14 İyun 2025 09:00
756
Mədəniyyət
A- A+
Taleyinə zirvəyə yol açmaq yazılmışdı

Taleyinə zirvəyə yol açmaq yazılmışdı


Tarzən, müğənni, bəstəkar və dirijor kimi Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan Məşədi Cəmil Əmirovun anadan olmasından 150 il ötür.

Məşədi Cəmil Əmirov Azərbaycanın mədəniyyət mərkəzi Şuşada 1875-ci ildə dünyaya gəlib. İlk təhsilini mədrəsədə alıb. Ancaq atası Kərbəlayı Əmiraslanın vəfatından sonra o, nə təhsilini davam etdirə, nə də qayğısız günlər yaşaya bilib. Kərbəlayı Əmiraslan dünyasını dəyişəndə Məşədi Cəmil on iki yaşındaydı. Altı nəfərlik ailənin yükünü anası Məşədi Yaxşı tək çəkməsin deyə o, təhsilini yarımçıq qoymalı olub. Kiçik yaşlarında ailəsinə kömək etmək üçün Şuşanın "Torpaq meydan"ında bişmiş noxud satıb.

Özünü oda-közə vurur, varlı ailələrdə nökərçilik, baqqal dükanlarında satıcılıq edirdi. Anası onu bir dərzinin yanına şagird qoyur ki, oğlu özünə ömürlük peşə öyrənsin. Çox keçmir ki, şuşalılar Məşədi Cəmili mahir bir dərzi kimi tanıyırlar. 

O zamanlar da Azərbaycanın musiqi beşiyi idi Şuşa. Bu şəhərdə hər kəs yüksək musiqi zövqünə malik idi. Şuşada bənzərsiz, ecazkar səsli xanəndələr çox olduğundan seçilib fərqlənmək asan deyildi.

Məşədi Cəmil Azərbaycan musiqisinin və muğamlarının vurğunu idi. Musiqidən, muğamlarımızın incəliklərindən bəhs edən söhbətləri böyük maraqla dinləyər, arabir özü-özünə zümzümə edərdi.

İlk dəfə Şuşa məclislərində Qaragöz Zülfüqarla çalıb-oxudu. Azərbaycanın görkəmli musiqişünaslarından olan Mir Möhsün Nəvvab Məşədi Cəmil Əmirovun klassik Azərbaycan muğamlarının sirlərini öyrənməsində müstəsna rol oynadı. Mir Möhsün Nəvvabın musiqi məclislərinin onun musiqiçi kimi yetişməsində əvəzsiz yeri oldu.

Məşədi Cəmil Əmirov 1907-ci ildə Gəncə şəhərinə köçdü. Tarın mahir ifaçısı olan Məşədi Cəmil bu şəhərdə yaşadığı illərdə tədricən qarmon, kamança, skripka və pianoda ifa etməyi də öyrəndi. Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə Bülbülü və Seyid Şuşinskini müşayiət etdi.

O dövrdə şöhrəti Azərbaycanın sərhədlərini aşan sənətkarlardan biri də Məşədi Cəmil Əmirov idi. 1910-cu ildə o, bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammofon" şirkətinə dəvət edildi. Orada bir sıra muğam və xalq mahnılarını vala yazdırdı.

Məşədi Cəmil yalnız Azərbaycan musiqisinin deyil, eyni zamanda teatr sənətinin də inkişafında, təbliğində mühüm xidmətlər göstərdi. Şuşada, sonralar Gəncədə Üzeyir Hacıbəylinin opera və operettalarında "Məcnun", "Zeyd", "Kərəm", "Rza bəy" və başqa rolları məharətlə ifa etdi, teatr orkestrlərində dirijor oldu.

Musiqiyə qəlbən bağlı idi Məşədi Cəmil. Musiqi təhsili almaq arzusunda idi. Elə bu arzu onu 1911-ci ildə İstanbula apardı. İki ilə yaxın burada təhsil aldı, Türkiyədə Azərbaycan musiqisinin təbliğatçısı oldu. Tarı sinədə çalmağı türkiyəlilər ilk dəfə onda gördülər. Məşədi Cəmil və Azərbaycan musiqisi barədə Türkiyənin "Şəhbal" jurnalında böyük bir məqalə dərc olundu.

Azərbaycan musiqi tarixində muğamları ilk nota salanlardan biri də Məşədi Cəmil Əmirov oldu. "Heyratı" muğamını 1912-ci ildə nota salaraq "Şəhbal" jurnalında dərc etdirdi.

1913-cü ildə Gəncəyə qayıdan Məşədi Cəmilin niyyəti şəhərdə musiqi məktəbi açmaq idi. Ancaq çarizm dövrünün qadağaları ona mane oldu. Musiqi məktəbi açmağa icazə ala bilməyən Məşədi Cəmil muğam kursu yaratdı. Seyid Şuşinski, Zülfü Adıgözəlov, Bülbül, Əbdürrəhman Fərəcov və başqa sənətkarlar bu kursdan bəhrələndilər.

1915-ci ildə "Seyfəl-mülk" operasını yazdı. Məşədi Cəmil əsəri səhnəyə qoymaq məqsədilə bir çox sənətkarı Gəncəyə dəvət etdi. Operada gənc Səadət xanım rolunu oynamaq üçün incə səsli qız tapmaq müşkülə döndü. Axır ki, bu rolu ifa etməyə Bülbül razılıq verdi.

Opera Gəncədə iki dəfə uğurla nümayiş etdirildi. Sonra Tiflisə dəvət olundular. 1916-ci il iyunun 3-də Tiflis Kozyanin teatrında səhnələşdirilən operanın quruluşçu rejissoru Sidqi Ruhulla idi. Opera Tiflisdən sonra İrəvanda tamaşaya qoyuldu.

Məşədi Cəmil Əmirov 1921-ci ildə Gəncədə dram truppası yaratdı. İki ilə yaxın truppa Gəncə, Şəki, Qazax mahallarında musiqili dramlar, opera tamaşaları göstərdi. 

1923-cü ildə Məşədi Cəmil Əmirov "Namuslu qız" operettasını yazdı. Bu əsər də Gəncədə uğurla səhnəyə qoyuldu. 1924-cü ildə "Namuslu qız" operettası ayrıca kitabça şəklində çap olundu. "Namuslu qız" operettası Şuşada, Ağdaşda, Şəkidə, Bərdədə, Zaqatalada, Ağdamda və Tiflisdə nümayiş etdirildi.

Bu müddətdə Məşədi Cəmil Əmirov Gəncədə musiqi məktəbi açmaq fikrindən daşınmamışdı. Uzun müraciətlərdən, mübarizələrdən sonra 1923-cü ildə arzusuna çatdı - Gəncədə musiqi məktəbi yaratmağa icazə ala bildi.

Bir çox istedadlı musiqiçinin zirvəyə gedən yolu bu məktəbdən başladı. Musiqi məktəbinin yetirmələri arasında sonradan məşhurlaşanlar, Azərbaycan musiqi sənətinin inkişafına böyük xidmətlər göstərənlər oldu. Onlardan biri də Məşədi Cəmilin oğlu, sonralar bəstəkar kimi məşhurlaşan Fikrət Əmirov idi.

Məşədi Cəmil musiqi məktəbində tardan dərs deyir, eyni zamanda xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik edirdi. Onun böyük səylə, zəhmətlə yaratdığı məktəbin fəaliyyəti genişləndi. 1928-1929-cu tədris ilində musiqi texnikumuna çevrildi.

1928-ci ildə Gəncədə dünyasını dəyişən Məşədi Cəmil Əmirov həmin şəhərdə dəfn olunub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzərEnerji" Naxçıvan enerji sistemində yenidənqurmaya başlayıb

09:00
18 İyul

Musiqi onun ruhuna genlə keçmiş, qanla hopmuşdu

08:55
18 İyul

Ölümsüzlüyünə sağlığında inanırdı

08:50
18 İyul

Publisistikadan gələn notlar və ya ədəbi-tənqidi düşüncədə publisistik kəsər

08:45
18 İyul

"Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşdirilməsində Azərbaycanın rolu danılmazdır"

08:40
18 İyul

"Rusiyanın "Sputnik"i başqa dövlətlərə qarşı dezinformasiya kampaniyasının alətidir"

08:35
18 İyul

Suverenliyimizin və milli kimliyimizin rəmzi

08:30
18 İyul

Dövlət idarəçiliyində yeni mərhələ reallıqların yaratdığı zərurətdən doğurdu

08:25
18 İyul

Səssiz siyasət

08:20
18 İyul

Göz xəstəliklərinə dair fundamental əsər

08:15
18 İyul

Viza Çin səddi olmasa da...

08:10
18 İyul

Ortaq keçmişdən birgə gələcəyə

08:05
18 İyul

Azərbaycan yeni dünya nizamında da söz sahibidir

08:00
18 İyul

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!