Bakıda 2026-cı ilin ən mühüm beynəlxalq tədbirlərindən biri
olan 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) davam edir. BMT-nin Məskunlaşma
Proqramı - UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən
forum dünyanın urbanizasiya gündəmini müəyyən edən ən nüfuzlu platformalardan
biridir. Bakı forumu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ətrafında çağırışları və
gələcək inkişaf strategiyalarını müzakirə etmək məqsədi daşıyır. Dünyanın 182
ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi isə forumun
miqyasını və beynəlxalq əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.
Forumun keçirildiyi ilk gündən etibarən paytaxtımız tamamilə
fərqli bir ab-havaya bürünüb. Şəhərin müxtəlif nöqtələrində yerləşdirilən forum
simvolları, beynəlxalq nümayəndə heyətlərinin intensiv hərəkəti, müxtəlif dillərdə
danışan insanların gəzintisi Bakının qlobal dialoq məkanına çevrildiyini hiss
etdirir. Tədbirin əsas ünvanlarından biri olan Bakı Olimpiya Stadionu ətrafına
yaxınlaşdıqca isə forumun miqyası daha aydın görünür. Stadionun ətrafında
yaradılan xüsusi infrastruktur, təhlükəsizlik tədbirləri, böyük media
platformaları və beynəlxalq pavilyonlar burada dünyanın ən böyük şəhərsalma tədbirlərindən
birinin keçirildiyini nümayiş etdirir.
Forum məkanına daxil olan ziyarətçiləri ilk olaraq Azərbaycanın
milli-mədəni irsini əks etdirən dekorativ elementlər qarşılayır. Ərazidə
istifadə olunan vizual konsepsiya qədim milli ornamentlərlə müasir memarlıq
estetikasını birləşdirir. Giriş hissəsindən başlayaraq, buta naxışlı dekorlar,
xalça motivləri, milli ornamentli pərdələr və Azərbaycan mədəniyyətinə aid
simvollar diqqəti cəlb edir. Burada məqsəd yalnız beynəlxalq tədbir keçirmək
deyil, həm də ölkənin zəngin tarixini, mədəniyyətini və milli kimliyini xarici
qonaqlara təqdim etməkdir.
Forum zonasının ümumi sahəsi 53 hektarı əhatə edir. Bu ərazidə
plenar iclas zalları, sərgi pavilyonları, media mərkəzləri, innovasiya məkanları,
açıq hava platformaları və müxtəlif müzakirə sahələri qurulub. Açılış və
bağlanış mərasimlərinin keçirildiyi əsas zal eyni vaxtda 6 min nəfəri qəbul etmək
imkanına malikdir. Gün ərzində burada müxtəlif sessiyalar, panel müzakirələri,
təqdimatlar və tematik tədbirlər təşkil olunur. Şəhərsalma sahəsində fəaliyyət
göstərən ekspertlər, memarlar, urbanistlər, investorlar, dövlət rəsmiləri, beynəlxalq
təşkilat nümayəndələri və ekologiya üzrə mütəxəssislər bir araya gələrək gələcəyin
şəhərlərinin necə qurulmalı olduğunu müzakirə edirlər.
Forumun əsas diqqət mərkəzində dayanıqlı inkişaf və
urbanizasiya problemləri dayanır. İqlim dəyişikliklərinin şəhərlərə təsiri,
"yaşıl enerji" mənbələrinin genişləndirilməsi, ekoloji tarazlığın
qorunması, rəqəmsal transformasiya, əlçatan nəqliyyat sistemləri və inklüziv şəhər
mühiti tədbirin aparıcı mövzularındandır. Sessiyalarda xüsusilə sürətlə artan şəhər
əhalisinin yaratdığı problemlər, yaşayış sahələrinin çatışmazlığı, ekoloji
risklər və gələcək urbanizasiya modelləri ətrafında geniş fikir mübadiləsi
aparılır. Dünyanın müxtəlif regionlarından gələn nümayəndələr öz ölkələrinin təcrübələrini
təqdim edir, şəhərlərin inkişafında tətbiq olunan innovativ yanaşmalar haqqında
məlumat verirlər.
Forum yalnız müzakirə platforması deyil, eyni zamanda müxtəlif
mədəniyyətlərin qovuşduğu böyük beynəlxalq məkandır. Burada dünyanın fərqli ölkələrindən
olan insanlar bir-biri ilə ünsiyyət qurur, təcrübə paylaşır və əməkdaşlıq
imkanlarını müzakirə edirlər. Sərgi zonalarında yerləşən pavilyonlarda müxtəlif
dövlətlərin şəhərsalma layihələri, texnoloji yenilikləri və urban inkişaf
konsepsiyaları nümayiş etdirilir. Bəzi pavilyonlarda "ağıllı şəhər"
texnologiyaları təqdim olunur, digərlərində isə ekoloji həllər, "yaşıl
memarlıq" layihələri və alternativ enerji sistemləri nümayiş etdirilir.
Azərbaycan pavilyonu isə forum iştirakçılarının ən çox maraq
göstərdiyi məkanlardan biridir. Burada ölkənin milli-mədəni irsi, memarlıq ənənələri
və müasir inkişaf modeli bir arada təqdim olunur. Pavilyonda Azərbaycanın qədim
şəhərsalma ənənələri ilə yanaşı, son illərdə həyata keçirilən genişmiqyaslı
quruculuq layihələri də nümayiş etdirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan
yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd"
konsepsiyaları, "yaşıl enerji" layihələri xarici qonaqlarda xüsusi
maraq doğurur.
Sərgi ərazisində Azərbaycanın regionlarına aid milli geyim
nümunələri də nümayiş olunur. Lahıc, Quba, Şirvan, Zaqatala, Qarabağ və
Naxçıvan bölgələrinin milli geyimləri qədim sənətkarlıq ənənələrinin canlı nümunəsi
kimi təqdim edilir. Hər bir geyimin yanında onun hazırlanma texnologiyası,
istifadə olunan materiallar və üzərindəki ornamentlər barədə məlumat lövhələri
yerləşdirilib. Ziyarətçilər geyimlərdəki zərif tikmə elementlərini, qədim
toxuculuq sənətinin incəliklərini və zərgərlik nümunələrini yaxından izləyirlər.
Ən böyük maraq doğuran məkanlardan biri də xalçaçılıq guşəsidir.
Burada peşəkar xalça ustaları öz əl işlərini nümayiş etdirir, qonaqlara Azərbaycan
xalçaçılıq sənətinin tarixindən danışırlar. Xarici ziyarətçilər yalnız sərgiyə
baxmaqla kifayətlənmir, eyni zamanda toxuculuq prosesində iştirak etməyə dəvət
olunurlar. Xalçaçı xanımlar ilmələrin necə vurulduğunu, naxışların necə
formalaşdığını izah edir, qonaqlar isə bu qədim sənətin incəliklərini öyrənməyə
çalışırlar. Bu guşə forum iştirakçıları üçün həm maarifləndirici, həm də
maraqlı milli mədəni təcrübənin bölüşməsinə çevrilib.
Sərgi boyunca milli geyimli gənclər xarici qonaqları
qarşılayır, onlara Azərbaycan mədəniyyəti, adət-ənənələri və tarixindən ətraflı
məlumat verirlər. Müxtəlif dillərdə ünsiyyət quran könüllülər forumun ən fəal
iştirakçıları sırasında yer alırlar. Onlar qonaqlara tədbir məkanında istiqamət
göstərir və Azərbaycan haqqında sualları cavablandırırlar. Forumun beynəlxalq
xarakteri gənclərin kommunikasiya bacarıqlarını nümayiş etdirməsi üçün də geniş
imkan yaradıb.
İştirakçıların xüsusi maraq göstərdiyi pavilyonlardan biri də
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunan
ekspozisiyadır. "İnklüzivlik və Yaradıcılığın Qovuşduğu Məkan" adı
altında təqdim olunan pavilyonda mərkəzin təlimçiləri və benefisiarlarının
hazırladığı yaradıcılıq nümunələri nümayiş etdirilir. Burada keramika, vitraj,
bədii oyma, rəsm və dekorativ-tətbiqi sənətin müxtəlif istiqamətlərinə aid əl
işləri sərgilənir. Pavilyonda Azərbaycanın tarixi memarlıq nümunələrini əks
etdirən sənət əsərləri xüsusilə diqqət çəkir.
Mərkəzin fotoqrafiya istiqaməti üzrə hazırladığı xüsusi sərgi
də ziyarətçilərin böyük marağına səbəb olub. Burada Bakının tarixi küçələri,
müasir memarlıq nümunələri və paytaxtın urbanistik mənzərəsini əks etdirən
fotolar nümayiş olunur. Şəhərin qədim və müasir simasının eyni sərgidə təqdim
edilməsi Bakıdakı inkişaf dinamikasını aydın şəkildə göstərir.
Forum çərçivəsində hər gün müxtəlif master-klaslar təşkil
olunur. Ziyarətçilər burada keramika hazırlanması, rəsm, xalçaçılıq, dekorativ
sənət nümunələrinin işlənməsi və digər yaradıcılıq proseslərində iştirak edə
bilirlər. Ən çox maraq doğuran məqamlardan biri isə xarici qonaqların bu proseslərə
böyük həvəslə qoşulmasıdır. Onlar Azərbaycan sənətkarları ilə birlikdə müxtəlif
əl işləri hazırlayır, milli mədəniyyətin bir parçasına çevrilirlər.
Tədbirin ən rəngarəng hissələrindən biri isə musiqi
proqramlarıdır. Azərbaycan pavilyonunda gün ərzində milli musiqilər səsləndirilir,
canlı ifalar təqdim olunur. Tar, kamança və nağara sədaları sərgi məkanına
xüsusi ab-hava qatır. Xarici qonaqlar milli musiqiləri maraqla dinləyir, yerli
iştirakçılarla birlikdə rəqs edirlər. Musiqi proqramları forumun rəsmi hissəsinə
mədəni rəng qatmaqla yanaşı, Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya
təqdimatında mühüm rol oynayır.
Forum iştirakçılarının diqqət çəkdiyi məqamlardan biri də Azərbaycanın
müasir inkişaf modelinin təqdimatıdır. Pavilyonlarda ölkədə həyata keçirilən
infrastruktur layihələri, yeni yaşayış kompleksləri, nəqliyyat sistemləri və
ekoloji təşəbbüslər haqqında məlumat verilir. Xüsusilə azad edilmiş ərazilərdə
həyata keçirilən yenidənqurma layihələri beynəlxalq qonaqlarda böyük maraq
doğurur. Burada təqdim olunan maketlər və rəqəmsal təqdimatlar gələcəyin şəhərlərinin
necə formalaşdırıldığını əyani şəkildə göstərir.
"WUF13" yalnız şəhərsalma forumu deyil, həm də
beynəlxalq əməkdaşlıq platformasıdır. Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri
arasında ikitərəfli görüşlər keçirilir, yeni tərəfdaşlıqlar qurulur və birgə
layihələr müzakirə olunur. Bir çox beynəlxalq şirkətlər və investorlar forumu gələcək
əməkdaşlıqlar üçün mühüm imkan kimi qiymətləndirirlər. Burada təqdim olunan
innovativ həllər və urban inkişaf layihələri gələcək illərdə müxtəlif ölkələrdə
tətbiq oluna biləcək yeni yanaşmaların əsasını təşkil edir.
Şəhərin böyük beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi
Azərbaycanın təşkilati imkanlarını və beynəlxalq nüfuzunu bir daha nümayiş
etdirir. Xarici qonaqların böyük hissəsi Bakının təhlükəsizliyi, şəhər
infrastrukturu, təmizliyi və müasir görünüşü haqqında müsbət fikirlər səsləndirirlər.
Forum günlərində paytaxt dünyanın müxtəlif ölkələrindən gələn minlərlə insanın
görüş nöqtəsinə çevrilib.
Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, gələcəyin
şəhərləri yalnız böyük binalar və müasir texnologiyalar üzərində qurulmur.
Burada əsas məsələ insan amili, sosial inklüzivlik, ekoloji təhlükəsizlik və
dayanıqlı inkişafdır. Forum iştirakçıları hesab edirlər ki, gələcəyin şəhərləri
həm texnoloji, həm ekoloji, həm də sosial baxımdan balanslı olmalıdır. Bu
baxımdan, Bakıda keçirilən forum qlobal urbanizasiya gündəliyinin
formalaşdırılmasına mühüm töhfə verir.
Ülkər XASPOLADOVA,
İlham
BABAYEV (foto),
"Azərbaycan"