UNESCO-nun Cəzasızlıqla Mübarizə üzrə Qlobal Hesabatına əsasən, jurnalist qətllərində cəzasızlıq göstəricisi 2012-ci ildən, təşkilatın bu statistikaya başladığı dövrdən bəri ilk dəfə olaraq yenidən artmağa başlayıb.
2024-2025-ci illəri əhatə edən ikiillik dövrdə cəzasızlıq səviyyəsi 86 faizə yüksəlib. Hesabatın daha bir narahatlıq doğuran nəticəsi odur ki, 2024-2025-ci illərdə 189 jurnalist qətlə yetirilib. Bu da əvvəlki iki illik dövrlə müqayisədə 20 faiz artım deməkdir. Qətlə yetirilən jurnalistlərin üçdə iki hissəsindən çoxu, yəni 127 nəfəri münaqişə zonalarında həyatını itirib.
UNESCO-nun son hesabatında jurnalistlər üçün yeni və ciddi bir təhlükə müəyyən edilib. Bildirilir ki, münaqişə zonalarında jurnalistlərin pilotsuz uçuş aparatları vasitəsilə hədəf alınaraq öldürülməsi halları artıb. 2024-2025-ci illərdə müharibə bölgələrində həlak olan 127 müxbirin 40 faizi, yəni 50 nəfəri məhz dron zərbələri nəticəsində həyatını itirib. UNESCO, həmçinin mediaya aid iş yerlərinə və xəbər mərkəzlərinə hücumlar da daxil olmaqla, bir neçə jurnalistin eyni vaxtda öldürüldüyü 7 kütləvi hücum faktını sənədləşdirib. Bundan başqa, 15 jurnalist üzərində aydın şəkildə “PRESS” yazılmış jiletlər geyindiyi və ya mətbuat nişanı olan avtomobillərdə olduğu halda qətlə yetirilib.
Münaqişə zonalarındakı acınacaqlı vəziyyətdən fərqli olaraq, müharibə getməyən ölkələrdə cəzasızlıq səviyyəsi azalıb. Dinc ölkələrdə cəzasızlıq göstəricisi 2012-ci ildəki 94 faizdən 2026-cı ildə 77 faizə düşüb. Bu bölgələrdə öldürülən jurnalistlərin sayı 85-ə enərək son 18 ilin ən aşağı həddinə çatıb.
Qadın jurnalistlər isə həm real həyatda, həm də internetdə daha böyük təhlükələrlə üzləşirlər. 2024-2025-ci illərdə öldürülən 14 qadın jurnalistin 93 faizi münaqişələri işıqlandırarkən həlak olub. BMT Qadın Agentliyi və Beynəlxalq Jurnalistlər Mərkəzinin keçirdiyi sorğuya əsasən, qadın müxbirlərin 75 faizi onlayn təzyiqlərə və zorakılığa məruz qalıb. Onlayn təzyiqlər səbəbindən real həyatda zorakılıqla üzləşən qadınların nisbəti isə 2020-ci ildəki 20 faizdən 2025-ci ildə 40 faizdən çox hissəyə yüksəlib.
UNESCO-nun Baş direktoru Xalid Əl-Enani məsələyə münasibət bildirərək deyib: “Jurnalistlər müharibənin ön cəbhəsindən xəbər vermək üçün getdikcə daha çox öz həyatları ilə bədəl ödəyirlər. Təəssüf ki, çox vaxt bu qətllərə cavabdeh olanlar məsuliyyətə cəlb edilmirlər. Mən BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul etdiyi 2222 saylı qətnaməsinə riayət olunması çağırışımı bir daha təkrar edirəm. Bu qətnamə münaqişə zonalarında jurnalistlərin və media işçilərinin mülki şəxs statusunda qorunmasını tələb edir”.
Təhminə VERDİYEVA,
“Azərbaycan”