Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi indiki zamanda uşaqların informasiya mühitində təhlükəsizliyinin təmin edilməsi dünya dövlətlərinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Çünki sosial media platformaları uşaqlar və yeniyetmələr üçün psixoloji, mənəvi və davranışla bağlı müxtəlif risklər formalaşdırır.
Doğrudur, sosial şəbəkələr xüsusən yeniyetmələrin ünsiyyət qurması, informasiya əldə etməsi, təhsil resurslarından istifadəsi, yaradıcılıq imkanlarının nümayişi və ictimai proseslərdə iştirakı üçün vacib platformadır. Amma onların sürətlə genişlənməsi, xüsusilə uşaqların bu platformalara erkən yaşlardan nəzarətsiz çıxış imkanlarının artması yeni riskləri gündəmə gətirib. Məhz buna görə də indi dünyanın əksər ölkələrində qarşıda duran əsas məsələ uşaqları sosial şəbəkələrdən tamamilə uzaqlaşdırmaq yox, onların rəqəmsal mühitə təhlükəsiz inteqrasiyasını təmin etməkdir. Başqa sözlə, əsas məqsəd uşağın inkişaf dövründə onu zərərli təsirlərdən qorumaq, sağlam psixoloji mühitdə böyüməsinə şərait yaratmaq və gələcəkdə rəqəmsal platformalardan məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan uşaqların müdafiəsi yalnız ailənin deyil, eyni zamanda dövlətin, təhsil sisteminin, cəmiyyətin və rəqəmsal platformaların da ortaq məsuliyyəti hesab olunur.
Milli Məclisdə qanunvericilikdə üçüncü oxunuşda qəbul edilən dəyişikliklərin əsas məqsədi də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən daha etibarlı şəkildə qorunmasını təmin etməkdir. Dəyişikliklər sosial şəbəkələrdən istifadənin qadağan olunmasına deyil, bu platformalarda qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqinə və uşaqlar üçün əlavə müdafiə tədbirlərinin yaradılmasına yönəlib.
Yeni tənzimləməyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə müstəqil hesab açmasına icazə verilmir, 16-18 yaş arası yeniyetmələr isə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Təbii ki, bu yanaşma uşaqların rəqəmsal mühitdə iştirakını tam məhdudlaşdırmır, əksinə, onların yaşına uyğun şəkildə qorunmasını təmin edir. Məqsəd onların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq yox, fiziki və psixoloji inkişafına mənfi təsirləri minimuma endirməkdir.
Uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması bu gün yalnız Azərbaycanın deyil, bir çox ölkənin əsas gündəm mövzusudur. Avstraliya, Fransa, Norveç, İspaniya, Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələrdə bu sahədə müxtəlif tənzimləmələr həyata keçirilir. Azərbaycan da həmin prosesdə beynəlxalq təcrübəni nəzərə alaraq müasir və uyğun hüquqi mexanizmlər formalaşdırır.
Bu istiqamətdə qəbul olunan yanaşmanın ciddiliyi və qlobal miqyasda artan diqqət xarici ölkə liderlərinin mövzu ilə bağlı səsləndirdiyi fikirlərdə də öz əksini tapır. Onların açıqlamaları göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması artıq beynəlxalq siyasi gündəmin vacib hissəsinə çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrin nəzarətsiz istifadəsinin uşaqlara mənfi təsir göstərdiyini, bəzi platformaların isə "zibilxanaya çevrildiyini" qeyd edir və alqoritmlərin təsirini xüsusi vurğulayır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə əsas məsələnin yeniyetmələrin sosial mediaya çıxışı deyil, sosial medianın onlara çıxışının necə tənzimlənməsi olduğunu bildirir. Norveçin Baş naziri uşaqların ekranlardan və alqoritmlərdən qorunmasının vacibliyini, İspaniyanın Baş naziri isə real həyatda qanunsuz olanın virtual mühitdə də qanunsuz sayılmalı olduğunu vurğulayır. Yunanıstanın Baş naziri də 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə girişin mərhələli şəkildə məhdudlaşdırılacağını deyir.
Ümumilikdə bu yanaşmalar göstərir ki, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi artıq qlobal miqyasda ciddi narahatlıq doğuran və vahid istiqamətdə həll yolları axtarılan məsələdir. Dövlətlər bu sahədə qadağa deyil, daha çox yaşa uyğun tənzimləmə və müdafiə mexanizmlərinin tətbiqinə üstünlük verirlər. Məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq yox, onları həmin mühitdə daha təhlükəsiz və sağlam yetişdirməkdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"