Azərbaycan aqrobiznesi indi tarixi bir dönüş nöqtəsindədir. Ənənəvi torpaq təsərrüfatından "ağıllı texnologiyaların" tətbiqi və innovativ texnologiyalara keçid ölkənin kənd təsərrüfatını məhsul istehsal edən sahədən dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq ekosisteminə çevirir. Burada hər bir səpin, əkin, investisiya və innovasiya yalnız məhsul üçün deyil, həm də iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi və kənd yerlərinin davamlı rifahı üçün atılan strateji addımdır. Süni intellekt, rəqəmsal idarəetmə sistemləri və "ağıllı kənd təsərrüfatı" Azərbaycan fermerlərini qlobal bazara çıxarmaq və əlavə dəyər yaratmaq imkanı ilə təmin edir.
Bu yeni dövrdə dünən Bakıda fəaliyyətə başlayan "Caspian Agro Week" sərgisi çərçivəsində V Aqrobiznesin İnkişafı Forumu kənd təsərrüfatı və aqrobiznes sahəsində ölkənin gələcək inkişaf perspektivlərini müzakirə etmək üçün geniş imkan yaradır. Forumda texnologiyalar, investisiya imkanları və dayanıqlı inkişaf modelləri ilə bağlı fikir mübadiləsi aparılır, kənd təsərrüfatı siyasətinin gələcək prioritetləri müəyyənləşdirilir. Tədbirin əsas məqsədi yalnız kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq deyil, həm də bütün dəyər zənciri olan istehsal, emal, logistika, maliyyə və bazara çıxış imkanlarını bir platformada birləşdirərək aqrobiznesin dayanıqlı inkişafını təmin etməkdir. Belə yanaşma ölkədə aqrar sektorun rəqabətqabiliyyətini artırmaq, yüksək əlavə dəyər yaradan məhsullar istehsal etmək və beynəlxalq bazarlarda mövqeləri gücləndirmək üçün mühüm rol oynayır.
Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş, əvvəllər "Caspian Agro" adlanan sərgi ilk dəfə bu il yeni konseptdə - "Caspian Agro Week" formatında təşkil olunub. Regionun ən nüfuzlu platformalarından olan "Caspian Agro Expo" artıq, sadəcə, texnologiyaların nümayiş olunduğu məkan deyil. Bu genişmiqyaslı platforma strateji dialoq, tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəzə çevrilib.
Bu gün də davam edən forum çərçivəsində milli aqro-ərzaq gündəliyi üzrə prioritet mövzulara, yəni ərzaq təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf məsələlərinə diqqət yetirilir. Burada dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq sistemlərinin formalaşdırılması, rəqəmsal transformasiya və süni intellektin kənd təsərrüfatına tətbiqi, fermerlərin iqlimə davamlı təcrübələrə keçidinin sürətləndirilməsi, eləcə də investisiya və ixrac imkanlarının genişləndirilməsi kimi vacib mövzular müzakirə olunur. Bunlarla yanaşı, forum iştirakçıları kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və resursların səmərəli idarə olunması yollarını da müzakirə edirlər. Diskussiyalarda fermerlərin maliyyə imkanlarının genişləndirilməsi, sığorta və kredit mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin kənd təsərrüfatı məhsullarının yerli və beynəlxalq bazarlara çıxışının asanlaşdırılması məsələləri çıxışlarda yer alır. Forum həmçinin gənc fermerlərin və yeni sahibkarların aqrobiznes ekosisteminə inteqrasiyasını, eləcə də yerli istehsalın keyfiyyət və rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Beləliklə, bu tədbir yalnız texnologiyaların təqdimatı üçün deyil, eyni zamanda strateji dialoq, təcrübə mübadiləsi və aqrar siyasətin gələcək prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, aqrobiznes yerli və qlobal səviyyədə kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli olmasını təmin edən kompleks ekosistemdir. Müasir aqrobiznes ənənəvi fermer təsərrüfatından fərqli olaraq, texnologiya və elmi biliklərə əsaslanır. Burada "ağıllı kənd təsərrüfatı" prinsipləri, rəqəmsal transformasiya və süni intellektin tətbiqi əhəmiyyətli rol oynayır. Belə yanaşma məhsul istehsalının artırılması ilə yanaşı, əlavə dəyərin yaradılmasını, emal və logistika proseslərinin optimallaşdırılmasını, eləcə də ixrac potensialının gücləndirilməsini təmin edir.
Aqrobiznes eyni zamanda sosial və iqtisadi məqsədlərə xidmət edir. O, fermerlərin gəlirlərini artırmaq, kənd yerlərində məşğulluğu genişləndirmək, ərzaq təhlükəsizliyini təmin etmək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə vermək imkanına malikdir. Dövlət və özəl sektorun birgə fəaliyyəti sayəsində aqrobiznes ekosistemi formalaşır ki, bu da ölkənin kənd təsərrüfatı potensialını maksimum dərəcədə reallaşdırmağa imkan yaradır. Qısaca desək, aqrobiznes kənd təsərrüfatının bütün mərhələlərini birləşdirən, innovasiya və texnologiya ilə dəstəklənən, iqtisadi, sosial və strateji əhəmiyyət daşıyan geniş iqtisadi sahədir.
Bu mənada ölkədə aqrobiznesin inkişaf istiqamətləri və əldə olunan nəticələr barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun V forumda dünənki təqdimatı mühüm rol oynayır. Nazir vurğulayıb ki, aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır: "Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Təkcə 2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib. Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır".
Forum çərçivəsində sahibkarlar, dövlət qurumları və beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi reallaşdırıldı, innovativ texnologiyalar, rəqəmsal transformasiya, istehsalın səmərəliliyi və ixrac imkanları ilə bağlı mövzular ətrafında müzakirələr aparıldı. Bu tədbir həm də ölkədə aqrobiznesin dayanıqlı inkişafına, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə və yerli istehsalçıların beynəlxalq bazarlara çıxışına dəstək verir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"