Səbəb V.Putinin Kuril adalarına səfəridir
Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya sərt etirazını bildirib. Bu barədə xarici işlər naziri Toşimitsu Motegi açıqlama verib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin İturup Kuril adasına səfər edib. Bu, RF liderinin Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın mübahisə etdiyi Hokkaydo sahillərindəki adalar şəbəkəsinə ilk səfəri idi. Rusiya mediası xəbər verir ki, Putin digər tədbirlərlə yanaşı, balıq emalı zavoduna baş çəkib. O, Kuril adalarına Rusiya dəniz təlimlərinin keçirildiyi Saxalin səfərindən sonra gəlib. Putin Saxalində "Rusiyanın şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı" müşavirə də keçirib.
Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Moskva ilə münasibətləri daha da pisləşən Tokio səfərə qəti etirazını bildirib. Yaponiya xarici işlər naziri Toşimitsu Motegi bəyan edib ki, "İturup da daxil olmaqla dörd şimal adası həm tarixi, həm də beynəlxalq hüquqa görə Yaponiyanın ərazisidir".
Tokio israr edir ki, bu adalar zənciri - İturup, Kunaşir, Şikotan və Habomai qrupu - İkinci Dünya Müharibəsində Yaponiyanın təslim olmasından qısa müddət sonra Sovet İttifaqı tərəfindən qanunsuz olaraq ələ keçirilib. Onları Cənubi Kuril adaları adlandıran Rusiya isə bunun qanuni olduğunu iddia edir.
Adalarda sərt iqlim şəraitində təxminən 20 min nəfər yaşayır. 1945-ci ildə adaları işğal etdikdən sonra Moskva orada yaşayan yapon əhalisini - təxminən 17 min nəfəri deportasiya edib. Ərazidə qızıl və gümüş də daxil olmaqla mineral yataqları var.
1956-cı ildə Sovet İttifaqı Yaponiya ilə sülh bəyannaməsi imzalayaraq sülh müqaviləsi bağlandıqdan sonra Şikotan və Habomai adalarını geri qaytarmağı vəd edib. Daha sonra Yaponiya hakimiyyəti bütün adaların qaytarılmasını tələb etməyə başlayıb və bu səbəbdən sülh müqaviləsi indiyədək imzalanmayıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra danışıqlar bərpa edilib, lakin irəliləyiş əldə olunmayıb və adalar Rusiyanın nəzarəti altında qalıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"