İyunun 8-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin və Türkiyə xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşü keçirilib. Xarici işlər nazirlərinin bu görüşü regionun gələcək mənzərəsini və inkişaf strategiyasını müəyyən edən çox mühüm hadisədir.
Qlobal miqyasda geosiyasi böhranların yaşandığı, logistik xətlərin təzyiqlərə məruz qaldığı və iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Bakı, Tbilisi və Ankara oxunda əlaqələrin daha da dərinləşməsi böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, bu üçtərəfli format, sadəcə, növbəti diplomatik təmas deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin, etibarlı tərəfdaşlığın və təhlükəsizliyin əsas təminatçısıdır: "Üç qonşu ölkə arasında əlaqələrin bu cür yüksələn xətlə inkişafı fonunda əldə olunan ortaq platforma regional iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu sıx əməkdaşlığın ən böyük praktik nəticələri özünü strateji layihələrdə və enerji təhlükəsizliyi sahəsində göstərir. Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi" kimi qlobal layihələrlə Avropanın enerji xəritəsini dəyişən bu ittifaq mövcud əlaqələri yeni bir mərhələyə daşıyır. Azərbaycanın öz təbii qazını artıq 16 ölkəyə ixrac etdiyi indiki şəraitdə Gürcüstanla qaz alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, həmçinin SOCAR və BOTAŞ arasında "Abşeron" yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilən yeni razılaşma regional və qlobal enerji təhlükəsizliyinə növbəti böyük töhfədir".
Deputat diqqətə çatdırıb ki, enerji sektoru ilə yanaşı, nəqliyyat və kommunikasiya xətlərinin genişləndirilməsi də bu üçtərəfli tərəfdaşlığın prioritet istiqamətlərindəndir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin inkişafında hər üç dövlət əvəzolunmaz magistral rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin uğurla başa çatdırılması və sərnişin reyslərinin bərpa olunması regional mobilliyi maksimum dərəcədə artıracaq. Eyni zamanda TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, təhlükəsiz bağlantının təmin edilməsi həm iqtisadi sıçrayış yaradacaq, həm də dövlətlərarası etimadı və inteqrasiyanı xeyli gücləndirəcək.
K.Bayramov vurğulayıb ki, xarici işlər nazirlərinin İstanbul görüşündə xüsusi diqqət yetirilən ən mühüm istiqamətlərdən biri də regional təhlükəsizliyin əsas şərti olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi olub: "Üçtərəfli platformada rəsmi Bakının postmünaqişə dövründə irəli sürdüyü sülh quruculuğu təşəbbüslərinin və həyata keçirdiyi etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə verdiyi mühüm töhfələr yüksək qiymətləndirilib. Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün atdığı addımların, konstruktiv mövqeyinin və sülh müqaviləsi layihəsi üzərində apardığı aktiv işin regionun gələcək inkişafı üçün tarixi bir fürsət yaratdığı diqqətə çatdırılıb. Bununla yanaşı, əldə olunmuş bu unikal tarixi imkanı qalıcı və dayanıqlı sülhə çevirmək üçün qətiyyətli addımların atılmasının vacibliyi bir daha bəyan edilib. Görüşdə vurğulanıb ki, iki ölkə arasında münasibətlərin tam normallaşmasına və yekun sülh sənədinin imzalanmasına mane olan fundamental, açıq qalmış məsələlər mütləq şəkildə həllini tapmalıdır. Xüsusilə Ermənistanın daxili qanunvericiliyində, o cümlədən konstitusiyasında Azərbaycana qarşı hələ də qalan hüquqi-siyasi ərazi iddialarının tamamilə aradan qaldırılması sülh prosesinin uğurla tamamlanması üçün qaçılmaz şərtdir. Bakı-Tbilisi-Ankara ittifaqı Cənubi Qafqazın dinc və təhlükəsiz gələcəyini dəstəkləyir, lakin qonşuluq münasibətlərinin beynəlxalq hüququn norma və prinsipləri, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurulması üçün İrəvanın da üzərinə düşən məsuliyyəti tam yerinə yetirməsi tələb olunur".
Deputat əlavə edib ki, görüşün yekununda imzalanan tarixi İstanbul Bəyannaməsi tərəflərin təkcə iqtisadi və logistik sahədə deyil, həm də terrorizm, mütəşəkkil cinayətkarlıq, kiber təhdidlər və iqlim dəyişikliyi kimi qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdiyini təsdiqləyir. Azərbaycanın Türkiyənin COP31 evsahibliyinə verdiyi tam dəstək də bu sarsılmaz qardaşlıq və strateji müttəfiqliyin bariz nümunəsidir. Yaxın Şərqdə gərginliyin artdığı indiki həssas dövrdə Bakı-Tbilisi-Ankara formatı beynəlxalq hüquqa söykənən sabitlik vahididir və bu əlaqələrin daha da inkişafı region əhalisinin rifahını sığortalamaqda davam edəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"