Mikayıl Hüseynov milli ənənələr zəminində yeni memarlıq üslubunun müəllifidir
XX əsrdə Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Milli ənənələrdən yaradıcılıqla istifadə olunmuş, bir sıra şəhərlər yenidən qurulmuş, onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. Bir sözlə, şəhərsalma müasir memarlıqla tarixi irsin vəhdətini yaradaraq əhali üçün rahat və təhlükəsiz yaşayış mühiti qurmağı hədəfləmişdir.
Bu dövrdə iki görkəmli memarın - Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyəti milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.
Mikayıl Hüseynov müasir Azərbaycan memarlığının və şəhərsalmasının banilərindən biridir. Onun fəaliyyəti Bakının simasının formalaşmasında və milli memarlıq ənənələrinin modern üslubda sintezində həlledici rol oynamışdır. M.Hüseynov Sadıq Dadaşovla birlikdə Azərbaycanın qədim memarlıq elementlərini klassik sovet memarlığına gətirərək özünəməxsus bir üslub yaratmışdır. O, paytaxtın planlaşdırılmasında, geniş prospektlərin və ansambl xarakterli meydanların layihələndirilməsində yaxından iştirak etmişdir. Onun layihələri fərdi binalar deyil, şəhər mühitini tamamlayan komplekslərdir. Bunlara Elmlər Akademiyasının şəhərciyi, Hökumət evi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi daxildir. Bu binalar 120 il əvvəl bir bahar günündə Bakıda dünyaya göz açmış və 90 ilə yaxın yaşamış yorulmaz insanın, görkəmli memarın həm də zəngin yaradıcı irsidir. Mikayıl Hüseynov Vətəni Azərbaycan, doğma xalqı üçün həqiqətən böyük işlər görmüşdür. Elə işlər ki, onlardan biz indi də bəhrələnirik.
Memarlığın akademiki
Mikayıl Hüseynov Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor idi. Əməkdar incəsənət xadimi və SSRİ-nin xalq arxitektoru fəxri adlarına layiq görülmüşdü. SSRİ Dövlət mükafatı laureatı və dəfələrlə SSRİ Nazirlər Sovetinin təltiflərini almışdı. Memarın sinəsini üç "Lenin" və iki "Qırmızı bayraq" ordenləri, çoxlu medallar bəzəyirdi. Yaşadığı dövrün meyarları ilə bunlar çox yüksək adlar və mükafatlar idi.
M.Hüseynov 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi o dövrün yüksək fəxri adına layiq görülmüşdür. Hüseynqulu xanın nəslindən olan bu memar zəngin ənənələrə malik bir ailədə böyümüşdü. Atası Ələsgər neftçi idi. Yüksək daxili mədəniyyətə malik, qəlbən, ruhən ziyalı bir insan idi. Bu zadəgan nəslinin oğlu inqilabi təlatümlərə dözməyərək 1920-ci ildə vəfat etmişdi, həyat yoldaşı Fatiməni üç uşaqla tək qoymuşdu. Mülklərini və gəmilərini yeni hakimiyyət mənimsəmişdi. Ailənin - anası və iki bacısının qayğısına Mikayıl qalmalı idi. Ona gələcək sənəti ilə bağlı sanki Tanrı vergisi verilmişdi. O, ətraf aləmi dərk etməyə başlayandan rəsm çəkir, kağız üzərində müxtəlif bədii formalar yaradırdı. 15 yaşı olanda o, artıq çertyojçu kimi işləyib pul qazanırdı. Anası oğlunun "iş"lərinə dəstək verirdi.
Mikayıl hələ orta məktəbdə oxuyarkən seçimini etmişdi: memar olacaqdı. O, 1920-ci ildə İncəsənət Məktəbinə, sonra isə Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil olmuşdur.
Məktəb yoldaşı Sadıq Dadaşov da bu sənətin yolçusu idi. Seçimlərinin eyniliyi həmyaşıd olan bu gəncləri ömürlük birləşdirir, onlar sədaqətli dost və həmkar olurlar. Hətta ilk dövrlərdə eyni əsəri birlikdə işləyirlər. Sonra onların qohumluq əlaqələri də yaranır. Sadıq Mikayılın bacısı Leyla ilə ailə həyatı qurur. Lakin çox təəssüf ki, Sadıqın həyat yolu tez qırılır. O, 1946-cı ildə dünyasını dəyişir. Mikayıl isə sənət yolları ilə irəliləyərək yüksəkliklərə çatır, zirvə dalınca zirvə fəth edir.
Hələ gənc yaşlarında Sadıq və Mikayıl Şirvanşahlar sarayının dəqiq ölçülərini apararaq kompleksin aydın, görümlü, müasir şəklini yaradırlar. Eyni zamanda dahi Nizaminin abidəsi layihəsinin müsabiqəsində iştirak edib, birlikdə mükafata layiq görülürlər.
Bakıda Hökumət evinin layihəsi ilə bağlı müsabiqə hər iki memarın yaradıcılığında xüsusi mərhələ olur. Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan SSR pavilyonu" bu memarların yaradıcılığının nümunəsinə çevrilir. O zaman memarların ikisi də Dövlət mükafatına layiq görülür.
Mikayıl Hüseynovun Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması əsasən 1930-cu illərə təsadüf edir. Bu dövrdə o, Bakının müxtəlif rayonlarında tikilmiş bir sıra binaların layihələrini verir və saysız-hesabsız memarlıq əsərlərinin müəllifinə çevrilir. M.Hüseynov həmin dövrdə 250 layihədən az qala 200 bina tikmişdi. Bunların da hamısı həyatda özünü doğrultmuşdu. Bu, misilsiz bir məhsuldarlıq idi. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, "Nizami" kinoteatrı, M.F.Axundzadə adına Mərkəzi Kitabxana, bir sıra mehmanxanalar, Elmlər Akademiyasının kompleks şəhərciyi Mikayıl Hüseynovun onilliklər boyu gördüyü işlərin yalnız bir qismidir.
Buraya Bakı Metropoliteninin "Nərimanov" və "Nizami" stansiyalarının memarlıq işləri də daxildir. Onun layihələri əsasında yaradılmış metro stansiyaları bir-birinə bənzəməsə də, milli ənənələrin zərif duyulması və işlədilməsi baxımından vəhdət təşkil edirdi.
Ustad memarın yaradıcılığında cəlbedici xüsusiyyət nə idi?
Mütəxəssislər bu suala belə cavab veriblər: ilk növbədə memarın əsərlərinə köçmüş yüksək humanizm, insanlara məhəbbət və onları gözəllik aləminə qovuşdurmaq istəyi. Eyni zamanda hərtərəfli dünyagörüşü, texniki vasitələrdən geniş istifadə bacarığı və böyük istedadı. Bütün bunlar onun hər bir əsərinin ətraf mühitlə gözəl ahəng yaratmasına, binanın memarlıq obrazını düzgün tapmasına imkan yaradıb.
Sənətşünaslıq doktoru, Əməkdar memar Kamil Dadaşzadə isə onun əsərləri haqqında belə yazmışdır: "Bu layihələr funksional həllin rasionalizmi, kompozisiya quruluşunun dəqiqliyi və cəlbedici plastikası ilə seçilirdi. Mütərəqqi konsepsiyalara üstünlük verən M.Hüseynov memarlıq layihələrinə realist münasibət bəsləyərək mücərrəd forma yaradıcılığından qaça bilmişdi".
Akademikə Sosialist Əməyi Qəhrəmanı adı verilərkən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin ona ünvanladığı məktubda fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Sosial bərabərliyi, humanist ideyaları özündə əks etdirən memarlıq əsərləriniz, doğrudan da, mənsub olduğunuz xalqın, eləcə də dünya xalqlarının tikinti mədəniyyətinin zəngin ənənəsi, qabaqcıl təcrübəsi ilə yaxından bağlıdır. Buna görə də insanlara təbii həyat sevinci, xoş duyğular gətirməkdədir. İnsanlar üçün çalışmaq, estetik mənada həyat və məişət tələblərinə, daha yaxşı işləmək və istirahət etmək arzularına funksional cavab verə bilən əsərlər yaratmaq sizin yaradıcılıq amalınız olmuşdur.
Yaradıcılığınız kimi, ictimai fəaliyyətiniz də sizə böyük şöhrət, ad-san gətirmişdir".
Memarın milli irsə əsaslanmağı, onu qabarıq nəzərə çatdırmağı, ilk baxışdan kolorit duyğu oyatmağı ən yaxşı xüsusiyyətləri kimi diqqəti cəlb edir. Bu, onunla əlaqədardır ki, M.Hüseynov hələ gənc yaşlarından qədim maddi-mədəniyyət abidələrimizlə maraqlanmış, məbədlərin, sarayların, qala divarlarının sirlərini öyrənmişdir. Həmin məqsədlə dəfələrlə Qarabağ, Naxçıvan, Bərdə, Şəki, Ordubad və digər yerlərə getmişdir. Bu səfərlər memarın yaradıcılığına müsbət təsir göstərmiş, ona yeni ideyalar, fikirlər vermişdir. Odur ki, yaratdığı ansambllarda qədim Azərbaycan memarlığından gələn nə qədər element var! Müəllif onlardan yerli-yerində yaradıcılıqla istifadə etdiyindən "bina"ları belə əzəmətli və gözəl görünür.
Sorağı sərhəd tanımırdı
1985-ci ilin yazında Londonda İngiltərə Memarları Kral İnstitutunun təşkil etdiyi "Bakının memarlığı" sərgisində böyük sənətkarın Azərbaycanın paytaxtının müasir görkəminin formalaşmasında və yeni memarlıq məktəbinin yaranmasında rolu xüsusi qeyd edilmişdir. Bu sərgidən sonra İngiltərə memarlarının xahişi ilə Bakının keçmiş "Xalqlar dostluğu sarayı"nın maketi Londonda saxlanılmışdır.
1992-ci ilin iyun ayında görkəmli memar Mikayıl Hüseynov Beynəlxalq Memarlar Akademiyasına (BMA) fəxri üzv seçilmişdir. BMA-nın prezidenti Y.H.Rozanov memarın ünvanına göndərdiyi təbrik məktubunda onu dünya memarlığının görkəmli nümayəndəsi adlandırmışdır.
Mikayıl Hüseynov həm də tədqiqatçı-alim idi. O, Azərbaycan memarlığının dünya mədəniyyətindəki yerini və rolunu müəyyən edib. M.Hüseynov uzun illər Azərbaycan memarlarının yaradıcılıq ittifaqına rəhbərlik edib. Azərbaycan SSR Elmlər Akademiyası Arxitektura və İncəsənət İnstitutunun direktoru olduğu dövrdə onun rəhbərliyi altında bu sahənin neçə-neçə mütəxəssisi püxtələşib. O, iki çağırış SSRİ Ali Sovetinə, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Unudulmaz memarı tanıyanlar onu sadə, müsahibini dinləməyi və duymağı bacaran, ağıllı məsləhətlər verən bir insan kimi xatırlayırlar. Onun xarakteri ilə sənəti bir-birilə harmoniya təşkil edirdi. İndiyədək bəlkə də bu insanın həyat çətinliklərini heç kəs müfəssəl bilmir. O öz həyatından danışmağı sevmirdi, sovet dövründə bu, proletarəsilli olmayan insan üçün qorxulu nəticələr verirdi.
Bir faktı da qeyd edək ki, keçmiş SSRİ-də memarlıq həmişə siyasətin əsirinə çevrilmişdi. Ona görə 40-cı illərdə Hüseynov formalizmə, 60-cı illərdə bər-bəzəyə, 70-ci illərdə isə yenə də milli ənənələrdən geri çəkilməyə görə tənqid olunmuşdur. O isə heç bir irada və tənqidə fikir vermədən layihələrini işləməkdə davam etmişdi. M.Hüseynovun, əksinə, həmişə düşündüyü məsələ memarlıqda milliliklə bağlı idi. O zaman sovet hakimiyyəti belə bir düstur fikirləşmişdi: "Formaca milli, mahiyyətcə sosialist". Millilik təkcə dekor və ornamentdən ibarət deyil, o həm də həyat tərzi, adət-ənənələrlə bağlıdır. Belə sadə, hətta praqmatik süjetlər memarın yaradıcılığında müxtəlif yollarla əksini tapırdı. Bu illərdə Hüseynov tərəfindən bir-birinin ardınca yeni şedevrlər yaradılmışdır. Nizami muzeyi, "Buzovnaneft"in binası, Neftçilər prospektindəki yaşayış binası, sonuncu şedevr isə M.F.Axundzadə adına kitabxana olmuşdur. Bu dövr bitdikdən sonra M.Hüseynov yenidən tənqidə məruz qalmışdır. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxarmışdır. Elmlər Akademiyasının binası qülləsiz, dekorsuz, karnizlərsiz, gerbsiz qalmışdır. Ustad çaşqınlıq içərisində vurnuxmuş və o, 7 il heç nə tikməmişdir, yalnız abidələr yaratmışdır: S.Vurğun, M.Füzuli, Rudəki, Lenin, K.Marks və s. Daha sonra o, bir-birinin ardınca təmtəraqlı mehmanxanaların layihələrini vermişdir: 1963-cü ildə "Azərbaycan", 1965-ci ildə "Abşeron", 1967-ci ildə "Moskva" və s. 1972-ci ildə o, Bakıda Hökumət evinin arxasındakı əkiz binalarda "penhaus"lar layihələşdirmişdir. Maraqlıdır ki, bu binaların mövzusu onda Nyu Yorkdakı "Əkizlər"lə eyni vaxtda peyda olmuşdur. Görkəmli memar 1985-ci ildə İngiltərə Kraliçası II Yelizavetanın himayəsi altında Böyük Britaniya və İrlandiya Kral Asiya İcmasının fəxri üzvü seçilmişdi.
XIX əsrdə bu adı azərbaycanlı şərqşünas Mirzə Kazım bəy almışdı. XX əsrdə isə həmin ad Londonda keçirilən sərgi zamanı işləri nümayiş etdirilən Mikayıl Hüseynova verilmişdi.
Bütün bunlar bir daha göstərir ki, Mikayıl Hüseynov Bakı şəhərinin şəhərsalma strukturunda həlledici rol oynamışdır. Onun layihələndirdiyi binalar indi də şəhərin memarlıq simasını müəyyən edir.
İradə ƏLİYEVA,
"Azərbaycan"