Zəngəzur dəhlizi təkcə Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün əhəmiyyətli deyil, həm də qlobal güc mərkəzlərinin strateji hesablamalarında əsas yeri tutur. Bu marşrut geosiyasətə, güc balansına, tranzit təchizatına və bir çox dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üzrə addamların planlaşdırılmasına birbaşa təsir edən amildir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qafqaz Universitetinin (Qars şəhəri) Siyasi elmlər və beynəlxalq münasibətlər şöbəsinin müdiri professor Elnur Həsən Mikayıl söyləyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi sadəcə coğrafi marşrut, iqtisadi layihə və ya yük daşınması üçün texniki marşrut deyil. “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı marşrut Bakıya tarixi yaddaşı, milli maraqları, suveren hüquqları və regional inkişaf baxışını birləşdirməyə imkan verəcək”, - deyə ekspert bildirib.
Agentliyin həmsöhbəti XX əsrin birinci rübündə baş verən faciəli hadisələri xatırladıb – həmin hadisələr zamanı Azərbaycanın tarixi Zəngəzur bölgəsi respublikadan qoparılaraq Ermənistana verilmiş, bu da Türkiyə ilə Azərbaycan arasında təbii birbaşa əlaqə yolunu kəsmişdi. “Azərbaycan xalqının fikrincə, Zəngəzur təkcə ölkənin bölünməsinin sinonimi deyil, həm də gözlənilən birləşmənin rəmzidir”, - deyə o, qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər fonunda Zəngəzurun strateji əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Alim Zəngəzur dəhlizinin Qərbi Azərbaycan məsələsində tarixi ədalətin bərpası üçün də “geosiyasi qapılar” açacağına əminliyini bildirib.
“Məsələ, sadəcə, regionda tarixi ədalətin bərpasında deyil, həm də gələcəyin geosiyasi arxitekturasının qurulmasındadır”, - deyə E.H.Mikayıl sözünə davam edib.
Professor regionda ən proqnozlaşdırıla bilən və sabit oyunçulardan birinə çevrilmiş müstəqil Azərbaycanın uğurlu siyasətinə diqqət çəkərək deyib: “Prezident İlham Əliyevin praqmatik və balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu maksimal dərəcədə artıraraq, respublikanın suveren hüquqlarını gücləndirməyə imkan verib”.
Qafqaz Universitetinin professorunun sözlərinə görə, Bakının güclü xarici siyasətinin əsasını təşkil edəcək Zəngəzur dəhlizi Azərbaycanın bir çox məqsədlərinin - çoxvektorlu iqtisadi inkişaf, logistika üstünlüyü, enerji təhlükəsizliyi, regional nüfuzun artırılması, nəqliyyat və ticarət infrastrukturunun gücləndirilməsi, Türk dünyası ilə inteqrasiya və milli memarlığın modernləşdirilməsinin təmin edilməsinin kəsişmə nöqtəsidir.
E.H.Mikayıl Zəngəzur dəhlizini “Türk dünyasının birləşmək ideyasının reallaşması istiqamətində mühüm addım” adlandırıb və qeyd edib ki, yeni marşrutun açılması bütün regionun geosiyasi xəritəsini dəyişdirəcək, risklərə və çağırışlara daha effektiv cavab verməyə imkan verəcək.
Ekspert qeyd edib ki, yeni marşrutun açılması qlobal iqtisadiyyatda yeni qlobal transformasiyalar fonunda türk dövlətlərinin mövqeyini də gücləndirəcək.
“Zəngəzur dəhlizi seçim məsələsi deyil, strateji zərurətdir”, - deyə E.H.Mikayıl sözünü yekunlaşdırıb.