14 Mart 2026 09:05
749
Mədəniyyət
A- A+
"Vətən pənahında yaxşı ki, varam!"

"Vətən pənahında yaxşı ki, varam!"


Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdəndir. Onun yaradıcılığı zəhmət və çətinliklərlə üzləşmiş bir insanın duyğularını, arzularını və vətənə olan sevgisini əks etdirir.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində dünyaya göz açıb. Uşaqlığı Bakıda keçib. İllər sonra o, xatirələrində yazıb: "Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir. Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində dövlət dram teatrının binası yüksəlir. Küçəmiz isə hazırda Qasım İsmayılov adınadır".

O, gün-güzəranı yoxsulluq içində keçən ailənin ilki olub. Atası Əliabbas ailəsinin ruzisini dəmirçilikdən çıxarırdı. S.Rüstəm illər sonra - şair kimi məşhurlaşdığı vaxtlarda uşaqlıq xatirələrini "Atamın mahnısı" adlı şeirində qələmə almışdı. Valideynləri Süleymandan və bacı-qardaşlarından diqqətlərini, qayğıkeşliklərini, sevgilərini əsirgəməyiblər. Bu duyğularını Süleyman Rüstəm "Anam Xırdaxanımın xatirəsinə" adlı şeirində də əks etdirib: 


Ana! Gör nə deyir bu şair balan - 

Sən mənim qalamdın, mən sənin qalan, 

Səkkiz baş övlada çaldığın laylan 

Şeirli, nəğməli sözümdə qaldı.


Süleymanın təhsil alması valideynlərinin ən böyük arzularından biri olub. Odur ki, atası onu həmin dövrdə Bakıda fəaliyyət göstərən yeni üsullu məktəbə aparıb.

Bədii yaradıcılığa 1920-ci illərin əvvəllərində başlayan S.Rüstəm "Çimnaz xanım yuxudadır" adlı birpərdəli komediyasını 1922-ci ildə qələmə alıb. 1923-cü ildə isə onun "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında  "Unudulmuş gənc" adlı ilk mətbu şeiri işıq üzü görüb. 

1925-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olan Süleyman "Ələmdən nəşəyə" adlı ilk şeir kitabını tələbə olduğu zaman - 1927-ci ildə nəşr etdirib. O, Azərbaycan Dövlət Universitetindən 1929-cu ildə Moskva Dövlət Universitetinin Ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb.

S.Rüstəm müxtəlif illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının redaksiya heyətlərinə üzv seçilib.

Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı" ordenləri, Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanı və bir sıra medallarla təltif edilib. 

Süleyman Rüstəm 1938-ci ildə Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçililb. Və həmin vaxtdan başlayaraq, ömrünün sonunadək bütün çağırışlarda deputat olub. 

Azərbaycan xalqı XIX əsrin əvvəllərində tarixinin ən böyük faciəsini yaşayıb. Vətənimiz qonşu dövlətlər tərəfindən ikiyə bölünüb. O zamandan bəri bu tarixi haqsızlığın, sonu gəlməyən ayrılığın doğurduğu nisgil, o taylı-bu taylı Azərbaycanın birləşməsi arzusu ədəbiyyatımızın da əsas mövzularından biri olub. Şair Süleyman Rüstəm də "Təbrizli analar", "Təbrizim", "Öz gülüstanım", "Könlümə Təbriz düşdü", "Vüsal həsrəti", "Yenə Araz qırağında", "Deyilmi", "Yaralarım", "Görsəm" və başqa şeirlərində bu duyğuları ifadə edib. Şair məşhur "Təbrizim" şeirində yazıb:


Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!


Sovet hökumətinin sərt qadağalar qoyduğu bir vaxtda tale elə gətirib ki, şair bir müddət Cənubi Azərbaycanda yaşamalı olub. İkinci Dünya müharibəsi dövründə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana gedən sənət adamlarının sırasında Süleyman Rüstəm də vardı. O, "Yada düşənlər" adlı xatirələrində və çoxsaylı poetik əsərlərində həmin dövrün ictimai-siyasi hadisələrini, güneyli soydaşlarımızın bəlalı taleyini qələmə alıb. 

İkinci Dünya müharibəsi şairlərimizin əksəriyyəti kimi Süleyman Rüstəmin yaradıcılığına da böyük təsir göstərib. Şair müharibə illərində yazdığı şeirlərdə xalqın vətənpərvər ruhunu, ön cəbhədə alman faşistlərinə qarşı döyüşən əsgərlərin qəhrəmanlığını və arxa cəbhədə çalışan insanların fədakarlığını yüksək bədii dillə təsvir edib. Onun "And'', "Gözlə'', "Qəhrəmanın vəsiyyəti'', "Cəbhəyə məktub", "Ana və poçtalyon", "Qafurun ürəyi"', "Gün o gün olsun ki'' və başqa əsərlərində Vətəni qorumaq ideyası, azadlıq uğrunda mübarizə və xalqın birliyi əsas motivlərdən biri kimi ön plana çıxıb. Süleyman Rüstəm müharibənin yaratdığı çətinlikləri və itkiləri təəssüflə vurğulamaqla yanaşı, insanların qələbəyə olan inamını və mənəvi gücünü də poetik şəkildə ifadə edib. "Gün o gün olsun ki" şeirində şair bütün sovet vətəndaşlarının arzusunu qələmə alıb:


Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən ömürlük qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin ürəkdən, könüldən ağrı,

Bir də tapdanmasın vətənin bağrı.


Süleyman Rüstəm öz əsərlərində həm də müharibənin insan talelərinə gətirdiyi ağrıları və ayrılıqları böyük səmimiyyətlə qələmə alıb - "Ana və poçtalyon" şeirində olduğu kimi...

Şairin yaradıcılığında vətənpərvərlik mövzusu əsas ideyalardan biri olaraq geniş yer tutur. O, əsərlərində vətəni xalqın mənəvi dayağı, tarixi yaddaşı və milli kimliyinin əsas simvolu kimi təqdim edib. Onun poeziyasında doğma torpağa bağlılıq, milli qürur və Vətəni qorumaq məsuliyyəti güclü emosional və bədii ifadələrlə əksini tapıb. "Dilimə dəymə" adlı şeiri şairin doğma ana dilimizə düşmən nəzərlərə baxanlara kəskin cavabıdır: 


Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!


Süleyman Rüstəm vətən sevgisini insanın ən ali mənəvi borcu kimi göstərib və bu duyğunu oxuculara təsirli şəkildə çatdırıb. Şairin əsərlərində vətənpərvərlik ideyası torpağa sədaqət və milli dəyərlərə hörmət kimi təcəssüm edilib. O, müxtəlif tarixi və ictimai hadisələr fonunda xalqın vətən uğrunda mübarizə ruhunu və mənəvi gücünü təsvir edib.

Süleyman Rüstəm 1989-ci il iyunun 10-da dünyadan köçüb. Bir zamanlar "Yaxşı ki, varam" adlı şeirində əsərləri oxunduqca xatırlanacağına və heç zaman unudulmayacağına inamla yazmışdı: 


"Sən kimsən?" deməyin mən Süleymana,

Sadiq bir övladam Azərbaycana.

Dünəni, bu günü hələ bir yana,

Onun sabahında yaxşı ki, varam.

Vətən pənahında yaxşı ki, varam!


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək müzakirə olunub

20:07
22 Aprel

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında WUF13-ün strateji əhəmiyyəti vurğulanıb  

20:03
22 Aprel

Ağ Ev: İranla atəşkəsin uzadılması 3-5 gün davam edəcək

20:03
22 Aprel

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər

20:02
22 Aprel

“Dərinsulu Günəşli” platforması 18 il ərzində 91,5 milyon ton neft hasil edib

19:56
22 Aprel

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib  

19:53
22 Aprel

Almaniya iqtisadi artım proqnozunu azaldır

19:48
22 Aprel

Mərkəzi Asiya liderləri su böhranını həll etmək üçün Astanada toplanıb

19:39
22 Aprel

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

19:32
22 Aprel

Avropa və Britaniyada iqlim dəyişikliyi allergiyanı artırıb

19:23
22 Aprel

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

19:12
22 Aprel

Almaniyada yanacaq böhranı səbəbindən 20 min uçuş ləğv edilir

19:06
22 Aprel

Kapital Bank 2025-ci ildə müştərilərin 7 milyon manatdan çox vəsaitini qoruyub

18:58
22 Aprel

Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşüb  

18:53
22 Aprel

Pekindən rəy: Azərbaycan vasitəsilə logistikanın inkişaf etdirilməsi Avrasiyada ticarətin artmasına töhfə verəcək  

18:52
22 Aprel

Qəhvə əhval-ruhiyyəni necə yaxşılaşdırır?

18:52
22 Aprel

SOCAR və “BGP Inc.” əməkdaşlığı genişləndirir

18:51
22 Aprel

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

18:49
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!