Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlər təkcə muxtar respublikada həyata keçirilən layihələrin təqdimatı deyil, həm də Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında, Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi reallıqlarında yerini göstərən konseptual baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Bu yanaşma Naxçıvanın ayrı-ayrı layihələr deyil, vahid və uzunmüddətli dövlət strategiyası əsasında inkişaf etdirildiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Prezidentin müsahibəsində təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması kimi istiqamətlərin kompleks şəkildə təqdim olunduğunu deyən deputat vurğulayıb ki, bu yanaşma Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılmasına və regional əhəmiyyətinin artırılmasına xidmət edir. Həyata keçirilən enerji layihələri Naxçıvanın gələcəkdə yaşıl enerji istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal müəssisələrinin formalaşması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və yerli iqtisadi potensialın daha səmərəli istifadəsi baxımından mühüm imkanlar açır. Bu proses Naxçıvan iqtisadiyyatının ənənəvi sahələrdən daha yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidini sürətləndirə bilər. Sənaye parkının enerji layihələri ilə əlaqələndirilməsi ayrıca strateji üstünlük yaradır. Naxçıvanın gələcəyini müəyyən edən mühüm istiqamətlərdən biri isə nəqliyyat bağlantılarının genişləndirilməsidir. Bu məsələnin mərkəzində Zəngəzur dəhlizi dayanır. Prezident İlham Əliyevin müsahibəsində dəhlizin tarixçəsi ilə bağlı verdiyi izah Azərbaycanın bu layihəyə strateji yanaşmasının mahiyyətini ortaya qoyur. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması uzun illər ərzində ölkənin əsas geosiyasi və iqtisadi prioritetlərindən biri olub.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri Zəngəzur dəhlizi və regional nəqliyyat kommunikasiyalarının inkişafıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılması istiqamətində Azərbaycan ardıcıl mövqe nümayiş etdirib, Vaşinqton razılaşmaları və TRIPP layihəsi isə bu prosesə yeni dinamika qazandırıb. Azərbaycan Zəngəzur dəhlizini təkcə avtomobil və dəmir yolu xətti kimi deyil, enerji, elektrik və rəqəmsal kommunikasiya infrastrukturunu özündə birləşdirən çoxşaxəli regional layihə kimi nəzərdən keçirir. Naxçıvan dəmir yolunun yenidən qurulması və onun Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə inteqrasiyası muxtar respublikanın Avrasiya logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Mehriban Vəliyeva vurğulayıb ki, Prezidentin müsahibəsində milli kimlik, tarix, dil, ədəbiyyat və mədəniyyət məsələlərinə xüsusi yer ayırması da təsadüfi deyil. Dövlətçilik yalnız iqtisadi və hərbi güclə ölçülmür. Milli-mədəni irsin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi də dövlət siyasətinin mühüm istiqamətidir. Naxçıvanın qədim dövlətçilik və memarlıq tarixindəki rolu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixində müstəsna siyasi məktəbin formalaşdığı məkandır. Prezidentin İlham Əliyevin müsahibəsində Naxçıvanın Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulaması bu tarixi irsin müasir dövlətçilik konsepsiyası ilə əlaqəsini bir daha göstərir.
“Dövlətimizin başçısının müsahibəsində ifadə etdiyi kimi, Naxçıvanın gələcəyi böyük planlarla müəyyənləşir. Bu planların mahiyyətində təhlükəsiz, dayanıqlı, müasir, iqtisadi cəhətdən güclü və regional kommunikasiyalara inteqrasiya olunmuş Naxçıvan modeli dayanır. Belə bir model yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafına deyil, Azərbaycanın bütövlükdə Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında artan strateji roluna xidmət edəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.