Ortaq türk
dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum
akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru
Sərdar Zeynalın qeydlərini təqdim edir.
Bəzən insan
özünü milyonların içərisində tənha, kimsəsiz hiss edir. Bəzən də insan cəmiyyətdən
uzaq bir dağ başında, dərə döşündə qəlbinə yatan, onu anlayan, bir sözlə, insanlığa
qiymət verən bir kəslə üz-üzə olanda özünü qaynar bir cəmiyyətin içində hiss edir,
qəlbini fəxarət hissi bürüyür.
Qarşında duran
şəxsin məqsədi, eşqi, amalı vətən, dil, millət, haqq-ədalət olanda isə ona inam,
etibar, güvən daha da çoxalır, bu cür insanları böyüdüb boya-başa çatdırdığı üçün
sənə əbədi məkan olan yurdunla, məkanınla fəxr etməyə bilmirsən.
Yurduna, elminə
layiqincə xidmət edən, otuzdan çox elmlər namizədi, ona yaxın elmlər doktoru-alim
yetişdirən, "Mirzə Kazım bəyi 215 ildən sonra öz ana dilində” danışdırmağa ilk təşəbbüs
göstərən, üç il əvvəl dünyadan köçən akademik Tofiq İsmayıl oğlu Hacıyev belələrindən
idi, başqa cür desək, belələrinin mogikanı sayıla bilərdi.
Qarşılaşdığı
gənclərin ilk gündən elminə, dünyagörüşünə, dilinə, millətinə sevgisinə, bacarığına
xüsusi önəm verən bu millət fədaisi öz arzusuna çatmağa can atanlara kömək göstərməyi
heç zaman unutmadı, bunu öz amalına, əqidəsinə, əxlaq kodeksinə çevirdi. Onun qayğısı
sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da biri mənəm. Otuzdan çox elmi kitabın,
ondan çox tərcümə kitabının, xarici ölkələrdə nəşr olunan 40 əsərin, yüzlərlə məqalənin
müəllifi olan akademik Tofiq Hacıyevin elmi yaradıcılığının əsasını türk dilinə,
onun problemlərinə həsr olunmuş əsərləri təşkil edir.
Akademikin
türkologiya, türk dilləri, ortaq ünsiyyət dili ilə bağlı məqalələrindən birincisi
"Azərbaycan gəncləri” qəzetinin 1970-ci il 12 fevral nömrəsində dərc olunan "İstedadlı
türkoloq” məqaləsidir. Məqalədən də görünür ki, o hələ gənc yaşlarından türkologiya
ilə dərin maraqlanmış, bu sahədə çalışan alimlərin yaradıcılığına xüsusi diqqət
yetirirdi. Bunun ardınca akademik türkologiya məsələləri ilə dərindən və mütəmadi
məşğul olur, bir-birinin ardınca "Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?” ("Ədəbiyyat
və incəsənət”, 27 noyabr 1987), "Dilimizin tarixi: onu yaxşı bilirikmi?” ("Azərbaycan
gəncləri”, 20 aprel 1989), "Bugünkü türk kitabları” ("Ədəbiyyat” qəzeti, 10 may
1991), "Türkoloji qurultay: gündəliyi və problemlərinin taleyi” ("Ədəbiyyat qəzeti”,
18 noyabr 1996), "Birinci Türkoloji Qurultayda ədəbi dil məsələsi ("Ədəbiyyat” qəzeti,
16 dekabr 2015), "Türk dilində sözün morfoloji inkişafı (Türk dillərinin leksik-morfoloji
inkişafı)” (ADU nəşri, 1981, səh 15-25) və
digər məqalə və kitablarını çap etdirib. Bütün əsərlərində türkdilli xalqlar üçün
ortaq türk dili məsələsini qabardan akademik fikirlərinə "Türklər üçün ortaq ünsiyyət
dili” əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda əks etdirib. Bu əsərin
əsas mövzusu dünyada yaşayan türklərin bir-birlərini aydın başa düşmələri, eyni
zamanda onları həm də qırılmaz tellərlə bir-birinə bağlayan ortaq ünsiyyət dili
olan türk dili məsələsidir.
Kitabın "Ön
söz yerinə” adlanan giriş bölməsi ümummilli lider, görkəmli siyasi xadim Heydər
Əliyevin bu cümlələri ilə başlayır: "Müasir türk dünyası yeni yüksəliş mərhələsini
yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı
addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir”.
Müəllif qeyd
edir ki, "Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında
anlaşma problemi
olmamışdır”.
Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu qardaş,
dili bir, dini bir millətlər arasında süni uçurumlar yaranmağa, onlar arasındakı
sıx əlaqələr zəifləməyə başlamışdır.
Akademik bu
məsələ ilə bağlı Engelsin Marksa yazdığı məktubunda öz əksini tapan fikirləri nümunə
göstərir: "Engels fikrinə belə şərh verir ki, məsələn, Almaniyada, İngiltərədə,
Fransada hər millət öz etnik atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi
yaşamalıdır. Və bu ruslaşdırma siyasəti əksəriyyəti rus imperiyasında yaşayan türklərin
anlaşma rahatlığını pozdu”.
Görkəmli alimin
özü türk xalqlarının başına gətirilən müsibətlər, onların anlaşma rahatlığının nə
zamandan pozulduğunu çox gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə özü ifadə
etmək istəmirdi. Çünki bu fikrin öz yurdunu və dilini sevən bir türkoloq tərəfindən
söyləndiyi üçün onun yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini
və münasibətini Marksın fikirləri ilə ifadə edir, yüz illərlə yaşadığımız bu müstəmləkə
acısı və həsrət hissinin haradan və nə vaxtdan başlandığını dolayısı ilə olsa da,
gələcək nəsillərə çatdırırdı.
Akademik bu
məsələdə XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralının
türk birliyi üçün "İşdə, fikirdə, dildə bir” ideyasını rəhbər tutaraq, türk xalqları
arasında digər əlaqələrin başlanğıcının da bu ideyadan qaynaqlandığını ilk dəfə
olaraq irəli sürdü. Alim bir olmağın, birləşməyin, böyük bir xalqın (eyni zamanda
bütün türk xalqlarının) taleyinin gələcəkdə yalnız bu birlikdən asılı olduğunu dəlillərlə
sübut edir. Müəllif bununla bağlı yazır: "XX əsrin əvvəllərində Azərbaycanda Əli
bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər.
Əlbəttə, bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın,
həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı.
Bu məsələ müzakirə oluna-oluna, çözülə-çözülə sovetlərə qədər uzandı. 1926-cı il
Bakı Türkoloji qurultayında gündəliyə düşdü, 1937-ci il repressiyasından sonra qəti
olaraq dayandı. Bir də Sovet İttifaqı dağılandan sonra müstəqil türk dövlətlərinin
yaranması ilə Türkiyədə Uluslararası türk dili qurultaylarında bu mövzu yenidən
qaldırıldı”.
Tofiq Hacıyev
illərdən bəri öz dilinin, xalqının, yurdunun böyüklüyünü bütün dünyaya bəyan etmək,
göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy
Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi
çıxış edir, bu işi başa çatdırmağı özünün bir vətəndaş, türklük borcu sayırdı. Bu
ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk xalqlarının
nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər
bir türk üçün həqarət sayırdı. O, Mahmud Kaşğarinin "Türkün ürəyinə girmək üçün
onunla onun dilində danışmaqdan başqa yol yoxdur” fikrini əsas tutaraq yazırdı:
"Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvi-psixoloji
hissiyyat, doğmalıq duyulur”.
Görkəmli türkoloq
yaşadığımız dövrdə türk xalqlarının inkişafi, dil birliyi üçün hər cür şəraitin
yarandığını söyləyir, bu işin həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin
də böyük səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat gətirir:
"Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin.
Bunu etmək üçün bütün imkanlar vardır”.
Böyük türkoloq
ortaq türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən
dövlət qayğısının genişlənməsindən qürurlanır və bundan böyük fəxarət hissi duyaraq
yazırdı: "Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili
işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar”.
Akademik ulu
öndər Heydər Əliyevin riyazi dəqiqliklə düsturlaşdırdığı "Biz bir millət, iki dövlətik”
ifadəsinə böyük qiymət verərək bu cür birliyi təkcə Türkiyə və Azərbaycan arasında
deyil, digər altı müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Müəllif adları
qeyd olunan türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını
türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk
dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq ortaq
türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da olduğunu qeyd edir
və məsələ ilə bağlı 2000-ci il aprelin 8-də "Dədə Qorqud” kitabının 1300 illik yubileyinə
gələn Qırğızıstanın məsul dövlət adamının "Biz bir millət, altı dövlətik” ifadəsini
yüksək dəyərləndirirdi.
Tofiq Hacıyev
ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında
yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə
yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq
ünsiyyət dilindən - türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən
başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən
bu ideyanın qarşısında duran məqsədin səhv başa düşülməsini istəməyən bu vətən sevdalı
alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: "Ümumi türk dili formalaşa
bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən
birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə
işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin
ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri
ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili,
beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə
şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik
sevməz”.
Bu cavabda
alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili olacaq türk dilindən əlavə digər türk
dillərinə - qazax, qırğız, özbək, türkmən dillərinə də olan sevgisi özünü büruzə
verir. O bilir ki, öz kökündən üzülən ağac nə qədər nəhəng olsa da, son anda məhvə
məhkumdur. O, türklər üçün ortaq ünsiyyət dili olan "Türk dili”nin daha da inkişaf
etmiş, şaxələnmiş müxtəlif türk dilləri əsasında qurulması arzusunda olduğunu qabardır.
Azərbaycanın
yurdsevər oğulları həmişə öz doğma dilinin qayğısına qalmış, onun gələcək taleyi
ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin nəticəsində
onun təsir dairəsinin nə vaxtsa daralması qorxusu onları rahat buraxmırdı. Onlar
türk xalqlarının get-gedə bir-birindən uzaq düşməsinin son nəticədə uçurumlar yaradacağından
qorxaraq, həmişə bu fikri yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər. Bu ayrılmaların
son nəticəsindən qorxan böyük Azərbaycan şairi Almas İldırım
"Türk elləri
bir-birinə yadlanır,
Qazax, qırğız,
özbək, türkmən adlanır”
- deyə haray
çəkirdi. O, sanki böyük türkcəmizin bölünə-bölünə öz böyüklüyünü itirəcəyindən ehtiyat
edirdi.
Türkiyə türkcəsinin
ortaq ünsiyyət dili səviyyəsinə keçməsi uğrunda mübarizə aparan akademik Tofiq Hacıyev
isə Almas İldırımın bu narahatlığını onun şairliyindən irəli gələn emosional bir
narahatlıq adlandırır və bununla bağlı yazırdı: "Bir ana dili əsasında dil ailəsinin
yaranması və onun tərkibindəki dillərin getdikcə ana dilindən və eləcə də tədricən
törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai-tarixi təbii hadisədir,
elmin qəbul və təsdiq etdiyi faktdır. Dillərin ayrılması və getdikcə uzaqlaşması
dilin inkişaf qanunudur. Zərərli, ziyanverici hadisə deyil”.
Beynəlxalq
tədbirlərdə əcnəbi dillərin hegemon rola malik olduğunu, bu dillərin işlək olduğunu
görən böyük alim özünün bəxtinə yazılmış, şirin türk dilinin bu səviyyədə inkişaf
etməməsini, bəlkə də, qüruruna sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti, tarixi, ədəbi
nümunələri cəhətdən daha zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar arasında
özlərinə yaraşan bir dildə ünsiyyət qurmaq arzusunu ürəyində bir dərd kimi yaşadırdı.
Yüz illər boyu vətənpərvər övladlar tərəfindən ürəklərdə yaşayan bu dərd, bəlkə
də, nə vaxtsa öz dərmanını tapacaq və yad dillərin yardımına ehtiyac duyulmayacaq.
Onda təkcə akademik Tofiq Hacıyevin yox, eyni zamanda ulu Mahmud Kaşğari, Krım tatarı
İsmayıl bəy Qaspıralı, Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə (Turan)
və Türkiyə ziyalısı Ziya Göyalpın ruhları şad olacaq.