Əsaslı təmir olunan bu ev Bakının tarixi ünvanlarından biridir
Bu binanın divarlarında tarixin əks-sədası yaşayır. Paytaxtımızın istər möhtəşəm qədim binaları, istərsə də yeni göydələnləri fonunda o, bəlkə də kiçik görünür. Amma həcminə görə mənası böyük, yaşatdığı yaddaş silinməzdir.
Bu bina "Villa Petrolea"dır, neftimizin, neft sənayemizin, ümumən iqtisadiyyatımızın inkişafının mühüm bir mərhələsindən "söhbət açır". Bu, Nobel qardaşlarının evidir.
Əvvəla Nobel qardaşları kimdir? Bu sualın cavabı üçün Azərbaycanın neft sənayesinin tarixini vərəqləyək. Nobel qardaşları - Lüdviq, Robert və Alfred XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafında mühüm rol oynamış məşhur İsveç mühəndis, ixtiraçı və sahibkar ailəsinin üzvləridir. Onlar 1875-ci ildə Azərbaycanda "Nobel Qardaşları Şirkəti"ni ("Branobel") təsis edərək qabaqcıl neftçıxarma və neftin nəqli üsullarını tətbiq etmişlər.
Nobel qardaşları vaxtilə Bakıda böyük neft mədənləri işlədib, zavodlar və kerosin anbarları qurublar. Onlar eləcə də bir sıra ixtiralar edib və ilklərə imza atıblar. Məsələn, dünyada ilk dəfə neftdaşıyan tankerin ("Zoroaster" gəmisi) inşa edilməsi və Azərbaycanda ilk neft kəmərinin çəkilməsi məhz Nobel qardaşlarının adı ilə bağlıdır.
Dünyada ən prestijli beynəlxalq mükafatlardan biri hesab edilən Nobel mükafatı da isveçli ixtiraçı, mühəndis və sənayeçi Alfred Nobel tərəfindən təsis edilib. Bu mükafatın əsası onun vəsiyyəti əsasında qoyulub.
Alfred Nobel dinamitin ixtiraçısı kimi tanınırdı, lakin bu ixtira silahlanma yarışına səbəb olduğuna görə o, öz irsini fərqli bir istiqamətə yönəltmək qərarına gəldi. Onun arzusu elmin, mədəniyyətin və sülhün inkişafına kömək edəcək bir fond yaratmaq idi. Bu fond hər il ən dəyərli töhfə verən fərdləri mükafatlandırır.
Mövzuya qayıdaraq qeyd edək ki, Nobel qardaşları Bakıda sosial layihələr də gerçəkləşdirmişlər. Onlar işçiləri üçün evlər, məktəblər və xəstəxanalar - "Villa Petrolea" yaşayış yeri inşa etdirmişdilər. Belə ki, XIX əsrin sonlarında "Branobel" şirkəti tərəfindən öz işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhədində yaşayış qəsəbəsi salınmışdır. Nobel qardaşlarının burada yerləşən şəxsi iqamətgahı da belə adlanır - "Villa Petrolia". Hazırda həmin yerdə Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir.
"Villa Petrolia" Xətai rayonunda, 8 Noyabr prospektində (keçmiş Nobel prospekti), Ağ Şəhər ərazisində, Nizami parkının (keçmiş Luna park) yaxınlığında yerləşir.
Nobel qardaşlarının iqamətgahı 1882-1884-cü illərdə tikilmişdir. Binanın inşası 1882-ci ildə başlanmış, 1884-cü ildə başa çatmışdır. Bu tarixi iqamətgah isveçli memar İohan Fredrik (Fyodor) Lidvalın layihəsi əsasında Bizans üslubunda inşa edilmişdir.
Dövrü üçün çox müasir olan tikilidə Bakıda ilk dəfə telefon xətti və xüsusi ventilyasiya - havasoyutma sistemi məhz bu binada tətbiq olunmuşdu. Binanın iç tərtibatı da xüsusi düşünülmüşdü. Otaqlar bahalı yerli xalçalarla bəzədilmiş, Sankt-Peterburqdan gətirilən əşyalar və tablolarla təchiz edilmişdi.
"Villa Petrolea" həm Nobel ailəsinin yaşayış evi, həm də "Branobel" şirkətinin rəhbərliyi üçün iqamətgah idi.
2000-ci illərin əvvəlinə qədər "Villa Petrolea" ərazisində olan binalar baxımsız vəziyyətdə idilər. Nobellərin iqamətgahı və yaşayış evləri dağılmış vəziyyətdə idi və onların yenidən qurulmasına ehtiyac yaranmışdı. Digər binalar isə çoxdan sökülmüş, teatr və klub yanğın nəticəsində məhv olmuşdu.
2004-cü ildə Nobel mirasının bərpası üçün Bakıda "Bakı Nobel İrsi Fondu" adlı ictimai təşkilat yaradılmışdır. 2007-ci ildə təşkilata Nobellərin iqamətgahını rekonstruksiya və restovrasiya etməyə icazə verilmişdir. 2008-ci il aprelin 25-də isə yenidən bərpa olunmuş iqamətgahın açılışı olmuşdur.
Bu həm də Nobel ailəsinə həsr edilmiş İsveçdən kənar ilk muzeydir. Muzey tarixidir və neft mövzusuna həsr edilib. Muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət və interyer əşyaları yığılıb. İqamətgahın interyeri əvvəlki sahiblərinin dövrünə nisbətən dəyişikliyə məruz qalıb, lakin bəzi hissələr (məsələn, kaminlər) dəqiqliyi ilə yenidən düzəldilib. Ümumilikdə evin interyeri sadə Avropa üslubundadır, ancaq bir otaq xüsusilə şərq üslubunda dizayn edilib. Eksponatların əksəriyyəti İsveç və Sankt-Peterburqdakı Nobel arxivləri və muzeylərinin materialları əsasında bərpa olunub.
Flora SADIQLI,
"Azərbaycan"