Xəzər dənizi xəritədə yalnız beş ölkənin sahillərini birləşdirən nəhəng su hövzəsi deyil.
O, minilliklər boyu bu coğrafiyanın təbiətinə, iqliminə, iqtisadiyyatına və insan həyatına təsir göstərən təbii sərvətdir. Sahillərində yaşayan milyonlarla insan üçün Xəzər həm həyat mənbəyi, həm əmək və gəlir yeri, həm də təbiətin əvəzsiz nemətidir. Onun sularında formalaşan canlı aləm isə yalnız bir ölkənin deyil, bütöv Xəzər regionunun bənzərsiz varlığıdır.
Lakin bu gün Xəzərin sakit görünən sularının altında ciddi ekoloji problemlər yaşanır. Dənizin çirklənməsi, çaylar vasitəsilə müxtəlif tullantıların hövzəyə daşınması, sənaye və neft-qaz fəaliyyətinin yaratdığı risklər, biomüxtəlifliyin azalması, iqlim dəyişmələrinin təsirləri və son illər daha qabarıq görünən su səviyyəsinin enməsi Xəzərin gələcəyi ilə bağlı narahatlığı artırır. Suyun geri çəkilməsi təkcə sahil xəttinin dəyişməsi demək deyil. Bu proses bütövlükdə dəniz ekosisteminə, balıq ehtiyatlarına, su-bataqlıq ərazilərinə, sahilyanı yaşayış məntəqələrinə və iqtisadiyyata təsir göstərə biləcək mürəkkəb bir ekoloji zəncir yaradır.
Xəzərin taleyinə "yazılmış" bir həqiqət isə xüsusilə diqqət çəkir: bu dənizin heç bir sərhədi yoxdur, amma onun gələcəyi beş ölkənin birgə səy göstərməsini tələb edir. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan sahillərini əhatə edən bu unikal su hövzəsinin qorunması bu dövlətlərin birgə fəaliyyətindən keçir. Çünki Xəzərin bir hissəsində baş verən ekoloji proses digər sahillərə də təsirsiz ötüşmür.
Məhz bu reallıq Xəzərin mühafizəsini regional əməkdaşlığın ən mühüm istiqamətlərindən birinə çevirib. Beş Xəzəryanı dövlətin ətraf mühitin qorunması sahəsində əməkdaşlığının hüquqi əsasını yaradan Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası - Tehran Konvensiyası bu baxımdan mühüm mərhələdir. Konvensiya 2006-cı il avqustun 12-də qüvvəyə minib. Bu, təbii ki, təqvimdə sadəcə bir tarix deyil. O, "Xəzəri gələcək nəsillərə hansı vəziyyətdə çatdıracağıq?" sualını gündəmə gətirən, Xəzərin taleyinə ortaq məsuliyyət və gələcək qarşısında öhdəlik anlayışını formalaşdıran mühüm bir mərhələdir. Çünki Xəzərin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bu dənizin sahilində yaşayan bütün xalqların və gələcək nəsillərin taleyi ilə bağlı məsələdir. Onun təmizliyinin, bioloji müxtəlifliyinin və ekoloji tarazlığının qorunması bu gün atılan addımların sabahkı nəticələrini nəzərə almağı tələb edir. Bu baxımdan, Tehran Konvensiyası Xəzərin taleyinə münasibətdə təkcə hüquqi öhdəliklər müəyyənləşdirən sənəd deyil, həm də sahilyanı dövlətləri ümumi məqsəd ətrafında birləşdirən mühüm ekoloji əməkdaşlıq platformasıdır.
Tehran Konvensiyasından 12 il sonra - 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə Xəzərin gələcəyi ilə bağlı regional əməkdaşlığın daha bir mühüm hüquqi mərhələyə qədəm qoyduğunu göstəricisidir. Bu sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, sahilyanı dövlətlər arasında qarşılıqlı fəaliyyətin, sabitliyin və dənizin təbii sərvətlərindən məsuliyyətli istifadənin mühüm əsaslarını formalaşdırdı. İndi qarşıda duran əsas məsələ isə qəbul olunmuş prinsiplərin Xəzərin gündəlik həyatında, onun sularında və sahillərində real nəticələrə çevrilməsidir.
Çünki Xəzər bizə yalnız bu günü deyil, gələcəyi də etibar edib. Bu etimadı doğrultmaq isə Xəzərin yalnız bu gününü qorumaq deyil, onun bioloji ehtiyatlarını mühafizə və bərpa etmək, dənizin çirklənməsinin qarşısını almaqdır.
Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri təkcə coğrafi baxımdan deyil, zəngin və özünəməxsus canlı aləminə görə də əvəzsiz təbiət xəzinəsi adlandırmaq olar. Minilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan flora və fauna müxtəlifliyi Xəzərin təbiətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Bu zənginlik yalnız Xəzəryanı ölkələrin deyil, bütövlükdə bəşəriyyətin qorunması və gələcək nəsillərə çatdırılması vacib olan ortaq təbii irsdir.
Dənizin dərinliklərində və sahilyanı ərazilərində çoxsaylı bitki və heyvan növləri məskunlaşıb. Onların arasında nadir və endemik növlərlə yanaşı, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş yüzlərlə canlı növü də var. Bu mənzərə Xəzərin nə qədər həssas və əvəzolunmaz ekosistemə malik olduğunun təsdiqidir. Burada hər bir canlı növünün qorunması, əslində, Xəzərin özünün gələcəyinin qorunması deməkdir.
Lakin qlobal temperatur artımının təsirləri xüsusilə son 30 ildə Xəzərin taleyində daha aydın hiss olunmağa başlayıb. İqlim dəyişmələri, su ehtiyatlarına artan tələbat və çayların axınının azalması dənizə daxil olan suyun həcminə təsirsiz ötüşmür. Bununla yanaşı, temperaturun yüksəlməsi Xəzər səthindən buxarlanmanın intensivləşməsinə səbəb olur. Nəticədə dənizə daxil olan su ilə itirilən su arasındakı tarazlıq getdikcə pozulur və bu, Xəzərin səviyyəsinin dəyişməsində özünü göstərir.
Əslində, Xəzərin səviyyəsi tarix boyu sabit qalmayıb, vaxtaşırı yüksəlib və enib. Son 200 ildə bu dəyişkənlik aydın müşahidə olunub, dəyişmə amplitudası təxminən 4 metrə çatıb. Ayrı-ayrı dövrlərdə dənizin səviyyəsi 80 santimetrdən 3 metrədək yüksəlib və ya azalıb. 1978-1995-ci illərdə 2,5 metr yüksəlişdən sonra 1996-cı ildən etibarən yenidən enmə mərhələsi başlayıb. Hazırda dəniz səviyyəsi Baltik sisteminə görə, -29 metrdən aşağıdır və yaxın illərdə enmənin davam edəcəyi proqnozlaşdırılır (Məlumat üçün bildirək ki, Baltik sistemi Xəzərin səviyyəsini ölçmək üçün istifadə olunan şərti istinad sistemidir. Daha sadə desək, dünyada müxtəlif su hövzələrinin səviyyəsini müqayisə etmək üçün müəyyən "sıfır" nöqtəsi qəbul edilir. Baltik yüksəklik sistemi də belə istinad sistemlərindən biridir və əsasən, Baltik dənizindəki Kronştadt futştokunun sıfır göstəricisinə əsaslanır. "Xəzərin səviyyəsi Baltik sisteminə görə, -29 metrdir" o deməkdir ki, Xəzərin orta səviyyəsi həmin istinad nöqtəsindən təxminən 29 metr aşağıda yerləşir). Bununla belə, Xəzərin səviyyəsinin tarixən periodik dəyişdiyi nəzərə alınaraq, əsrin ortalarına doğru yenidən yüksəliş mərhələsinin başlaya biləcəyi ehtimal olunur.
Ona görə də Xəzərin gələcəyini qorumaq, ilk növbədə, onun ətraf mühitinə münasibəti dəyişməkdən başlayır. Dənizin çirklənməsinin qarşısının alınması, tullantıların su hövzəsinə axıdılmasına yol verilməməsi Xəzərin sağlamlığının əsas şərtlərindəndir. Su ehtiyatlarından qənaətlə və düzgün istifadə etmək də bu mübarizənin vacib istiqamətlərindəndir. Çünki Xəzərin taleyi yalnız onun sahilində yerləşən ölkələrin deyil, bütün regionun ortaq məsuliyyətidir. Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, ümumi ekoloji yanaşmanın formalaşdırılması və birgə tədbirlərin davam etdirilməsi dənizin gələcəyi üçün mühüm şərtdir.
Xəzəri qorumaq, əslində, yalnız bir dənizi xilas etmək deyil. Bu, təbiətlə insan arasında tarazlığı qorumaq, gələcək nəsillərə sağlam ekosistem və təmiz Xəzər miras qoymaq deməkdir. Bu gün atılan hər doğru addım sabah Xəzərin taleyində öz əksini tapacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"