18 Yanvar 2019 00:24
3864
Mədəniyyət
A- A+
Xatun sultan

Xatun sultan


Tarix boyu müdrikliyi, uzaqgörənliyi, Vətənə, torpağa, ailəsinə sədaqəti dillərdə dastan olmuş Azərbaycan qadını... Eramızdan əvvəl VI əsrdə Əhəməni hökmdarı Kirə qan udduran Tomris, ağlı, zəkası ilə İsgəndərə qalib gələn Bərdə hökmdarı Nüşabə, Mömünə Xatun, Tutu Bikə, Bəyim Xatun və daha neçə-neçə qəhrəmanımız... Bu dəfə onlardan biri - adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat olaraq yazılmış Sara Xatunu xatırlayacağıq.


Bayandur elinin qızı


Osmanlı mənbələrinin məlumatına görə, əsl adı Gövhərşah Xatundur. Bəzi mənbələrdə isə ondan Sara, Sarə, Sa`ra və Saray adı ilə bəhs olunur.

O, Bayandur elindən Pir Əli bəyin qızı idi. Pir Əli bəy Ağqoyunlu dövlətinin banisi Qara Yuluq Osmanın qardaşı və Ağqoyunlu tayfalarının ittifaqını yaradan Qutluq bəyin nəvəsi idi.

Sara Xatun gənc yaşda əmisi Qara Yuluq Osmanın oğlu Cəlaləddin Əli bəylə evlənir. Araşdırmalara görə, Sara Xatunun Cəlaləddin Əli bəylə izdivacından yeddi oğlu və bir qızı dünyaya gəlir. Oğlanlarının adı Hüseyn, Cahanşah, İskəndər, İbrahim, Üveys, Cahangir, Uzun Həsən, qızının adı Xədicə Bəyimdi. Qızı Səfəvi şeyxi Cüneydlə ailə qurur. Xədicə Bəyimin adı Şeyx Heydərin anası, Şah İsmayılın nənəsi kimi tarixə düşür.

Sara Xatunun anadan olduğu tarix məlum deyil. 1407-ci ildə ilk övladı Hüseyn dünyaya gələndə Sara Xatunun 16-17 yaşında olduğunu qeyd edən araşdırmaçılar onun 1390, yaxud 1391-ci ildə doğulduğunu ehtimal edirlər.

Cəlaləddin Əli bəy 1435-ci ildə Ağqoyunlu hökmdarı elan edildikdən sonra Sara Xatun siyasi fəaliyyətə başlayır.

Sara Xatunun həyat yoldaşının hakimiyyəti qısa sürdü. Cəlaləddin Əli bəy 1437-ci ildə qardaşı Həmzə Bəy tərəfindən hakimiyyətdən kənarlaşdırıldı. Sara Xatunun da adı mənbələrdə ilk dəfə Cəlaləddin Əli bəydən sonra Ağqoyunlular arasında baş verən ixtilaflar səbəbi ilə çəkilir. Ağqoyunlular arasında yaranan siyasi münaqişələrə, ərinin hakimiyyətinin qəsb edilməsinə şahid olan Sara Xatun oğlu Cahangirin tərəfində dayanır. 1444-cü ildə Cəlaləddin Əli bəyin vəfatından və Həmzə bəy hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Ağqoyunlu taxtı Cahangirin əlinə keçir. O, 1444-1453-cü illər arasında on ilə yaxın dövləti idarə edir. Sara Xatun Cahangirin uğurlarına yol açır, onun adından diplomatik işləri idarə edirdi.

Ancaq Cəlaləddin Əli bəyin vəfatından sonra övladlar arasında taxt uğrunda mübarizə elə şiddətlənir ki, Ağqoyunlu dövlətinin məhv olmaq təhlükəsi yaranır. Sara Xatun ağıllı siyasəti ilə bu təhlükəni aradan qaldırır.


İlk diplomatik səfər


1450-ci ildə o, ilk diplomatik səfərini Misirə etir. Qahirədə Məmlük hökmdarı Zahir Seyfəddin Çağmaqla görüşən Sara Xatun böyük hörmətlə qarşılanır. O, məmlüklərin Mardin və Amidi Ağqoyunlu torpaqları kimi tanımasına nail olur.

Sara Xatun uzun illər davam edən Qaraqoyunlu-Ağqoyunlu müharibələrinin dayandırılmasına böyük səy göstərir, iki dövlət arasında aparılan danışıqları idarə edir. Bu məqsədlə Təbrizə gedən Sara Xatun Qaraqoyunlu hökmdarı Cahan şah tərəfindən "Ana” kimi qarşılanır. İki türk dövləti arasında aparılan sülh danışıqlarına qaraqoyunlular tərəfindən Xatun Can Bəyim, ağqoyunlular tərəfindən Sara Xatun başçılıq edirlər. Danışıqlar Amid sülh müqaviləsinin imzalanması ilə nəticələnir.

Qaraqoyunlularla sülh danışıqları aparılmasına qarşı çıxan Uzun Həsən hökmdar qardaşına üsyan edərək bu sülhü qəbul etmədiyini bildirir. Oğlanları arasında ixtilafa son qoymaq üçün böyük mübaizə aparan Sara Xatun Cahangirin taxtdan əl çəkməsi, Uzun Həsənin hökmdar elan edilməsinə nail olur və övladlarını barışdıra bilir.

Uzun Həsənin Ağqoyunlu tayfalarının başına keçməsində Sara Xatunun Misirlə yaratdığı diplomatik əlaqələrin təsiri böyük idi. Buna görə Sara Xatun Misir Məmlüklü dövləti ilə ikinci dəfə diplomatik əlaqə yaradır, hətta Qahirəyə gedib Məmlüklü sultanı Xoşqədəmlə görüşür.

Heyrətamiz zəkaya malik, olduqca tədbirli Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində onun rolu misilsizdir. Uzun Həsən bütün xarici siyasət məsələlərində anası ilə məsləhətləşir, ən məsul diplomatik danışıqlara onu göndərirdi. Sara Xatun yalnız xarici ölkələrin diplomatları ilə deyil, Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparır, Ağqoyunlu dövlətinin xarici siyasətini uğurla yönəldirdi. Sara Xatun dövlətin xarici işlərinə nəzarət edir, dövlətlərarası yazışmalar onun tapşırığı ilə hazırlanır, elçiləri qəbul edirdi.

Onun təhsili haqqında məlumat yoxdur. Ancaq diplomatik yazışmaları oxuyan, ətrafında alimlər dəstəsi yer alan Sara Xatunun elmə, irfana böyük əhəmiyyət verdiyi bəllidir.

1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi. Paytaxt Təbriz ağqoyunluların əlinə keçdi. Bundan sonra Sara Xatun Şərq və Qərb ölkələrində "Ağqoyunlu dövlətinin qadın sultanı” kimi tanındı.


Ən uzun diplomatik səfər


Sara Xatunun ən uzun diplomatik səfəri Osmanlı ölkəsinə oldu. Onun II Mehmetlə bağladığı 1461-ci il Yassıçəmən sülhü böyük əhəmiyyət daşıyırdı. Sara Xatun sultan II Mehmetin hərbi düşərgəsinə iki çox çətin vəzifəni yerinə yetirmək üçün getmişdi. Birincisi, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Əks halda, II Mehmetin hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə çatdıqdan sonra Sara Xatun sultanı Trabzonu fəth etmək niyyətindən döndərməyə çalışmalı idi. Mənbələrdə Osmanlı sultanın hərbi düşərgəsində Sara Xatunun böyük hörmətlə qarşılandığı, ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq istəyən II Mehmetin diplomatik danışıqlar zamanı ona "ana” deyə müraciət etdiyi bildirilir. Diplomatik məharətindən istifadə edən Sara Xatun II Mehmeti Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. Osmanlı qoşunlarının Trabzona hücümu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə iki ölkə arasında sülh imzalandı. Ancaq Sara Xatun Sultanı Trabzonu Türkiyəyə qatmaq məqsədindən döndərə bilmədi. Trabzonu xilas etməyin mümkünsüzlüyünü görən Sara Xatun gəlini Dəspinə Xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini II Mehmetlə bölüşdürdü. II Mehmet Sara Xatunu böyük rəğbətlə, çoxlu hədiyyələrlə yola saldı.

Ağqoyunlu dövrünün salnaməçisi Əbubəkr Tehraninin yazdığına görə, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gedir və Rüstəm Tərxanın düşərgəsində olur. Onun ordusuna ani nəzər salmaqla təsəvvür etdikləri qədər güclü olmadığını görür. Uzun Həsənə xəbər göndərir: "Dayanmayıb hücuma keç, qələbə sənin olacaq”. Bu xəbərdən sonra Uzun Həsən Rüstəm Tərxanın düşərgəsinə qoşun çəkir və onu məğlubiyyətə uğradır.


"Dövlətin həqiqi üzü”


Uzun Həsənin dövründə Azərbaycanın mövqeyi möhkəmləndi, paytaxtı Təbriz olan möhtəşəm bir dövlət quruldu. O, Azərbaycanın ənənəvi əlaqələrə malik olduğu Şərq ölkələri ilə yanaşı, Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol Krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya Hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, eləcə də bir çox qonşu ölkələrin hökmdarlarının saraylarında diplomatik danışıqlar aparırdılar. Həmin illərdə Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı. Ağqoyunlu dövlətinin dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi fəaliyyət göstərirdi. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası Sara Xatun misilsiz xidmətlər göstərirdi. Ağqoyunlular dövlətinin ən güclü hökmdarının - Uzun Həsənin uğurlarında anası Sara Xatunun böyük rolu var idi. Buna görə də dövrün tarixçiləri onu "dövlətin həqiqi üzü” adlandırırdılar.

Araşdırmaçılar Sara Xatunun 1465-ci ildə 74, yaxud 75 yaşında vəfat etdiyini ehtimal edirlər. O, yalnız Azərbaycanda deyil, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi məşhur oldu, eyni zamanda, Avropa ölkələrində tanındı. Adı böyük rəğbətlə, heyranlıqla çəkildi. Sara Xatun oğullarının, eləcə də bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə, həmin dövrdə kiçik Ağqoyunlu dövlətinin qüvvətli rəqibləri qarşısında müstəqilliyinin qoruyub saxlanılmasında və güclənməsində xidmətləri ilə qadının böyük ictimai xadim, müdrik siyasətçi, bacarıqlı dövlət rəhbəri olduğunu tarix qarşısında təsdiq etdi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

Tramp: İran razılaşma əldə etmək istəyir

22:57
06 Aprel

“Artemis II” missiyası “Apollo 13”ün rekordunu təzələyib

22:47
06 Aprel

Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

22:11
06 Aprel

Premyer Liqa: “Qarabağ”dan darmadağın

22:02
06 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

21:53
06 Aprel

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

21:36
06 Aprel

ADA Universitetində Karyera Hazırlığı Həftəsinə başlanılıb  

21:35
06 Aprel

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

21:12
06 Aprel

Kuba 2 mindən çox məhbusu azad edir

21:03
06 Aprel

Roma Papası dünyanı sülhə çağırdı

20:53
06 Aprel

Gia Abaşidze: Yüksəksəviyyəli görüşlər ortaq maraqlarımızın sürətli inkişafına stimul verir  

20:47
06 Aprel

İnsan beyni zamanı necə qavrayır?

20:44
06 Aprel

“SOCAR Polymer” ilin ilk iki ayında ixrac gəlirlərini 41,7 faiz artırdı  

20:43
06 Aprel

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi yanvar-fevralda 1,8 milyard dollar oldu

20:31
06 Aprel

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

20:30
06 Aprel

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb  

20:27
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!