13 Oktyabr
İlham ƏLİYEV: "Bizi heç kim dayandıra bilməz"
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.
Oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.
Düşmənin 10 raket qurğusu, 2 zirehli texnikası, 3 PUA-sı məhv edilib
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
100-ə yaxın erməni hərbçisi pusquya salınıb
Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib.
1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi isə pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.
Erməni terrorçu, "Körpə" ləqəbli Mqer Arutyunyan məhv edilib
Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.
Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, "Körpə" ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib. Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunub. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb.
Tərtər və Ağcabədi atəşə tutulub, 100-dən çox ev dağıdılıb
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından etibarən Tərtər və Ağcabədi rayonlarının ərazisini yenidən atəşə tutub.
Sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralananlar var.
Ağcabədi rayonunun yaşayış məntəqələrində isə 11 ev tamamilə dağılıb, 150-yə yaxın evə, 1 uşaq bağçasına, 1 məscidə və 1 kitabxanaya ziyan dəyib.
İlham ƏLİYEV: "Terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz"
Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın humanitar atəşkəs rejimini pozmasının səbəblərini açıqlayıb.
Prezident deyib ki, ermənilər hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistanın terrorçu rəhbərliyi üçün adi bir haldır. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb: "Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər".
Gəncəyə, Tərtərə raket zərbələrinin endirilməsini Ermənistanın növbəti terror aktı adlandıran Prezident əminliklə vurğulayıb ki, bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşaraq öz torpaqlarını azad edəcək və bayrağını işğal edilmiş bütün ərazilərdə qaldıracaq.
Bu xain hücumlar zərrə qədər də bizi yolumuzdan döndərə bilməz. Ermənistanın məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr Azərbaycanı dayandıracaq: "Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik".
"Azərbaycan"