2003-cü ilin 15 oktyabrından etibarən ölkəmizdə demokratik,
hüquqi dövlət quruculuğu proseslərinin, sosial-iqtisadi inkişafın, ordu
quruculuğunun, həmçinin ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin
edilməsi istiqamətində aparılan ardıcıl fəaliyyətin növbəti mərhələsi Ulu Öndərin
siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyevin missiyası ilə bağlı
olmuşdur.
Onun rəhbərliyi ilə aparılan köklü dövlətçilik
islahatlarının birinci mərhələsi 18 mart 2009-cu ilədək (Konstitusiyaya əlavə və
dəyişikliklərlə bağlı referendum) davam etmiş, bu dövr əsasən demokratik
islahatların, dövlət quruculuğu proseslərinin davam etdirilməsi ilə səciyyələnmişdir.
Bu mərhələdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi, həmçinin
ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər keçid dövrünün 2009-cu ildə başa
çatdığını təsdiqləyən mühüm göstəricilər kimi qiymətləndirilə bilər.
2009-cu ildən etibarən cənab İlham Əliyevin prezidentliyi
hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsi mərhələsinə daxil oldu.
Bu dövr dövlət idarəetməsində institusional inkişaf, hüquqi mexanizmlərin təkmilləşdirilməsi
və idarəetmədə şəffaflığın artırılması ilə səciyyələndirilir. Həmçinin 21
fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
vəzifəsinə Mehriban Əliyevanın təyin olunması dövlət idarəçiliyində davamlılığı
və möhkəm strukturların formalaşmasını təmin edən strateji addımdır.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr hər cəhətdən
Azərbaycanın yüksəliş dövrüdür, bu intibah dövlət və vətəndaş birliyinin nəticəsi
kimi qiymətləndirilməlidir. Bu prosesin əsas dayağı ölkə rəhbərinin strateji və
yaradıcı vizyonu, eləcə də Azərbaycan vətəndaşlarının dövlət başçımızın
yürütdüyü siyasətə dəstəyi olmuşdur. Bu dövr eyni zamanda Azərbaycan siyasi-mədəni
həyatında xalq və hakimiyyət birliyinin yeni, daha məhsuldar epoxasının
başlanğıcını təşkil etmişdir.
Böyük dövlət xadimi İlham Əliyevin prezidentliyi Azərbaycanın
xarici siyasətində də yeni mərhələni təmsil edir. Bu mərhələ özündən əvvəlki
dövrün təməlləri üzərində qurulmuş və onları daha da dərinləşdirərək, xarici
siyasətin məzmun və əhatəliliyini genişləndirmişdir. 2003-cü ildən etibarən Azərbaycanın
xarici siyasətinin əsas məqsədləri dövlətin müasir, rəqabətədavamlı və dayanıqlı
iqtisadi-mədəni struktura malik ölkəyə çevrilməsindən, Ermənistanın hərbi təcavüzü
nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail
olunmasından, Azərbaycanın beynəlxalq enerji, nəqliyyat-kommunikasiya və
tranzit mərkəzlərindən birinə çevrilməsindən, vətəndaşların rifahının yüksəldilməsi
üçün əlverişli beynəlxalq şəraitin yaradılmasından ibarət olmuşdur.
Bu məqsədlərin həyata keçirilməsi üçün çevik,
tarazlaşdırılmış və səmərəli xarici siyasət xətti müəyyən edilmiş, Azərbaycan
Prezidentinin həyata keçirdiyi çoxsaylı xarici səfərləri, beynəlxalq
platformalarda fəal iştirakı, Azərbaycanın qəbul etdiyi beynəlxalq nümayəndə
heyətləri ölkənin xarici siyasətinin dinamikliyini və effektivliyini nümayiş
etdirmişdir.
Ötən onilliklər ərzində ölkəmizdə keçirilmiş ikitərəfli,
regional və beynəlxalq toplantılar, həmçinin Azərbaycan tərəfinin dövlətlərarası
ziddiyyətlərin həllində vasitəçilik fəaliyyəti ölkənin beynəlxalq mövqeyini
daha da möhkəmləndirmiş, qlobal səviyyədə rolunu artırmışdır. Bu dövr Azərbaycanın
diplomatik imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin dərinləşdirilməsi
baxımından son dərəcə strateji əhəmiyyət daşıyır.
Azərbaycanın bu mərhələdəki xarici siyasətində ölkəmizin BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi mühüm yer tutur. Azərbaycan
Respublikasının BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü 2012-ci il
yanvarın 1-dən 2013-cü il dekabrın 31-nə qədər davam etmiş, bu müddət ərzində
Azərbaycan dünya siyasətini müəyyən edən 15 dövlətdən birinə çevrilmiş, Azərbaycan
Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan Təhlükəsizlik Şurasının üzvü seçilən
ilk ölkə kimi diqqəti çəkmişdir.
Azərbaycan 2011-ci ilin mayından Qoşulmama Hərəkatının da
tamhüquqlu üzvü olmuş, 2019-2023-cü illərdə isə BMT-dən sonra dünyanın ən böyük
təşkilatı olan bu quruma uğurla sədrlik edərək Qoşulmama Hərəkatının
institusional inkişafına, qlobal güc mərkəzi kimi təsir imkanlarını artırmasına
misilsiz töhfələr vermişdir.
Bu illərdə Azərbaycanın xarici siyasət prioritetlərinin ən
mühümü, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq
normaları çərçivəsində həlli məsələləri ilə bağlı olmuş, güclü ordu
quruculuğuna paralel şəkildə ölkəmiz münaqişənin insan itkilərinə, yeni faciələrə
yol vermədən həlli üçün sülh prinsiplərinə sadiq qalmış, danışıqlar prosesi cənab
İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də səbir və təmkinlə davam
etdirilmişdir.
2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həllinə dair təkliflər paketi hazırlamış və bu sənəd
"Madrid prinsipləri" adı ilə tarixə düşmüşdür. Onun ilkin versiyası tərəflərə
təqdim edilmiş, 2009-cu ilin sonunda isə yenilənmiş variantı hazırlanaraq
müzakirəyə çıxarılmışdır. Hər iki sənəd münaqişənin mərhələli nizamlanmasını nəzərdə
tutur, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını, kommunikasiya xətlərinin
bərpasını və digər mühüm elementləri əhatə edirdi. Lakin Ermənistanın
destruktiv mövqeyi səbəbindən bu dəfə də gözlənilən nəticə əldə olunmamışdır.
Sonrakı mərhələdə keçirilən görüşlərdə dövlət başçıları
münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə dialoqun davam etdirilməsi barədə
razılığa gəlmiş, problemin humanitar aspektlərinə xüsusi diqqət yetirmişlər.
Bununla belə, danışıqların intensivləşməsi və prosesin Ermənistanın maraqlarına
uyğun inkişaf etməməsi fonunda qarşı tərəf hərbi təxribatlara əl ataraq siyasi
dialoqu pozmağa çalışmışdır. Xüsusilə Fransanın təşəbbüsü ilə 2014-cü il
oktyabrın 27-də keçirilmiş Paris görüşündən dərhal sonra Ermənistan Azərbaycanın
işğal olunmuş ərazilərində 40 min nəfərdən artıq şəxsi heyətin iştirakı ilə
genişmiqyaslı hərbi təlim keçirmiş, eyni zamanda Ermənistan silahlı qüvvələrinin
təmas xəttində hücum xarakterli uçuşlarla təxribat törətməsi danışıqlar
prosesinin intensivliyinin azalmasına səbəb olmuşdur. Bunun nəticəsində iki ölkə
prezidentləri arasında dialoq yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern
şəhərində bərpa edilmişdir.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə bağlı konkret
planların müzakirə edildiyi bir vaxtda Ermənistan silahlı qüvvələri yenidən təxribat
xarakterli addımlara əl atmışdır. Belə ki, aprelin 2-də qoşunların təmas xətti
boyunca əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, o cümlədən məktəblər, xəstəxanalar
və ibadət yerləri intensiv atəşə tutulmuşdur. Bu hücumlar nəticəsində uşaqlar
da daxil olmaqla 6 nəfər mülki şəxs həlak olmuş, 33 nəfər isə ağır
yaralanmışdır.
Ermənistan 2017-ci ildə də siyasi və hərbi təxribatlarını
davam etdirmiş, iyun və iyul aylarında, ATƏT-in Minsk qrupu həmsədrlərinin
münaqişənin həlli istiqamətində səylərini intensivləşdirdiyi və beynəlxalq
ictimaiyyətin substantiv danışıqlara dair çağırışlarının gücləndiyi bir şəraitdə,
Ermənistan tərəfi qoşunların təmas xətti boyunca vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə
cəhd göstərmişdir. Ermənistan silahlı birləşmələri ağır artilleriya vasitələrindən
istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki əhalinin
yaşadığı məntəqələri intensiv atəşə tutmuşdur.
Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş çoxsaylı sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan
mövqeyi dəstəklənmişdir. Bu sənədlər münaqişənin həllinin yalnız Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bir daha təsdiq etmişdir.
2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh
yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin
bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi.
Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq
taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II
Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq
planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın
verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri
Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində
işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və
Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna
qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma
Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər,
konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi
tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni
və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Tərəflər arasında
imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ
arasında əlaqəni Azərbaycan ərazisindən - Laçın üzərindən qurmalı idi. Ermənistan
və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə,
Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər
mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər.
Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist
bəyanatlarına ara vermirdilər.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi
rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan
silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan
çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə
davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün
vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi.
Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə
Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın tarixində
yalnız bir tarixin deyil, milli iradənin, dövlət müstəqilliyinin və ərazi
bütövlüyünün təntənəsinin ifadəsidir. Bu gün biz suverenliyimizin bərpasının
yaratdığı yeni reallıqları dəyərləndirməklə yanaşı, əldə olunan nailiyyətlərin
qorunmasının və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsinin məsuliyyətini
də dərk edirik.
Suverenlik yalnız dövlət sərhədlərinin toxunulmazlığı deyil.
O, xalqın öz taleyini müəyyən etmək hüququ, dövlətin öz qərarlarını sərbəst qəbul
etmək iradəsi və milli dəyərlər üzərində gələcəyini qurmaq əzmidir.
Arzu ABDULLAYEV,
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədr müavini