Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində "Sən elə bir zirvəsən!" adlı fotosərgi keçirilib. Şəhər icra hakimiyyəti və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndərin abidəsinin ziyarəti ilə başlamışdır.
Tədbirdə çıxış edən ŞİH-in başçısı Taleh Qaraşov bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub: "Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb. 1990-cı illərin ağır, taleyüklü günlərində xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, sabitlik və inkişafın bünövrəsini qoyub. Bu gün iqtisadiyyatımızın, ordu qüdrətimizin, beynəlxalq nüfuzumuzun əsasını məhz onun uzaqgörən siyasəti formalaşdırıb".
T.Qaraşov qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan idi və bu gün əsası onun özü tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı, bu strategiyanın isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Heydər Əliyev ideyalarının əbədi yaşarlığının ən böyük sübutudur.
Milli Məclisin deputatı Fariz İsmayılzadə də çıxışında bildirib ki, Ulu Öndər Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir və onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, o cümlədən gənclərimiz üçün nümunədir. Sərginin təşkil olunmasında və arxiv materiallarının bir araya gətirilməsində əsas məqsədin lənkəranlı gəncləri Ümummilli Liderin Lənkərana olan səfərləri ilə tanış etmək, onlara yeni ilham və motivasiya vermək olduğunu deyən F.İsmayılzadə bildirib ki, nümayiş olunan hər bir foto Ulu Öndərin xalqa xidmət yolunu, onun prinsipiallığını, dövlətə bağlılığını və son nəfəsinə qədər Azərbaycan uğrunda çalışmasını əks etdirir.
Tədbirin bədii hissəsində şagirlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib. Sonra tədbir iştirakçıları Hacıağa Səlimovun lentə aldığı Ümummilli Lider Heydər Əliyevin Lənkərana səfərlərini özündə əks etdirən fotolardan ibarət sərgiylə tanış olublar.
Həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu" mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Seyran CAVADOV,
"Azərbaycan"