Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal
İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya siyasətinin yeni
idarəetmə mərhələsinə keçdiyini nümayiş etdirir. İclasda müzakirə olunan məsələlər
göstərir ki, rəqəmsallaşma artıq yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin
səmərəliliyinin artırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi
rəqabət qabiliyyətinin yüksəldilməsi və insan kapitalının inkişafını əhatə edən
kompleks dövlət siyasətinə çevrilib.
Dövlət maraqları baxımından əsas diqqətçəkən məqam
vahid idarəetmə modelinin formalaşdırılmasıdır. Rəqəmsal İnkişaf Şurasının
yaradılması və fəaliyyətinin Birinci vitse-prezident səviyyəsində koordinasiya
olunması müxtəlif dövlət qurumlarının rəqəmsallaşma prosesində fəaliyyətini əlaqələndirən
vahid qərarvermə mexanizmi yaradır. Bu isə dövlət resurslarından daha səmərəli
istifadə edilməsinə, paralel layihələrin qarşısının alınmasına və strateji hədəflərin
mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan verir.
Rəqəmsallaşmanın əsas istiqamətlərindən biri
dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir. Ayrı-ayrı qurumların
elektron xidmətlərinin “mygov” və “mygov Biznes” platformalarında inteqrasiyası
vətəndaş-məmur təmasını minimuma endirməklə yanaşı, şəffaflığın artırılmasına,
korrupsiya risklərinin azaldılmasına və xidmətlərin əlçatanlığının genişlənməsinə
xidmət edir. Dövlət xidmətlərinin proaktiv formada təqdim olunması, “yalnız bir
dəfə” prinsipinin tətbiqi və məlumatların vahid dövlət məlumat hövzəsində
toplanması idarəetmənin çevikliyini artırmaqla yanaşı, vətəndaş məmnunluğunu
yüksəldən mühüm institusional yenilik kimi qiymətləndirilə bilər.
İqtisadi inkişaf baxımından sənəddə nəzərdə
tutulan innovasiya siyasəti Azərbaycanın neftdənkənar iqtisadiyyatının
inkişafına yönəlmiş mühüm addım hesab edilə bilər. Vençur kapitalı mexanizmlərinin
yaradılması, “Fondlar Fondu” modelinin tətbiqi, texnologiya şirkətləri üçün
uzunmüddətli vergi güzəştləri, startapların dövlət satınalmalarında dəstəklənməsi
və rəqəmsal iqtisadiyyat üçün yeni hüquqi bazanın formalaşdırılması ölkənin
regional innovasiya və texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.
Bu yanaşma həm xarici investisiyaların cəlb edilməsinə, həm də yerli innovasiya
ekosisteminin inkişafına əlverişli şərait yaradır.
Süni intellektin dövlət idarəçiliyində tətbiqi
isə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərində süni
intellekt həllərinin tətbiqi, virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi,
milli hesablama infrastrukturunun qurulması və “Regulatory Sandbox”
mexanizminin yaradılması Azərbaycanın bu sahədə qlobal texnoloji trendlərə
uyğun inkişaf etdiyini göstərir. Bununla yanaşı, Mehriban Əliyevanın bütün qərarların
milli maraqlar əsasında qəbul edilməsinin vacibliyini vurğulaması süni
intellekt texnologiyalarının milli təhlükəsizlik və rəqəmsal suverenlik
prinsipləri çərçivəsində tətbiq olunacağını göstərir.
Milli təhlükəsizlik kontekstində kibertəhlükəsizlik
istiqamətində nəzərdə tutulan islahatlar xüsusi aktuallıq kəsb edir. Milli
Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları
Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması,
dövlət informasiya sistemlərinin Hökumət Buluduna keçirilməsi və süni intellekt
əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi ölkənin rəqəmsal təhlükəsizlik
imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu addımlar Azərbaycanın
kiberhücumlara qarşı dayanıqlığını artırmaqla yanaşı, strateji dövlət
informasiya resurslarının etibarlı mühafizəsini təmin etməyə yönəlib.
Təhsil sahəsində aparılan rəqəmsallaşma tədbirləri
isə uzunmüddətli perspektivdə insan kapitalının inkişafına xidmət edən strateji
investisiya kimi qiymətləndirilə bilər. “Rəqəmsal məktəb”, “Rəqəmsal
bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin genişləndirilməsi, elektron təhsil
xidmətlərinin artırılması və süni intellekt əsaslı tədris metodlarının tətbiqi
gələcək əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadr
potensialının formalaşdırılmasına imkan yaradacaq. Bu isə ölkənin innovasiya
iqtisadiyyatına keçidini təmin edən əsas amillərdən biridir.
Ümumilikdə, Rəqəmsal İnkişaf Şurasının ilk
iclasında təqdim olunan yanaşmalar göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı
təkcə texnologiyanın tətbiqi kimi deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və
insan kapitalının inkişafı ilə uzlaşdırılmış strateji inkişaf modeli kimi həyata
keçirir. Bu islahatların ardıcıl və koordinasiyalı şəkildə icrası Azərbaycanın
regional rəqəmsal lider mövqeyini gücləndirməklə yanaşı, rəqəmsal
suverenliyinin möhkəmləndirilməsinə, beynəlxalq rəqabət qabiliyyətinin
artmasına və uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına
mühüm töhfə verəcək.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru