislik və dövlətin gələcəyi ilə bağlı qarşılıqlı hörmət, anlayış var idi. Bir-birinə olan münasibətləri ailənin və Azərbaycanın gələcəyini formalaşdıran əsas amillərdən sayılırdı. Bunu hər bir azərbaycanlı onların davranışlarında hiss edir, görür və təqdir edirdi. Ulu Öndər oğlunu yalnız şəxsiyyət olaraq deyil, həm də Azərbaycanın gələcək lideri kimi yetişdirib, onu milli məsuliyyətə yönləndirib. İlham Əliyevi Azərbaycana xidmət etməyə hazırlayaraq, çiyinlərinə çox böyük bir məsuliyyət yükləyib. Və nə yaxşı ki Prezident İlham Əliyev bu yükün ağırlığından qorxmayıb, atasının etimadını doğruldaraq, dövlətçilik ənənələrini davam etdirib, ölkənin inkişafı və müasirləşməsi istiqamətində ardıcıl siyasət yürüdüb.
Bu mənada Heydər Əliyev İlham Əliyev üçün təkcə ata yox, həm də siyasi mentor olmuşdur. Azərbaycanın gələcək liderinə dövlətçilik prinsipləri, idarəetmə mədəniyyəti və milli maraqlara xidmət kimi əsas dəyərləri ötürmək Heydər Əliyevin ən böyük məqsədlərindən idi. Ulu Öndər daim vurğulayırdı ki, dövləti idarə etmək yalnız siyasi bilik deyil, həm də məsuliyyət, uzaqgörənlik və xalqın etimadını qazanmaq bacarığı tələb edir. Ona görə də İlham Əliyevin siyasi təcrübə qazanması üçün geniş imkanlar yaratmış, onun beynəlxalq münasibətlər, iqtisadiyyat və dövlət strukturlarının iş prinsipləri barədə dərindən məlumatlanmasına xüsusi diqqət yetirmişdi. Bu proses təkcə ailə daxilində öyüd-nəsihət şəklində yox, həm də real siyasi mühitdə, praktiki fəaliyyət yolu ilə həyata keçirilirdi.
Beləliklə, Heydər Əliyevin İlham Əliyevə göstərdiyi siyasi rəhbərlik həm ata qayğısı, həm də dövlətçilik məsuliyyəti ilə sıx bağlı idi. O, övladının şəxsiyyət kimi formalaşmasını dəstəkləməklə yanaşı, Azərbaycanın gələcək inkişafına hazırlıqlı bir lider kimi yetişməsinə də töhfə vermişdi. Atasının siyasətini və dəyərlərini, eləcə də həyat fəlsəfəsini öyrənən İlham Əliyev 22 ildir onun dövlətçilik ənənələrindən yola çıxaraq ölkəni inkişaf etdirir. Heydər Əliyevin ata kimi verdiyi dəyərləri, öyrətdiyi azərbaycançılıq ideologiyasını və siyasətini dərindən mənimsəyərək, dinamik lider imici ilə öz liderlik yolunda inamla addımlayır. Prezidentin ən mühüm cəhətlərindən biri atasının siyasətini öz müstəqil siyasi baxışları ilə birləşdirməsidir. O həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə özünə aid bir liderlik üslubu yaradaraq, həm Heydər Əliyevin irsini yaşadır, həm də Azərbaycana başçılıq edir. Bu, onu yalnız bir siyasi varis olaraq deyil, həm də özünəməxsus və dinamik bir lider kimi təqdim edir.
Ulu Öndərin neft strategiyası, enerji siyasəti, milli təhlükəsizlik və regional diplomatiya sahəsindəki islahatları Azərbaycanın iqtisadiyyatını şaxələndirərək ölkəni uzunmüddətli inkişaf yoluna saldı. İlham Əliyev atasının qoyduğu irsin üzərində yüksələrək, Azərbaycanın qarşısında duran ən çətin məsələlərdən birinə - Qarabağ münaqişəsinə son nöqtəni qoydu. 2020-ci ildəki 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa, 2023-cü ilin sentyabrında isə ölkənin suverenliyini əldə etdi. Prezident İlham Əliyev beynəlxalq diplomatik müstəvidə də Qarabağın işğaldan azad edilməsi prosesində böyük bir strateji uğur qazandı. Bu proses həmçinin Azərbaycanın millət olaraq birlik və gücünü göstərdi.
Müstəqil Azərbaycan Heydər Əliyevin böyük arzularının və zəhmətinin bəhrəsidir, azad Qarabağ isə İlham Əliyevin iradəsinin və əzminin simvoludur. Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir. Heydər Əliyev müstəqil Azərbaycanın təməlini qoyaraq gələcəyə gedən yolu açdı. İlham Əliyev isə həmin təməl üzərində qətiyyətlə addımlayıb Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, ölkənin müstəqilliyini və gücünü möhkəmləndirdi. Beləliklə, ata-oğul liderlərin əməlləri Azərbaycanın suveren, azad və qüdrətli bir dövlət olmasının parlaq və əbədi nümunəsinə çevrildi.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"