Tehrandan seçilən millət vəkili səs çoxluğu ilə vəzifəsini qoruyub saxlayıb
Tehrandan olan millət vəkili Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin sədri seçilib. Yarırəsmi Fars xəbər agentliyinin məlumatına görə, mühafizəkarlara yaxınlığı ilə tanınan Qalibaf, 12-ci çağırış Məclisin üçüncü ili üçün parlament sədri vəzifəsinə səsvermədə mühafizəkar millət vəkili Məhəmməd Təqi Nəğdəli və Osman Salari ilə yarışıb.
Parlament səsverməsindən sonra Qalibaf 276 səsdən 235-ni toplayaraq yenidən Məclis sədri seçilib. Nəğdəli 29, Salari 7 səs alıb və 5 bülleten etibarsız hesab edilib.
Ərdəbildən olan millət vəkili Əli Nikzad 143 səs, Həmədandan olan deputat Həmid Rza Hacıbabai isə 100 səs alıblar.
İranda parlament seçkiləri hər dörd ildən bir, parlament sədrinin seçkiləri isə hər il keçirilir.
Məhəmməd Bağır Qalibaf 1961-ci ildə Məşhəddə anadan olub. O, Tehran Universitetinin Siyasi coğrafiya fakültəsini bitirib. İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində çalışarkən siyasi coğrafiya üzrə doktorluq dərəcəsi alıb.
1994-cü ildə Qalibaf böyük dövlət layihələrini və müqavilələrini həyata keçirmək üçün yaradılan “Xatəm əl-Ənbiya” tikinti qərargahına rəhbərlik edib.
9 iyul 1999-cu il tarixdə Tehran Universitetinin tələbələrinin hökumət əleyhinə etirazlarından sonra o, ovaxtkı islahatçı prezident Məhəmməd Xatəmiyə qarşı ordudan təhdid məktubu imzalayıb.
Qalibaf illər ərzində İranın polis rəisi vəzifəsində çalışıb və 2005-ci ildən 2017-ci ilə qədər Tehranın meri olub.
2017-ci ildə İranın Ali Lideri Əli Xamenei onu Siyasi məqsədyönlülüyün müəyyənləşdirmə şurasına təyin edib.
\Elə həmin il Qalibaf prezidentliyə namizədliyini irəli sürüb, lakin başqa bir mühafizəkar namizəd İbrahim Rəisinin lehinə geri çəkilib.
Qalibaf hazırda həm parlamentin spikeri, həm də ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri vəzifəsini tutur.
Rizvan CƏFƏROV,
“Azərbaycan”