Türkiyədəki diaspor nümayəndələrimizin fəaliyyəti çox yüksək və qürurvericidir. Diasporumuz “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, sadəcə, icma olaraq fəaliyyət göstərmir, eyni zamanda, iki qardaş ölkə arasında strateji və mənəvi körpü rolunu oynayır. Xüsusilə, son illərdə həm təşkilatlanma, həm də cəmiyyətə inteqrasiya baxımından çox ciddi irəliləyişlər əldə etmişik. Nümayəndələrimiz hər sahədə – təhsildə, səhiyyədə, iş dünyasında və mədəniyyətdə Azərbaycanı layiqincə təmsil edirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan səsləndirib. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycanın Türkiyədəki diaspor nümayəndələri hansı istiqamətdə daha fəaldırlar?
- Diasporumuz bir neçə mühüm istiqamətdə xüsusi fəallıq göstərir. Birincisi, mədəni irsimizin – dilimizin, tariximizin və adətlərimizin qorunub saxlanılması və Türkiyə cəmiyyətinə daha yaxından tanıdılmasıdır. İkincisi, akademik və elmi sahədir - azərbaycanlı tələbə və ziyalılarımız universitetlərdə, tədqiqat mərkəzlərində fəal iştirak edirlər. Üçüncüsü isə, ictimai-siyasi məlumatlandırmadır. Azərbaycanın haqq səsinin, ölkəmizin reallıqlarının həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında diasporumuz olduqca dinamik və sistemli işləyir.
- Türkiyədə neçə Azərbaycan dərnəyi fəaliyyət göstərir və onların missiyaları əsasən hansı sahələri əhatə edir?
- Hazırda TADEF çətiri altında 24 fəal dərnək fəaliyyət göstərir. Bu dərnəklər əsasən soydaşlarımızın daha kompakt yaşadığı və fəaliyyət göstərdiyi böyük şəhərlərdə – İstanbul, Ankara, İzmir, Ədirnə, Qars və İğdır kimi bölgələrdə cəmləşib. Missiyamıza gəldikdə, dərnəklərimiz azərbaycanlıların hüquqlarının qorunması, sosial həmrəyliyin təmin edilməsi və yerli qurumlarla ortaq layihələrin həyata keçirilməsi istiqamətlərində çalışır. Əsas məqsədimiz soydaşlarımızın Türkiyə ictimaiyyətinə sağlam inteqrasiyasını təmin etməklə yanaşı, öz milli kimliklərini də yaşatmalarıdır.
- Türkiyədə olan Azərbaycanın fəal gəncləri federasiya ilə nə qədər əlaqəlidirlər və əsasən, hansı istiqamətlərə üstünlük verirlər?
- Gənclərimiz bizim ən böyük gücümüz və gələcəyimizdir. Biz TADEF olaraq gənclərlə çox fəal çalışırıq. Onlar federasiya ilə sıx əlaqədədirlər və birlikdə bir çox mühüm tədbirlər keçiririk. Məsələn, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz və Ramazan bayramları kimi günlərdə xüsusi toplantılarımız olur. Bundan əlavə, gənclərimizin birliyi və asudə vaxtlarının dəyərləndirilməsi üçün müxtəlif idman yarışları, xüsusilə də “Heydər Əliyev Kuboku” futbol turnirləri, şahmat yarışları təşkil edirik. Onlar müasir dövrün tələblərinə uyğun şəkildə daha çox sosial layihələrdə, rəqəmsal platformalarda və təşkilati işlərdə fəal olmağa üstünlük verirlər.
- TADEF Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə hansı formada dəstək göstərir?
- Tələbələrimiz üçün ilk növbədə hüquqi və inzibati məsələlərin həllində istiqamətverici rol oynayırıq. Eyni zamanda, tələbələrimizin bir araya gəlməsi üçün şəbəkələşmə tədbirləri təşkil edir, gənc mütəxəssislərimizin təcrübə mübadiləsi aparması üçün mühit yaradırıq.
- TADEF-in hazırkı planları və gözlənilən tədbirlər barədə məlumat verərdiniz...
- Mövcud dərnəklərimizin fəaliyyətini daha da koordinasiyalı şəkildə inkişaf etdirmək və təsir dairəmizi genişləndirmək planlarımıza daxildir. Yaxın gələcəkdə gənclər üçün liderlik proqramlarının, fərqli bölgələrdə Azərbaycan mədəniyyət günlərinin və tələbələr üçün xüsusi inkişaf layihələrinin keçirilməsini planlaşdırırıq. Həmçinin Türkiyədəki digər vətəndaş cəmiyyəti institutları ilə ortaq layihələrimizin sayını artırmağı hədəfləyirik. Məsələn, bu il sentyabrın 25-də Ədirnə şəhərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Trakya Universitetinin ev sahibliyi ilə 27 Sentyabr-Anım Günü ilə əlaqədar simpozium və rəsm sərgisinin keçirilməsi planlaşdırılır. Həmçinin dekabr ayında Türkiyədə çalışan və təhsil alan azərbaycanlı həkimlərin forumunun təşkili nəzərdə tutulur. Təbii ki, bütün bu tədbirlər Diasporla iş üzrə Dövlət Komitəsi və diplomatik təmsilçiliklərimizlə koordinəli şəkildə həyata keçirilir.
- Sonda, Türkiyədə yaşayan soydaşlarımıza nə demək istəyirsiniz?
- Qeyd etmək lazımdır ki, dövlətimizin dünyada, eləcə də Türkiyədə yaşayan və çalışan soydaşlarımıza diqqət və qayğısı durmadan artmaqdadır. Belə ki, dövlətimizin başçısının göstərişi ilə müvafiq dövlət qurumlarının təmsilçilərindən ibarət komissiyanın, eyni zamanda, Türkiyənin müvafiq qurumlarının birgə fəaliyyətinin nəticəsi olaraq 10 mindən çox vətəndaşımıza xidmət göstərilib və onların pasportla təmin olunması, vətəndaşlıq aidiyyatının və ailə bağının müəyyən edilməsi kimi hüquqi yardımların göstərilməsi təmin olunub. Həmçinin 1000-dən çox vətəndaşımıza şəxsiyyət vəsiqəsinin verilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlər göstərilib. Bunun nəticəsində, uzun müddət Türkiyədə sənədsiz yaşayan vətəndaşlarımızın qeydiyyat və işləmə icazələrinin alınması, eyni zamanda, təhsil və səhiyyə imkanlarından faydalanma ilə bağlı problemlər aradan götürülüb. Qeyd olunan işlərin təşkilində, vətəndaşlarımız arasında təbliğat-təşviqat işlərinin aparılmasında TADEF-lə bağlı dərnəklər yaxından iştirak ediblər. Bütün bunları nəzərə alaraq, soydaşlarımıza demək istərdim ki, birliyimizi və həmrəyliyimizi daima qoruyaq. Harada yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, fəaliyyətimizlə Azərbaycanı ən yaxşı şəkildə təmsil etməliyik. Bütün soydaşlarımızı və xüsusilə, gənclərimizi TADEF-in və dərnəklərimizin fəaliyyətində daha yaxından iştirak etməyə dəvət edirəm. Eyni zamanda, başda AZƏRTAC olmaqla, fəaliyyətlərimizin işiqlandırılmasında hər zaman yaxından iştirak edən bütün media qurumlarına təşəkkür edirəm.