09 Sentyabr 2026 10:00
1755
Səhiyyə
A- A+
Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir


Bir neçə il əvvələ qədər süni intellektin əməliyyat zamanı cərraha yol göstərməsi, rentgen və MRT görüntülərində insan gözündən yayınan dəyişiklikləri müəyyən etməsi, hətta yeni dərman molekullarının yaradılmasına kömək göstərməsi daha çox gələcəyin tibbi kimi təsəvvür edilirdi. Bu gün isə həmin gələcək artıq xəstəxanalara daxil olub. 

Süni intellekt tədricən tibbi laboratoriyalardan real klinik praktikaya keçir və bəzi hallarda onun verdiyi məlumat insanın sağlamlığı, hətta həyatı üçün həlledici əhəmiyyət daşıyır. Bunun ən yeni və diqqətçəkən nümunələrindən biri Londonda qeydə alınıb. 2026-cı  ilin mayında İngiltərənin Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında dünyada ilk dəfə süni intellekt neyrocərraha canlı əməliyyat zamanı real vaxt rejimində dəstək verib. Hadisənin təfərrüatları xəstənin sağalma prosesindən sonra avqustun 27-də açıqlanıb.

Əməliyyat olunan 48 yaşlı Ris Hibbertin hipofiz vəzində təxminən 11 millimetrlik şiş aşkarlanmışdı. Şişin yerləşdiyi sahə isə neyrocərrahiyyənin son dərəcə həssas bölgələrindən hesab olunurdu: burada hipofiz vəzi, mühüm qan damarları və görməni təmin edən sinirlər bir-birinə çox yaxın yerləşirdi. Hətta millimetrlik yanlış hərəkət ağır nevroloji fəsad, görmə itkisi, insult və ya ölüm riski yarada bilərdi. Əməliyyat zamanı cərrah bütün qərarlara və prosedura nəzarəti özündə saxlayıb, süni intellekt isə endoskopik kameradan gələn canlı görüntünü fasiləsiz təhlil edib. Sistem kritik anatomik strukturları müəyyənləşdirərək cərraha hansı sahələrdən uzaq durmalı olduğunu göstərib. Başqa sözlə, süni intellekt əməliyyatı həyata keçirməyib, lakin cərrahın görmə imkanlarını genişləndirən əlavə "rəqəmsal göz" rolunu oynayıb. Nəticə xəstə üçün xüsusilə əhəmiyyətli olub. Hibbertin əməliyyatdan əvvəl periferik görməsi ciddi şəkildə zəifləmiş, hərəkət edərkən əsadan istifadə etməyə başlamışdı. Əməliyyatdan sonra isə görmə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma baş verib. O, oyandıqdan sonra otaqdakı əşyaları aydın gördüyünü bildirib, bir həftə ərzində eynəksiz və əsadan istifadə etmədən sərbəst hərəkət edə bilib. Həkimlərin məlumatına görə, müdaxilə edilməsəydi, şiş xəstənin görmə qabiliyyətini daha da pisləşdirə və nəticədə korluğa gətirib çıxara bilərdi.

London təcrübəsi süni intellektin neyrocərrahiyyəyə ilk gəlişi deyil, lakin onun canlı əməliyyat zamanı cərraha real vaxtda anatomik istiqamət verməsi mühüm mərhələdir. Bundan əvvəl də alimlər süni intellektin əməliyyat otağında qərarvermə prosesini sürətləndirə biləcəyini göstərmişdilər. Daha öncə "Nature" jurnalında dərc edilən tədqiqatda süni intellektə əsaslanan sistemin beyin şişlərini əməliyyat davam etdiyi müddətdə molekulyar xüsusiyyətlərinə görə sürətlə təsnif edə bildiyi göstərilmişdi. Beyin şişinin növünü əməliyyat zamanı bilmək cərrah üçün mühüm üstünlükdür: bəzi şişlərin mümkün qədər geniş çıxarılması tələb olunduğu halda, digərlərində sağlam beyin toxumasının qorunması üçün daha ehtiyatlı müdaxilə lazım gəlir.

Süni intellektin tibdə ən sürətlə inkişaf etdiyi sahələrdən biri isə radiologiyadır. Kompüter alqoritmləri minlərlə, bəzən milyonlarla tibbi görüntüdəki qanunauyğunluqları öyrənərək rentgen, kompüter tomoqrafiyası və mammoqrafiya görüntülərində şübhəli dəyişiklikləri müəyyənləşdirə bilir. Bunun real səhiyyə sistemində nə qədər əhəmiyyətli ola biləcəyini İsveçdə aparılan genişmiqyaslı MASAI tədqiqatı göstərib. 105 mindən çox qadının iştirak etdiyi tədqiqatın 2025-ci ildə "The Lancet Digital Health" jurnalında dərc olunan nəticələrinə görə, süni intellekt dəstəyi ilə aparılan mammoqrafiya skrininqində hər 1000 qadına 6,4 süd vəzi xərçəngi aşkar edilib. Standart, iki radioloqun görüntüləri oxuduğu qrupda isə bu göstərici hər 1000 qadına 5 olub. Beləliklə, süni intellekt tətbiq edilən qrupda xərçəng aşkarlanması 29 faiz yüksək olub. Bu tədqiqatın 2026-cı ildə "The Lancet"də yayımlanan sonrakı nəticələri də diqqət çəkib. Süni intellekt dəstəyi ilə skrininq aparılan qrupda həssaslıq 80,5 faiz, standart qiymətləndirmədə isə 73,8 faiz olub. Hər iki qrupda spesifiklik 98,5 faiz təşkil edib. Bu nəticələr süni intellektin radioloqu əvəz etməsindən daha çox, onun imkanlarını artıran ikinci müşahidəçi kimi əhəmiyyətini göstərir.

Süni intellekt ürək xəstəliklərinin daha erkən müəyyənləşdirilməsində də sınaqdan keçirilir. Böyük Britaniyada TRICORDER proqramı çərçivəsində süni intellektlə işləyən rəqəmsal stetoskop 100 ailə həkimi məntəqəsində istifadəyə verilib. Təxminən 2,5 milyon əhalini əhatə edən ərazidə tətbiq olunan texnologiyanın məqsədi ürək çatışmazlığının xəstələr ağır vəziyyətə düşməzdən əvvəl aşkarlanmasına kömək etməkdir. Sistem ürək səsləri və elektrokardioqrafik məlumatları analiz edərək həkim üçün əlavə məlumat verir.

Süni intellektin səhiyyədə təsiri yalnız xəstəliyin aşkarlanması və əməliyyatlarla məhdudlaşmır. Ən böyük dəyişikliklərdən biri yeni dərmanların hazırlanması sahəsində müşahidə edilir. Ənənəvi dərman kəşfi uzun illər tələb edən, minlərlə potensial molekulun yoxlanıldığı bahalı prosesdir. Generativ süni intellekt isə molekulların xüsusiyyətlərini modelləşdirərək perspektivli namizədlərin daha sürətli seçilməsinə imkan yaradır. Ötən il "Nature Medicine" jurnalında bu sahədə mühüm nəticə dərc olunub. İdiopatik ağciyər fibrozu üçün hazırlanmış "Rentosertib" adlı preparatın klinik tədqiqatının nəticələri açıqlanıb. Tədqiqat 71 xəstəni əhatə edib. Bu nəticələr hələ preparatın geniş klinik istifadəyə hazır olduğu demək deyil. Lakin süni intellekt vasitəsilə müəyyənləşdirilmiş hədəfə qarşı hazırlanmış dərmanın artıq II faza sınaqlarına qədər çatması texnologiyanın farmakologiyadakı potensialını nümayiş etdirir.

Bütün bunlar səhiyyənin sürətlə "insan və alqoritm əməkdaşlığı" modelinə doğru irəlilədiyini göstərir. Lakin süni intellektin imkanlarının genişlənməsi onun səhvsiz olduğu anlamına gəlmir. Alqoritmin nəticəsi öyrədildiyi məlumatların keyfiyyətindən və müxtəlifliyindən asılıdır. Müəyyən yaş, etnik və ya xəstə qruplarının məlumat bazalarında kifayət qədər təmsil olunmaması nəticələrin həmin insanlar üçün daha az dəqiq olması ilə nəticələnə bilər. Yanlış müsbət nəticələr lazımsız müayinələrə, yanlış mənfi nəticələr isə təhlükəli gecikmələrə yol açır. Bundan əlavə, xəstələrin tibbi məlumatlarının qorunması, alqoritmin qərarlarının izah edilə bilməsi və səhv baş verdikdə məsuliyyətin kimə aid olması kimi suallar hələ də müzakirə olunur. Məhz buna görə dünyanın tənzimləyici qurumları süni intellektə, sadəcə, texnoloji yenilik kimi deyil, təhlükəsizliyi elmi şəkildə sübut edilməli tibbi vasitə kimi yanaşmağa başlayıblar. ABŞ Qida və Dərman Administrasiyası 2025-ci ildə dərman və bioloji məhsullarla bağlı qərarların qəbulunda istifadə edilən süni intellekt modellərinin etibarlılığının risk əsaslı qiymətləndirilməsinə dair tövsiyə layihəsi yayımlayıb.

Əslində, səhiyyədə süni intellekt inqilabının ən mühüm xüsusiyyəti insanı tibdən çıxarması deyil, həkimin imkanlarının sərhədlərini genişləndirməsidir. Bir alqoritm milyonlarla görüntüdəki qanunauyğunluğu yadda saxlaya, yüzlərlə əməliyyat videosundan öyrənə və saniyələr ərzində böyük məlumat kütləsini müqayisə edə bilər. Həkim isə xəstənin vəziyyətini bütövlükdə qiymətləndirir, riskləri ölçür, etik və klinik qərarı verir, məsuliyyət daşıyır.

Londonda Ris Hibbertin əməliyyatdan sonra yenidən ətrafını aydın görə bilməsi bu əməkdaşlığın nə qədər real nəticə verə biləcəyinin simvolik nümunəsinə çevrilib. Bir vaxtlar yalnız elmi fantastikada təsəvvür edilən "ağıllı əməliyyat otağı" artıq gerçəklikdir. Qarşıdakı illərdə süni intellektin daha erkən diaqnoz, daha dəqiq cərrahiyyə, fərdiləşdirilmiş müalicə və daha sürətli dərman kəşfi istiqamətində imkanları genişləndikcə səhiyyənin əsas sualı "süni intellekt tibdə istifadə olunacaqmı?" deyil, "ondan nə qədər təhlükəsiz, düzgün və səmərəli istifadə edə biləcəyik?" olacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

00:39
07 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:34
07 Oktyabr

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə

00:32
07 Oktyabr

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında  

00:31
07 Oktyabr

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

23:57
06 Oktyabr

Rusiyanın neft və qaz gəlirləri azalıb

23:49
06 Oktyabr

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

23:27
06 Oktyabr

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

22:13
06 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

21:55
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

20:49
06 Oktyabr

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

20:43
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!