10 İyun 2026 08:07
219
SİYASƏT
A- A+
Yeni "orta güc" aktoru

Yeni "orta güc" aktoru


Çoxşaxəli geosiyasi kimlik: "orta güc" modeli kontekstində


Çoxşaxəli geosiyasi kimliyin "orta güc" nümunəsi kontekstində politoloji mənalandırılması Azərbaycan Prezidenti İlham Əliyevin müasir siyasətşünaslığa verdiyi qiymətli töhfələr sırasındadır. Bu tezisi daha dərindən dərk etmək üçün realpolitik nəzəriyyəsinin "atası", məşhur siyasətçi və dövlət xadimi Henri Kissincerin fikirlərinə diqqət yetirək. 2014-cü ildə nəşr edilən fundamental "Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə düşüncələr" adlı əsərində H.Kissincer siyasətdə idealizmlə realizmin sintezi məsələsini qoymuşdur. Onun mövqeyinə görə, beynəlxalq sabitlik iki faktorun qarşılıqlı əlaqəsində mümkündür - "qüvvələr balansı" ("Diplomatiya" əsərində onu dərindən araşdırmışdır) və bütün geosiyasi oyunçuların milli maraqlarının etiraf edilməsi.  H.Kissincerə görə, realizm o deməkdir ki, mərkəzində qüvvələrin balansı dayanır.

Əslində, çağdaş şərtlər daxilində geniş anlamda qüvvələrin balansının təmin edilməsi həm də hər bir geosiyasi oyunçunun milli maraqlarını qlobal kontekstdə nəzərə almağı ehtiva edir. İdealizm isə özündə beynəlxalq hüququn aliliyini, əxlaqı, mənəvi dəyərləri birləşdirir.

Deməli, praktikada bu nəzəri sistemin tətbiqi dövlətin maraqlarını təmin etməklə yanaşı, beynəlxalq qaydaları yerinə yetirməyi də vacib bilir. Bu isə siyasi peşəkarlıq və liderlik məharəti ilə sıx bağlıdır. Ancaq H.Kissincer burada başqa bir özəlliyi vurğulayır. O, realizmlə idealizmin praktiki sintezində hər bir dövlətin milli dövlətçilik və liderlik ənənələrinin xüsusiyyətlərinin əhəmiyyətli rol oynadığını ifadə edir. "Dəmir kansler" ləqəbli Otto Fon Bismarkın nümunəsində H.Kissincer yazır ki, Almaniyanın qitədə yeni geosiyasi balans yaratması üçün "Bismark kimi dahi tələb olunurdu" ki, qüvvələr arasında bərabərlik mövcud olsun. Bunun üçün də nadir liderlik keyfiyyətləri gərək idi. Çünki bütün variantlarda mümkün münaqişələri aradan qaldırmaq lazım idi.

H.Kissincer bütün tarixi dönəmlərdə Almaniyanın təhlükəsizliyinin təmin olunmasının dahi liderlərdən asılı olduğunu vurğulayır. Və xüsusi qeyd edir ki, bu, Almaniya qarşısında heç bir cəmiyyətin qarşılaşmadığı yeni vəzifələr qoyur.


Yeni balans


Buradan Azərbaycanın çoxşaxəli geosiyasi kimliklə dövlət olaraq "orta güc" statusu arasında yeni balans yaratmaq kimi mühüm vəzifə yerinə yetirməli olduğu qənaəti formalaşır. Bununla Azərbaycan Prezidenti qüvvələrin balansını böyük ustalıqla iki aspektin sintezi kimi gündəmə gətirir: bir tərəfdən, geosiyasi kimliyin "orta güc" kontekstində balanslaşdırıcı rol oynamasının təmini, digər tərəfdən isə dövlətin "orta güc" statusunda qlobal geosiyasi proseslərdə balanslaşdırıcı rol oynaması. Bunu şərti olaraq "yeni balans nümunəsi" adlandıra bilərik. Eyni zamanda onun praktiki vacibliyi çox əhəmiyyətlidir. Yəni Azərbaycan lideri siyasi-diplomatik fəaliyyəti ilə balanslaşmanın hər iki aspektinin səmərəli sintezini təmin etmişdir.

Bu məqamda H.Kissincerin siyasi dahiliklə bağlı yuxarıdakı qiymətləndirməsi fonunda Azərbaycana İlham Əliyev nümunəsində tarixin, sözün həqiqi mənasında, Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi dahi lider bəxş etdiyini deyə bilərik. Hazırda bu məqamın tam olaraq özünü təsdiq etdiyi müşahidə olunur. Yəni Azərbaycan "orta güc" kimi qarşısına qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlir. Bu kontekstdə "çoxşaxəli geosiyasi kimlik" məsələsinin geniş izahına ehtiyac vardır.

Artıq vurğuladığımız kimi, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir. Azərbaycan Cənubi Qafqazın bir hissəsidir, eyni zamanda Mərkəzi Asiya ilə etnik, tarixi və mədəni bağlılıqları var. Deməli, Azərbaycanın Cənubi Qafqazın bir hissəsi olması ilə Mərkəzi Asiya ilə etnik, tarixi və mədəni bağlılıqların sintezi ölkənin geosiyasi identikliyinin bir istiqamətini təşkil edir. Bu, Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində yeni geosiyasi əməkdaşlıq platformasına proyeksiya olunur ki, nəticə etibarilə yeni bir geosiyasi identiklik gündəmə gəlmiş olur. Məsələ həm də Azərbaycanın Türkiyə ilə "bir millət, iki dövlət" formulu əsasında özünəməxsus geosiyasi kimliyə malik olması ilə bağlıdır.

Bu o deməkdir ki, TDT kontekstində Azərbaycan coğrafi-siyasi, demoqrafik, milli-etnik, mədəni, tarixi identiklikləri vahid semantik müstəviyə uğurla proyeksiya edə bilmişdir. Həmin məqam geosiyasi perspektiv baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Lakin çoxşaxəli geosiyasi kimlik məsələsi bunlarla da məhdudlaşmır.

Azərbaycan Yaxın Şərq istiqamətində də fəallıq göstərir. Faktiki olaraq geosiyasi kimlik məsələsində Yaxın Şərq istiqaməti də ciddi rol oynamağa başlamışdır.

Beləliklə, çoxşaxəli geosiyasi kimlik məsələsi Azərbaycanın "orta güc" modelinin təməlində duran konseptual faktordur. Hazırda Azərbaycanın xarici siyasətinin mahiyyəti və funksiyasında o, regionlararası və qlobal mühitə proyeksiya prosesində aparıcı rol oynayır. Məsələnin bu tərəfi üzərində bir qədər detallı şəkildə dayanmağa çalışaq.


Azərbaycanın "orta güc" statusu: siyasət və diplomatiya


Hələ XVI əsrdə Covanni Botero "orta güc dövləti" anlayışını belə izah edirdi: "orta güc dövləti" elə bir dövlətdir ki, başqalarının yardımı olmadan müstəqil mövcudluğunu  saxlayan güc və nüfuz sahibidir. Ekspertlər bu təsnifi müasir mərhələdə hər bir dövlətin dünya siyasətinə münasibəti kontekstində izah edirlər. Haqlıdırlar, çünki çağdaş dünyada "orta güc"ün anlamında dövlətin qlobal siyasətə münasibəti çox ciddi yer tutur. Azərbaycan bu mənada böyük təsiretmə imkanına malik dövlət kimi yeni "orta güc" fenomenidir.

Digər ekspertlər də "orta güc" kontekstində dünya siyasətinə münasibət məsələsinə böyük önəm verirlər. Onlar vurğulayırlar: "Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu təkcə onların coğrafi miqyası və ya hərbi gücü ilə deyil, qlobal proseslərə təsir göstərmək və sivilizasiyalararası dialoqda oynadığı vasitəçilik rolu ilə ölçülür. Bu gün Azərbaycan öz iqtisadi, diplomatik, hərbi və mədəni resurslarını maksimum dərəcədə səfərbər edərək Cənubi Qafqazın həlledici gücünə, Avrasiya coğrafiyasının yeni və nüfuzlu "orta güc"ünə çevrilib".

Azərbaycan Prezidenti ölkənin xarici siyasət kursuna elə məzmun vermiş və reallaşma mexanizmləri yaratmışdır ki, nəticə etibarilə dövlətimiz bütün dünyada böyük təsirə və nüfuza malik olmuşdur. Azərbaycan bu anlamda bir çox beynəlxalq və regional təşkilatda son dərəcə əhəmiyyətli rol oynayır. Bu zaman Azərbaycan "öz iqtisadi, diplomatik, hərbi və mədəni resurslarını maksimum dərəcədə səfərbər edir".

Buna görə də ekspertlər haqlıdırlar: "Azərbaycan orta ölçülü bir dövlətin coğrafi imkanlarından istifadə etməklə, strateji infrastruktur yaratmaqla, konstruktiv istehsalçı-istehlakçı dialoqunu qorumaqla, tərəfdaşlıqları şaxələndirməklə və davamlı inkişafa ardıcıl sərmayə qoymaqla mürəkkəb geosiyasi mühitdə necə məharətli siyasət ortaya qoya biləcəyini nümayiş etdirir".

Vurğulanan faktorlar Azərbaycan liderinin siyasi-diplomatik fəaliyyətinin əsas aspektlərini ifadə edir. Onlar aşağıdakılardır: strateji infrastruktur yaratmaq, konstruktiv istehsalçı-istehlakçı dialoqunu qorumaq, tərəfdaşlıqları şaxələndirmək və davamlı inkişafa ardıcıl sərmayə qoymaq. Bu parametrlər müasir dövrdə hər bir müstəqil dövlət üçün çox vacibdir. Onların "orta güc dövləti" statusuna proyeksiyası isə daha geniş anlamda siyasi-diplomatik məharət tələb edir. Nümunə kimi "orta güc"ün regionlararası və qlobal miqyaslarda özəlliklərinə aid olan geosiyasi şərtləri vurğulaya bilərik. Məsələn, Azərbaycan "...müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan, tərəfdaşları ilə birlikdə qitənin enerji və logistika xəritəsini yenidən formalaşdıran bir dövlətdir. Eyni zamanda Azərbaycanın COP29 və WUF13 kimi irimiqyaslı mötəbər qlobal sammitlərə uğurla evsahibliyi etməsi rəsmi Bakının beynəlxalq problemlərin həllində çəkisini və dünya birliyindəki ali yüksək nüfuzunu bariz şəkildə nümayiş etdirir".

Azərbaycan Avrasiyanın "enerji və logistika xəritəsini yenidən formalaşdıran dövlət" olmaqla yanaşı, "COP29 və WUF13 kimi irimiqyaslı mötəbər qlobal sammitlərə" də uğurla evsahibliyi edib. Bu məqam yeni növ "orta güc" olmanın başlıca xüsusiyyətlərtindən birini əks etdirir. Çünki diplomatiya, geosiyasət, enerji təhlükəsizliyi, beynəlxalq miqyaslı tədbirlərin təşkili kontekstində uğurlu siyasətin parametri kimi çıxış edir. Dövlət məhz "orta güc" olmalıdır ki, bu cür mürəkkəb siyasi-diplomatik situasiyada və ziddiyyətli geosiyasi vəziyyətdə təsirini və nüfuzunu artırsın.

Beləliklə, Azərbaycanın "orta güc" statusu müasir mərhələdə uğurlu siyasətlə yüksək diplomatik məharətin vəhdətində formalaşmışdır. Bu, ölkənin yüksək maddi, mənəvi, iqtisadi, enerji potensialına sahib olması ilə yanaşı, dövrün qlobal geosiyasi dinamikasının nəbzini düzgün tutmağa qadir liderə də malik olduğunu göstərir.


"Orta güc" və böyük strategiya


Mütəxəssislər "orta güc"ün böyük strategiyası ola bilərmi?" sualı ərtafında müzakirələr aparırlar. Əslində, semantik olaraq da maraqlıdır ki, "orta güc" hansı anlamda "böyük strategiya" yarada bilər ki, konseptuallığı ilə yanaşı, praktiki səmərəsi də olsun. Yuxarıda vurğuladığımız birinci mövqenin tərəfdarları çoxdur. Onların arqumentlərini türkiyəli professor Nurşin Atəşoğlu aşağıdakı kimi ifadə edir: "Hazırda beynəlxalq münasibətlər camiəsində "orta güc"ün nədən ibarət olduğuna dair geniş qəbul edilmiş bir tərif yoxdur. Lakin "orta güclər" anlayışını təyin etmək üçün edilən çoxsaylı cəhdlər çox vaxt onların mahiyyətinin birtərəfli təhlilinə yönəlmişdir. Bu perspektivə görə, "orta güclər" böyük güclər deyillər və böyük güclər kimi böyük strategiya hazırlaya bilməzlər".

N.Atəşoğlunun qənaətinə görə, tədqiqatçılar "orta güc"ü xarakterizə edən xüsusiyyətləri müəyyən etmək əvəzinə onun hansı xüsusiyyətlərə malik olmadığını qabardırlar. Başqa sözlə, mütəxəssislər əsas diqqəti "orta güc" fövqəlgüc deyildir" tezisinə yönəldirlər və bu əsasda fövqəlgücün malik olduğu böyük strategiyanın "orta güc"ə aid ola bilməyəcəyini deyirlər. Ancaq N.Atəşoğlu da daxil olmaqla bir sıra ekspertlər fərqli fikir ifadə edirlər. N.Atəşoğlu London Kral Kollecinin professoru Ramon Pacheco Pardonun fikirlərinə əsaslanaraq "orta güc" anlayışına belə tərif verir: "Orta güc" effektiv böyük strategiyanın formalaşdırılması, təhlükəsizlik kimi əsas siyasi məqsədlər müəyyən etməklə və bu məqsədlərə çatmaq üçün bütün zəruri resursları ayırmaqla dövlətin vasitələri ilə məqsədləri arasında tarazlığın yaradılması deməkdir".

Bu tərif R.P.Pardonun "orta güc" üçün müəyyən etdiyi aşağıdakı müddəaların (şərtlərin, keyfiyyətlərin) konseptuallaşmasıdır. Hazırda geosiyasətdə R.P.Pardonun "orta güclü böyük strategiya modeli" termini işlədilir. Onun başlıca elementləri aşağıdakılardır. Birincisi, "orta güclər"in böyük strategiya hazırlamasının ilk şərti bu cür dövlətlərin təsirli olacağı coğrafi əhatə dairəsinin əsasən regional xarakterli olmasıdır". Bundan başqa, "orta güclər" böyük güc fəallığının yaratdığı bəzi vəziyyətlərə reaksiya verərlər və buna görə də belə vəziyyətlərdə "orta güclər" də qlobal arenada rol oynaya bilərlər". İkincisi, "orta güc" ölkəsinin böyük strategiyasının zaman baxımından əhatə dairəsi uzunmüddətli olmalı, onillikləri əhatə etməlidir". Üçüncüsü, "orta güc"lü böyük strategiya modelində ən yüksək siyasi məqsədlər mövcud olmalıdır və bu kontekstdə (i) təhlükəsizlik, (ii) rifah və (iii) statusa nail olmaq bu ölkələr üçün əsas fundamental meyarlar arasında olmalıdır". Dördüncüsü, "orta güclər" böyük strategiyaların həyata keçirilməsində həmişə yumşaq güc və kiberalətlərdən də istifadə etməlidirlər".

R.P.Pardonun bu şərtləri kontekstində Azərbaycanın "orta güc" modelinin regionlararası və qlobal miqyaslarda bir sıra xüsusiyyətlərinə nəzər salmaq maraqlıdır.


Beynəlxalq legitimlik


Azərbaycanın "orta güc" kimi beynəlxalq miqyasda qəbul edilməsini konkret faktlar təsdiqləyir. Bu sırada Bakının müxtəlif beynəlxalq və regional təşkilatlarda irəli sürdüyü təşəbbüslərin əksəriyyət dövlətlər tərəfindən dəstəklənməsi xüsusi vurğulanmalıdır. Azərbaycan koronavirus pandemiyası dövründə BMT-də təşəbbüslə çıxış etdi və o müzakirə edildi. Xüsusi təşkil edilən tədbir çərçivəsində pandemiya ilə yanaşı, müstəmləkəçilik və ksenofobiya ilə mübarizə məsələsi də ciddi müzakirə edildi.

Vurğulanan faktorların hər biri qlobal dünya nizamına və sülhə xidmət edən məsələlərlə sıx bağlıdır. Bütün bunlara görə də ekspertlərin aşağıdakı qiymətləndirməsi tamamilə doğrudur: "Azərbaycan beynəlxalq münasibətlər sistemində Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi balanslaşdırılmış siyasəti nəticəsində "orta güc" mərkəzlərindən birinə çevrilib. Dünyada sözünün çəkisi olan, mövqeyi qəbul edilən rəsmi Bakı qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Buna misal olaraq qeyd edə bilərik ki, beynəlxalq münasibətlərdə təsir imkanları minimuma enmiş Qoşulmama Hərəkatına (QH) sədrlik Azərbaycana keçdikdən sonra dünyanın 120 ölkəsinin üzv olduğu, bundan əlavə 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu təşkilat sanki... yenidən doğuldu".

Azərbaycanın "orta güc" olaraq fəaliyyətində regionlararası miqyasda digər "orta güclər"lə strateji xarakterli koordinasiyada olması da diqqət çəkir. Bunun nümunəsi qismində Qazaxıstanı göstərə bilərik. Belə ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı çoxşaxəlidir. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana və Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev Azərbaycana çoxsaylı səfərlər etmişlər. Burada "orta güc" olaraq iki qardaş dövlətin koordinasiyalı fəaliyyətinə dair müəyyən ümumi qeydlər edə bilərik.

Qazaxıstanlı alim Erbulat Seylexanov yazır ki, son illər geniş yayılmış C5+1 formatı daxilində Qazaxıstan regionun kollektiv geosiyasi aktor olmasında fəallıq göstərir. Eyni zamanda Qazaxıstanın TDT-nin "əhəmiyyətli regional mərkəzə çevrilməsi" üçün fəallıq göstərdiyi vurğulanır.

Yeri gəlmişkən, Qazaxıstan Prezidenti K.Æ.Tokayev dünyanın gələcək düzəninin qurulması prosesini nəzərdə tutaraq "orta güc" dövlətlərinin bu prosesdə vacib rol oynadıqlarını qeyd etmişdir.

Vurğulanan məsələlər üzrə Azərbaycan və Qazaxıstanın "orta güc" statusunda əməkdaşlığı yüksək səviyyədədir. Buraya həm bütövlükdə məhəlli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həm də ticarət, iqtisadiyyat, nəqliyyat-logistika, regional bağlantılar və enerji sferasının çoxşaxəli istiqamətləri üzrə əlaqələr daxildir.

Bunlar onu göstərir ki, Azərbaycan "orta güc" kimi regionlararası miqyasda digər "orta güc"lərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri şəbəkəsini qura bilmişdir. Bizcə, bu məqam ölkənin "orta güc" perspektivinin mühüm cəhətlərindən birini ifadə edir.

Beləliklə, Azərbaycanın "orta güc" statusu milli, regional, regionlararası və qlobal miqyaslarda strateji dəyəri olan faktorları özündə ehtiva edir. Onlar müstəqil dövlətçiliyin identikliyini nəzərə almaq şərtilə inklüzivliyi və legitimliyi təmin edir. Azərbaycanın "orta güc" modelinin ümumi xarakteristikasını və potensialını Prezident İlham Əliyev dəqiq ifadə etmişdir. Burada müasir qlobal geosiyasət üçün vacib olan faktorlar ciddi surətdə nəzərə alınır. Onların sırasında rəqəmsallaşma, süni intellekt, bərpaolunan enerji, "yaşıl keçid" və kommunikasiyaların işləməsi kimi faktorlar xüsusi yer tutur.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!