07 May 2026 08:50
103
SİYASƏT
A- A+
Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin İrəvanda baş tutmuş 8-ci Zirvə toplantısında çıxışının məzmunu və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfərində ehtiva olunan ritorika bir daha göstərdi ki, rəsmi Bakı xarici siyasətində bərabərhüquqlu tərəfdaşlıq və milli maraqların mütləq suverenliyi prinsiplərini rəhbər tutaraq Cənubi Qafqazın geosiyasi mənzərəsini diktə edən gücə çevrilib. Bu mənada böyük yeddiliyin vacib üzvü olan İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri sadəcə iki dövlət arasında növbəti protokol görüşü deyil, qlobal məzmun daşıyan və Avrasiyanın enerji və siyasi arxitekturasını yenidən dizayn edən tarixi bir hadisəyə çevrilə bildi.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki,  Meloninin regiona səfər trayektoriyası, yəni İrəvan və ardınca Bakı İtaliyanın balanslı xarici siyasətini göstərdi. Prezident İlham Əliyev də çıxışında bildirdi: "Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür". Digər tərəfdən, İtaliya Avropa İttifaqı daxilində Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü ən yaxşı anlayan və dəstəkləyən ölkələrdən biridir. Bəzi Avropa İttifaqı ölkələrinin birtərəfli region siyasətindən fərqli olaraq, Roma Bakı ilə praqmatik, qarşılıqlı hörmətə əsaslanan dialoqa üstünlük verir. Eyni zamanda Azərbaycan üçün İtaliya Avropa institutlarında və beynəlxalq platformalarda öz həqiqətlərini çatdırmaq və əməkdaşlığı gücləndirmək üçün etibarlı və nüfuzlu bir "qapı" rolunu oynayır. Yəni bir sözlə, Meloninin bu səfəri regional təhlükəsizlik və qlobal enerji böhranları fonunda Bakı və Roma arasındakı ittifaqın sadəcə iqtisadi asılılıq deyil, həm də Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm siyasi vasitə olduğunu təsdiqləyir.

Deputat qeyd edib ki, bu səfər və onun doğurduğu rezonans Qərbin bəzi neoimperialist dairələrinin, xüsusilə Fransada təmərküzləşmiş ermənipərəst güc mərkəzlərinin, o cümlədən Avropa Parlamenti kimi bölgəmizə dair birtərəfli, qərəzli ssenarilər cızmağa çalışan subyektlərin fəallaşmağa çalışdığı bir dönəmdə Prezident İlham Əliyevin balanslı və çoxvektorlu praqmatik xarici siyasət kursunun, habelə şəxsi nüfuzu hesabına rəsmi Bakının G7-nin aparıcı üzvü olan İtaliyanın tamam fərqli, praqmatik və beynəlxalq hüquqa söykənən mövqe ortaya qoymasına nail ola bildiyini göstərir: "Bu mənada İtaliya Baş naziri Ciorcia Meloninin Bakıya rəsmi səfəri, iki ölkə arasındakı münasibətlərin sadəcə alıcı-satıcı, ticari fəaliyyət münasibətlərindən çıxaraq strateji geosiyasi tərəfdaşlıq müstəvisinə uğurlu praktik keçid etdiyinin nümayişidir. Liderlərin ritorikası da bir daha göstərdi ki, Roma Bakı ilə münasibətlərini həm "Şərq-Qərb" dəhlizinin mərkəzi oxu, həm də Avropanın xilaskar tərəfdaşı müstəvisində qiymətləndirir. Bu səfər fonunda bir daha təsdiqləndi ki, Azərbaycan-İtaliya əlaqələrində ilk nəzərəçarpan məqam enerji amilinin münasibətlərin təməl sütunu olaraq qalmasıdır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına nəql olunub. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə birgə mətbuata bəyanatlarla çıxış zamanı Prezident İlham Əliyevin də ifadə etdiyi kimi: "Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur". Bu, o deməkdir ki, İtaliya Azərbaycan neftinin ən böyük idxalçısı olmaqla bərabər Trans-Adriatik Boru Kəməri vasitəsilə illik qaz tələbatının əhəmiyyətli hissəsini - təqribən 16-38 faizini Azərbaycandan təmin edir. Eyni zamanda İtaliya son illərdə sadəcə qaz istehlakçısı deyil, həm də Azərbaycan qazını Avropanın içərilərinə, Avstriya və Almaniyaya kimi dövlətlərə ötürən strateji tranzit qovşağına çevrilib. Cənab İlham Əliyevin maraqları uğurla uzlaşdırmasının nəticəsidir ki, Meloni hökuməti də bu layihələrin genişləndirilməsində və Avropanın enerji coğrafiyasının şaxələndirilməsində kifayət qədər maraqlıdır", - deyə o bildirib.

B.Məhərrəmov deyib ki, iqtisadiyyatın diversifikasiyası və sənaye əməkdaşlığı istiqamətində önəmli perspektivlər artıq daha real qiymətləndirilir. İkitərəfli əlaqələr artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. Hökumətlərarası komissiyanın qəbul etdiyi fəaliyyət planları çərçivəsində sənaye, infrastruktur, kosmik texnologiyalar və bərpaolunan enerji sahəsində İtaliyanın "Eni", "Snam", "Leonardo" və digər aparıcı şirkətləri də daxil olmaqla, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir və ərazilərin yenidən qurulmasında yaxından iştirak edirlər.

Deputat bildirib ki, Azərbaycan-İtaliya siyasi etimadın köklərinin və ikitərəfli əlaqələrinin bu gün xüsusi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təsadüfi deyil: "Bu əməkdaşlığın təməlləri hələ Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya reallaşdırdığı ilk rəsmi səfərlə atılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə keyfiyyətcə yeni, sarsılmaz bir ittifaqa çevrilib. Azərbaycan dövləti digər tərəfdaşları ilə olduğu kimi, İtaliya ilə də konyuktur maraqlar çərçivəsində heç vaxt danışmır. Məhz buna görə də İtaliya rəsmiləri ölkəmizə səfərləri zamanı hər zaman rəsmi Bakının beynəlxalq hüquqa sadiqliyini və regional liderliyini xüsusi qeyd edirlər. Prezident İlham Əliyev italyan həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya etdiyi tarixi səfərlər zamanı və Bakıda keçirilən mətbuat bəyanatlarında bu sarsılmaz əlaqələrin əhəmiyyətinin bütövlükdə region üçün önəmli olduğuna, eyni zamanda bu tərəfdaşlığı təkcə İtaliyanın deyil, bütövlükdə cənub-şərqi Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilməsinə diqqət çəkib. Məhz bu qarşılıqlı etimad mühiti fonunda bu gün İtaliya dərk edir ki, Avropanın enerji asılılığı ilə üz-üzə qaldığı həssas dönəmlərdə Azərbaycan kimi etibarlı və sözünə imzası qədər sadiq olan bir tərəfdaşa malik olmaq əvəzsiz strateji üstünlükdür".

O qeyd edib ki,  iki ölkə arasındakı münasibətləri yalnız neft-qaz kəmərləri və iqtisadi dividendlərlə ölçmək doğru olmaz. İtaliya ilə Azərbaycan arasında sarsılmaz mənəvi və mədəni körpülər mövcuddur ki, bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti misilsiz tarixi xidmətdir. Məhz Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Romada Kapitoli Muzeyindəki qədim abidələrin restavrasiyası, Müqəddəs Marcellinio və Pietro katakombalarının bərpası, habelə Vatikanda həyata keçirilən humanitar layihələr İtaliya cəmiyyətində Azərbaycan xalqının tolerant, multikultural və yüksək mədəniyyətə malik obrazını birdəfəlik həkk etmişdir. Təsadüfi deyil ki, bu müstəsna xidmətlərinə görə Mehriban Əliyeva İtaliya dövlətinin ən yüksək mükafatı olan "İtaliya Respublikasının Şərəf Ordeninin Cəngavər Böyük Xaçı" və Vatikanın ən ali müqəddəs ordenləri ilə təltif edilib. Bu humanitar diplomatiya rəsmi Romanın siyasi qərarlarına da müsbət mənada təsirini göstərib və erməni lobbisinin təzyiqi altında olan bəzi Avropa institutlarından fərqli olaraq, İtaliya parlamenti və dövlət rəsmiləri hər zaman Azərbaycanın haqq işini, ərazi bütövlüyünü və postmüharibə dövründə bölgədə yaratdığı yeni reallıqları tam və qəti şəkildə dəstəkləyən mövqe ilə çıxış edib.

B.Məhərrəmov bildirib ki, ötən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılması da bu humanitar fəaliyyətin uğurlu davamı hesab edilməlidir: "Bu addım Azərbaycanda təhsilin inkişafına çox böyük təsir və töhfəsi olmaqla bərabər, həm də əlaqələrin yeni mərhələsi üçün perspektiv vəd edir. Cənab 

İlham Əliyevin haqlı təbiri ilə desək: "Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir".

Bakıdakı son müzakirələr və Ciorcia Meloninin bəyanatları göstərir ki, tərəflər artıq əməkdaşlığı sənaye və hərbi-texnoloji sahələrə də adlatmaq niyyətindədirlər. Meloninin mətbuata bəyanatında da lakonik ifadə olunduğu kimi: "Əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik".

Deputat vurğulayıb ki, bu uğurlu tendensiyanın təməlində ortaya qoyulan siyasi iradə dayanırsa, digər tərəfdən, dəyişməyən bir reallıqdır ki, Azərbaycan artıq sadəcə xammal ixracatçısı deyil, həm də qlobal miqyasda böyük maliyyə gücü və investisiya potensialı olan subyektdir və bu da ciddi ümidlər vəd edir. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər var: "Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir". İtaliyanın müdafiə sənayesi nəhəngləri və yüksək texnoloji şirkətləri ilə qurulacaq yeni sinerji, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və yerli hərbi-sənaye kompleksinin inkişafına əlavə təkan verəcək. Habelə genişlənən əməkdaşlıq özlüyündə ciddi siyasi və iqtisadi perspektivlər vəd edən reallıqda Roma və Bakı arasındakı bu sıx tərəfdaşlığın digər əhəmiyyəti isə Avropa daxilində Azərbaycana qarşı qərəzli və islamofob bəyanatlar səsləndirən, regionda revanşizmi alovlandırmağa can atan qüvvələrə qarşı ən tutarlı və sarsıdıcı cavab olması hesab edilə bilər. İtaliya kimi qlobal və rasional gücün Azərbaycanın yanında yer alması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki sarsılmaz yerinin və Prezident İlham Əliyevin yürütdüyü müstəqil, qətiyyətli və milli maraqlara söykənən xarici siyasət kursunun növbəti böyük triumfudur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!