27 Noyabr 2025 08:50
578
İQTİSADİYYAT
A- A+
Xəzərin suyu çəkilməkdə davam edir

Xəzərin suyu çəkilməkdə davam edir


Bu, iqtisadi və ekoloji fəsadlara səbəb olur


Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. İqlim dəyişiklikləri ilə əlaqədar yağıntıların az olması, buxarlanmanın artması dəniz suyunun azalmasına təsir edən əsas səbəblərdəndir. Dəniz səviyyəsinin azalması balıqçılıq, kənd təsərrüfatı, neft sənayesi və gəmiçilik kimi sahələrə mənfi təsir göstərir. Alimlər Xəzərin səviyyəsinin enməsinin qarşıdakı illərdə də davam edəcəyini proqnozlaşdırırlar. 

Son məlumatlara əsasən, Qazaxıstan sahilləri yaxınlığında Xəzər dənizinin orta səviyyəsi mənfi 29,31 metrə qədər enib və son 18 ildə dənizin səthinin sahəsi 36 min kvadratkilometr azalıb. Məlumata əsasən, Xəzərin şimal-şərq hissəsində dəniz səviyyəsi mənfi 29,15 metrə, şərq hissəsində isə mənfi 29,46 metrə çatıb.

Dünyanın ən böyük qapalı su hövzəsində gedən hazırkı proseslər dəniz sahilində yerləşən 5 ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu baxımdan son illər Xəzəryanı dövlətlərin əsas müzakirə predmetlərindən biri də dənizin son vəziyyətidir. Çünki bu problemin həlli region ölkələrinin əməkdaşlığını tələb edir. Xəzər vasitəsilə həyata keçirilən qlobal layihələrə nəzər saldıqda isə həm də beynəlxalq səylərin birləşdirilməsi vacibdir.  


Dənizdəki geriçəkilmənin Xəzəryanı ölkələrin iqtisadiyyatına təsirləri


Xəzərin səviyyəsinin enməsinin iqtisadi fəsadları ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, dənizdəki geriçəkilmələr həm də iqtisadi baxımdan arzuolunan deyil. Çünki bu, bir tərəfdən Xəzəryanı ölkələr arasında iqtisadi əlaqələrə təsir göstərir, digər tərəfdən isə Xəzərin potensial və imkanlarından daha geniş şəkildə istifadə ilə bağlı gələcəkdə müəyyən çətinliklər yarada bilər. "Bu həm də ekoloji məsələdir. Ətraf mühitin qorunması, ekoloji sağlamlıq baxımından da dəniz səviyyəsinin enməsi yaxşı hal deyil. Hazırkı proses Xəzər dənizi ilə əlaqəli layihələrin icrasına da maneə yarada bilər", - deyə o əlavə edib.

Deputat qeyd etdi ki, müşahidə olunan məsələlərdən biri Xəzəryanı ölkələrin daha çevik şəkildə bu problemlə bağlı tədbirlər həyata keçirməyə çalışmasıdır. Azərbaycan Xəzər problemi ilə bağlı Mərkəzi Asiya ölkələri ilə apardığı danışıqlarda öz mövqeyini, eyni zamanda təkliflərini təqdim edir. Azərbaycan Xəzər dənizinin mövcud biosisteminin qorunmasında və dəniz səviyyəsinin azalmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində maraqlıdır. 

Xəzərin hazırkı durumunun bütün Xəzəryanı ölkələrə mənfi təsir göstərdiyini deyən V.Bayramov bildirib ki, dəniz suyunun azalması həm layihələrin icrasına maneə baxımından, həm də nəqliyyat və logistika aspektindən arzuolunan deyil: "Məhz buna görə Azərbaycanın digər Xəzəryanı dövlətlər, xüsusilə Mərkəzi Asiyadakı tərəfdaşlarla birlikdə bu istiqamətdəki sistemli fəaliyyətində məqsəd problemin bu ölkələrin iqtisadiyyatına neqativ təsirlərini minimuma endirməkdir".  


Xəzərin enməsinə təsir göstərən əsas amillər


Dəniz suyunun azalması onun biomüxtəlifliyinə də təsir edir. Belə ki, bəzi növlərin populyasiyası zəiflədiyi halda, bəziləri isə yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Bu da dəniz sahilində yerləşən əhalinin sosial-iqtisadi həyatına mənfi təsir göstərir. Ümumilikdə Xəzərin üzləşdiyi problem ekosistemə ciddi zərbə vurmaqla yalnız dənizin fauna və florasına deyil, həm də cəmiyyətin yaşayışına neqativ təsir edir. 

Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Xəzər dənizinin səviyyəsi enmə dövründədir. Dənizin səviyyəsi 1995-ci ildən bu günə qədər təxminən 2,1 metr aşağı düşüb. O qeyd etdi ki, ötənilki məlumata görə, təxminən 18 sm, ondan əvvəlki ildə isə 20 sm enmə müşahidə olunub. "Amma səviyyənin düşmə tempi son illər azalıb. Xəzərin səviyyəsinin dəyişməsi periodikdir və təbii proseslə bağlıdır. Dənizin səviyyəsi 200-250 il qalxır, daha sonra bu müddətdə enir. Ən yüksək səviyyə 1805-ci ildə qeydə alınıb ki, o da bugünki səviyyədən 5 metr yuxarı olub. Əsrin ortasına qədər səviyyənin enməsi davam edəcək", - deyə professor əlavə edib.

Şöbə müdiri bildirdi ki,  Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbi onun su balansı ilə bağlıdır. Su balansı dedikdə dənizə gələn və gedən suların fərqli tutumu nəzərdə tutulur. Xəzərə gələn daxili çayların gətirdiyi və yeraltı sulardır. Çıxan hissəsi isə Xəzərdən gedən, xüsusilə Qaraboğazgöl körfəzinə axan su və orada gedən sürətli buxarlanmadır. Qidalandırıcı suyun 80 faizi Volqa çayının payına düşür. Son 20 ildə Xəzər dənizinin səviyyəsinin enməsində iqlim faktorundan əlavə, antropogen amillərin də mühüm rolu var. Müəyyən olunub ki, səviyyənin dəyişməsində 85 faiz iqlim faktoru, 10 faiz antropogen, 5 faiz isə tektonik proseslər rol oynayır. 

Ə.Əliyev vurğulayıb ki, son illərdə Xəzərə gələn çaylara olan antropogen təsirlər dəniz səviyyəsinin enmə prosesini sürətləndirib: "Volqa çayı təxminən 3,5 min kilometr məsafədə Rusiya ərazisindən keçərək Xəzər dənizinə tökülür. Bu ərazidə təxminən 120 milyona qədər əhali yaşayır. Burada yaşayan əhalinin içməli su ilə təminatına, kənd təsərrütatına, sənayeyə, hidroelektrik stansiyaların qurulmasına, su anbarlarının tikilməsinə ildə təxminən 40-50 kub kilometr su sərf olunur. Qlobal istiləşmə nəticəsində gələn suların, yəni qar və yağış gətirən siklonların sayında da 30 faizə qədər azalma müşahidə olunur. Bundan başqa, son illərdə antropogen təsirlər və Xəzərin suyunun temperaturunun artması nəticəsində dənizdə buxarlanma da artıb". 

Alim Xəzərin səviyyəsinin əsrin ortasına qədər daha 1-1,5 metr düşəcəyinin proqnozlaşdırıldığını deyərək bildirib ki, son yüz ildə Xəzər dənizinin səviyyəsində  kəskin dəyişmə üç dəfə müşahidə olunub: "1930-cu  ildən 1977-ci ilə qədər səviyyə 3,2 metr aşağı düşüb, 1978-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metr qalxıb, 1996-cı ildən bu günə qədər isə səviyyə enməyə davam edir. Yəni bu hadisə 60-70 il öncə də baş verib". 


Ziyan çəkən əsas sahələr


Şöbə müdiri dəniz səviyyəsinin enməsinin neqativ təsirləri olduğunu vurğulayaraq ən çox təsirin gəmiçilik sahəsinə olduğunu bildirib. Gəmilər limanlara kanallar vasitəsilə daxil olduğundan, kanallardakı su çəkildikcə problemlər yaranır. İkincisi, neft-qaz sənayesinə mənfi təsir göstərir. Su səviyyəsi endiyindən dənizdə olan platformalara yaxınlaşmaq, iş aparmaq gəmilər üçün çətin olur. Digər təsir balıqçılıq sənayesinədir. Eyni zamanda kənd təsərrüfatı mənfi təsirə məruz qalan sahələrdəndir. "Elə yerlər var ki, dəniz 100-200 metr çəkilib. Qızılağac körfəzi ərazisində dənizin 2 kilometrə qədər çəkilməsi müşahidə edilir. İqlimlə əlaqəli proses olduğundan dənizin geri çəkilməsinin nə qədər davam edəcəyini dəqiq demək olmaz, çünki  havanı proqnozlaşdırmaq çox çətindir. Xəzər canlı orqanizm kimi nəfəs alır, gah qalxır, gah da enir. Xəzər nə çox qalxa, nə də enə bilir", - deyə o bildirib.

Ə.Əliyevin fikrincə,  Xəzər dənizindəki periodik dəyişmələr onun pasportudur. Yəni bu proses davamlıdır, amma antropogen təsirləri azaltmağa çalışmaq, dənizi qidalandıran çayların suyundan qənaətlə istifadə etmək lazımdır. Xəzər 5 milyon  il ərzində mövcud olub, səviyyəsi həmişə dəyişib və hər zaman dəyişəcək. Bəzən dəniz suyunun 18-20 metr enəcəyi bildirilir, amma bunlar doğru deyil. Şimal hissəsində 4 metr enmə olarsa, ərazi bataqlığa çevrilər. Xəzərin bioloji resurslarının isə 90 faizi oradadır. Bu hadisə tarixdə heç vaxt olmayıb, yəqin ki, olmayacaq.

Deyilənlər də göstərir ki, Xəzərdə suyun enmə sürəti bir qədər azalsa da, ümumi fonda dəniz səviyyəsi enməyə davam edir. Hazırda qlobal problemlərdən olan iqlim dəyişmələri ilə mübarizə bütün dünya dövlətlərinin ən ümdə vəzifələrindən biridir. Görünən odur ki, qlobal istiləşmədən əlavə, antropogen amillər də dünyanın ən böyük gölünə mənfi təsir göstərir. Bu təsirlər birbaşa olaraq Xəzəryanı ölkələrdə, dolayısı ilə isə daha geniş coğrafiyada özünü büruzə verir.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

MİLYONLARA SEVİNC BƏXŞ EDƏN BÖYÜK ÜRƏK SAHİBİ

08:00
15 Aprel

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub  

07:53
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!