09 Sentyabr 2026 09:50
286
Səhiyyə
A- A+
Ümid ünvanı

Ümid ünvanı


Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır 


Bir tibb müəssisəsini tanımaq üçün onun haqqında yazılmış hesabatlara, statistik rəqəmlərə və təqdim olunan xidmətlərin siyahısına baxmaq kifayət etmir. Bunun üçün həmin xəstəxananın dəhlizlərindən keçmək, palatalarına daxil olmaq, həkimlərin pasiyentlərlə münasibətini görmək, reanimasiya və təcili yardım bölmələrindəki gərgin iş ritmini müşahidə etmək lazımdır. Elə bu məqsədlə də Mərkəzi Gömrük Hospitalına üz tutduq. 

İlk xoş təəssüratı buradakı səliqə-sahman, nizam-intizam və müasirlik yaratdı.  Hospitalın ayrı-ayrı bölmələrində istifadə olunan tibbi avadanlıqlar, diaqnostika və müalicə imkanları, həkimlərin və orta tibb heyətinin işə münasibəti burada səhiyyənin yalnız maddi-texniki bazasının deyil, həm də insan kapitalının əsas meyar olduğunu göstərir. Diqqətimizi bir məqam cəlb edir - müasir avadanlıq öz-özlüyündə möcüzə yaratmır, onu idarə edən peşəkar həkim, düzgün qərar verən komanda və pasiyentin həyatına məsuliyyətlə yanaşan tibb işçisi həmin texnologiyanı real müalicə nəticəsinə çevirir. Mərkəzi Gömrük Hospitalında isə bu iki amilin - müasir texnologiya ilə peşəkarlığın vəhdəti hiss olunur.

Mərkəzi Gömrük Hospitalı 2008-ci ilin dekabrında fəaliyyətə başlayıb. İlk gündən qarşıya qoyulan məqsəd yalnız gömrük əməkdaşlarına tibbi xidmət göstərmək olmayıb. Bu gün hospital respublika əhalisinə xidmət göstərən, müxtəlif ixtisaslar üzrə müasir tibbi yardımın təşkil olunduğu mühüm səhiyyə müəssisələrindəndir. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov söhbətimiz zamanı bu inkişafın ayrı-ayrı uğurlarına toxunaraq bunun əsasında uzunmüddətli və ardıcıl iş dayandığını vurğuladı. Hospitalda əsas istiqamətlərdən biri müasir tibbin ən mürəkkəb sahələrində xidmətlərin inkişaf etdirilməsidir. Qaraciyər və böyrək transplantasiyası, açıq ürək əməliyyatları, invaziv kardiologiya, beyin ölümü donorlarından orqan köçürülməsi kimi istiqamətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə, hospitalın fəaliyyəti deyil, eyni zamanda səhiyyənin imkanlarının genişləndirilməsi prosesinin bir hissəsidir.

Hospitalın rəisi baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev isə hospitalın fəaliyyətini konkret rəqəmlərlə ifadə etdi. 74 çarpayılıq hospitalda 2025-ci ildə 150-dən çox qaraciyər və böyrək transplantasiyası, 600-dən çox açıq ürək əməliyyatı həyata keçirilib. Gün ərzində 27 koronar angioqrafiyanın və 10 stend əməliyyatının aparılması isə invaziv kardiologiyanın hansı iş yükü ilə fəaliyyət göstərdiyini təsəvvür etməyə imkan verir.

Bu rəqəmlər ilk baxışda, sadəcə, statistika təsiri bağışlaya bilər. Amma hər bir rəqəmin arxasında bir insan taleyi dayanır. Elə buna görə də xəstəxananın uğurunu yalnız əməliyyatların sayı ilə ölçmək düzgün olmaz, əsas məsələ həmin əməliyyatların insan həyatına verdiyi nəticədir.

Hospitalın Reanimasiya şöbəsinə daxil olanda isə səhiyyənin ən ağır və məsuliyyətli sahələrindən birinin necə böyük gərginlik tələb etdiyi daha aydın görünür. Burada zaman başqa cür ölçülür. Bir neçə saniyə bəzən insan həyatının taleyini müəyyənləşdirə bilir. Reanimatoloqun qərarı, anestezioloqun peşəkarlığı, tibb bacısının diqqəti, bütün komandanın bir-birini tamamlaması kritik vəziyyətdə olan pasiyentin həyatının xilas edilməsində həlledici rol oynayır. Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov ilə söhbətimizdən də məlum olur ki, burada iş yalnız xəstənin vəziyyətini sabitləşdirməklə bitmir, həm də pasiyentin bütün həyati göstəriciləri fasiləsiz izlənilir, müalicə taktikasına vəziyyətə uyğun operativ dəyişikliklər edilir. Bu şöbədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Bunu 2026-cı ilin mayında yaşanan hadisə də təsdiqləyir. Bakı Dövlət Universitetinin 70 yaşlı professoru Hikmət Əlizadə iş yerində ürək nahiyəsində narahatlıq hiss etdikdən sonra hospitala çatdırılıb. Vəziyyəti ağırlaşıb, arterial təzyiqi kəskin aşağı düşüb, ürək döyüntüləri sürətlənib. Hospitala çatdırılarkən ürəyi dayanıb. Həkimlər dərhal reanimasiya tədbirlərinə başlayıblar. Onun üzərində təxminən 20-30 dəqiqə ürək masajı aparılıb. Pasiyent klinik ölüm vəziyyətindən çıxarıldıqdan sonra angioqrafiyaya götürülüb. Koronar damarlardakı tıxanıqlıq müəyyən edilib və invaziv kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və komandası tərəfindən təcili müdaxilə həyata keçirilib. Bu hadisə bir daha göstərir ki, xəstəxananın ən böyük gücü yalnız cihazlarında deyil, həmin cihazların arxasında dayanan insanlardadır.

Ürək-damar xəstəlikləri zamanı həkimin verdiyi qərarın bir neçə dəqiqə ərzində insan həyatının gələcəyini müəyyənləşdirən anlar olur. Ürəyinə stend qoyulan Əlivahid Şıxəliyev də həmin gün belə anları yaşayıb. O, Mərkəzi Gömrük Hospitalında göstərilən tibbi xidmətdən və kardioloq İlqar Tahiroğlunun peşəkarlığından minnətdarlıqla danışır. Əlivahidin sözlərindən xəstəlikdən sonrakı rahatlıq və həkimə olan inam açıq hiss olunur. Onun üçün İlqar Tahiroğlu, sadəcə, tibbi müdaxilə həyata keçirən həkim deyil, ürəyinin yenidən normal fəaliyyət göstərməsinə, həyatına daha böyük inamla davam etməsinə kömək edən insandır. Pasiyentin həkiminə təşəkkürü tibdə ən səmimi qiymətləndirmələrdən biridir. Çünki xəstə həkimin əməliyyat otağında göstərdiyi peşəkarlığın nəticəsini həyatında hiss edir. 

Hospitalda olduğumuz gün diqqətimizi çəkən hadisələrdən biri də Lənkərandan gələn Əlövsət Babayevin taleyi oldu. Əlövsət bir gün əvvəl əməliyyat olunmuşdu. Amma bu gün onun üçün yalnız əməliyyat günü deyildi, həm də doğum günü idi. Bir insanın doğum günündə xəstəxana otağında olması ilk baxışda kədərli görünə bilər. Lakin Əlövsətin yaşadığı hiss tamam başqa idi. O, həmin günə, sadəcə, bir yaşını da artırdığı tarix kimi yox, həyatının yenidən başlandığı gün kimi baxırdı. Onun üzündə əməliyyatdan sonrakı yorğunluqla yanaşı, böyük bir rahatlıq və minnətdarlıq hiss olunurdu. Söhbət zamanı həkimi Kənan Əsədov haqqında danışarkən söylədiyi bir cümlə isə yaddaşımızda qaldı: "Mənə ikinci həyatı Kənan Əsədov verdi". Bu, bəlkə də bir həkim üçün eşidilə biləcək ən böyük təşəkkürdür. Çünki həkim xəstəyə yalnız tibbi yardım göstərmir, bəzən o, insanın itirmək üzrə olduğu ümidi geri qaytarır. Əlövsət Babayevin həmin gün doğum gününü qeyd etməsi də bu baxımdan xüsusi məna daşıyırdı. O, yeni yaşına yeni bir ümidlə qədəm qoyurdu. 

Reanimasiya şöbəsində hər hadisənin öz hekayəsi var. Bəzən isə həmin hekayə tibb elminin imkanlarını belə sınağa çəkir. Baş həkim Bəxtiyar Musayev söhbətimiz zamanı belə hadisələrdən birini xüsusi xatırlayır - Qəzənfər Mirzəyevin həyat uğrunda mübarizəsini. 59 yaşlı Qəzənfər Mirzəyevin angioqrafiya zamanı ürəyi 45 dəqiqə dayanıb. Həkimlər bu müddət ərzində mübarizəni dayandırmayıblar. Ürək masajı və reanimasiya tədbirləri nəticəsində qan dövranı yenidən hərəkətə gətirilib.

Bəxtiyar Musayevin sözlərində həmin anların məsuliyyəti açıq hiss olunur. Həkim deyir ki, 45 dəqiqə ürək masajından sonra həyata qaytarılan xəstənin özünə gələcəyinə inanmaq çətin idi. Belə uzunmüddətli qan dövranının dayanması beyində və digər həyati vacib orqanlarda müəyyən fəsadlar yarada bilərdi. Amma Qəzənfər bütün bu narahatlıqları geridə qoydu. Avqustun 19-da əməliyyat olunan 59 yaşlı pasiyentin vəziyyəti yaxşıdır və yaxın günlərdə - cəmi bir-iki gün ərzində evinə yola salınması gözlənilir.

Yenidən "dünyaya gələn" Qəzənfər Mirzəyev - "Bəxtiyar Musayevə və bütün həkimlərə sonsuz minnətdaram. Mənə yenidən həyat bəxş etdilər. Allah hamısından razı olsun", - deyir.

Təcili yardım əməkdaşlarının işi də eyni dərəcədə yüksək məsuliyyət tələb edir. Onlar üçün pasiyentin hospitala gətirilməsi müalicənin başlanğıcıdır. Təcili yardım şöbəsinin rəisi  Füzuli Abışov deyir ki, ağır vəziyyətdə olan insanın düzgün qiymətləndirilməsi, lazımi şöbəyə operativ yönləndirilməsi və həkim komandasının işinin koordinasiyası bəzən həyatla ölüm arasındakı fərqi müəyyən edir. Hospitalda təcili yardım və reanimasiya əməkdaşlarının peşə hazırlığının artırılması istiqamətində keçirilən təlimlər də təsadüfi deyil. Tibb işçiləri ilə yanaşı, təcili yardım sürücüləri, sanitarlar və digər əməkdaşlar üçün ilkin həyat dəstəyi - BLS üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi bütöv komandanın fövqəladə vəziyyətlərə hazırlığını artırır. Ağır vəziyyətdə olan xəstə üçün hospitalın qapısından reanimasiya otağına qədər keçən hər saniyənin qiyməti var.

Bizimlə söhbət edən ayrı-ayrı pasiyentlərdən və onların yaxınlarından eyni təşəkkür ifadəsini eşitmək mümkündür. Onlar həkimlərin diqqətindən, çətin vəziyyətdə yanlarında olmasından, müalicə prosesinin izah edilməsindən, tibb personalının münasibətindən danışırlar. Bəzi xəstələr üçün həkimin bir kəlmə təsəllisi, bir tibb bacısının qayğısı ən güclü dərmandan belə qiymətli olur. İnsan xəstəxanaya sağlam getmir, o, narahatlıqla, qorxu ilə, bəzən isə ümidsizliklə gəlir. Buna görə pasiyentin müalicə ilə yanaşı, insani münasibətə də ehtiyacı var.

Mərkəzi Gömrük Hospitalının fəaliyyətində xüsusi diqqətçəkən istiqamətlərdən biri orqan transplantasiyasıdır. Transplantasiya adi cərrahi əməliyyat deyil. Burada yalnız yüksəkixtisaslı cərrahların olması kifayət etmir. Donorun müəyyənləşdirilməsindən orqanın götürülməsinə, laborator və immunoloji müayinələrdən əməliyyata, reanimasiya mərhələsindən sonrakı uzunmüddətli müşahidəyə qədər bütöv bir sistem işləməlidir. Bu baxımdan, hospitalda qaraciyər və böyrək transplantasiyalarının genişləndirilməsi Azərbaycan səhiyyəsinin mühüm nailiyyətlərindən biridir. 2025-ci ildə burada 150-dən çox qaraciyər və böyrək transplantasiyasının həyata keçirilməsi bu sahənin sistemli fəaliyyət istiqamətinə çevrildiyini göstərir. Bundan əlavə, 22 iyul 2025-ci ildə Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası əməliyyatlarının həyata keçirilməsi üçün icazə verilməsi transplantologiyanın yeni mərhələsinə keçid baxımından mühüm hadisədir. Meyit donorlarından orqan transplantasiyalarının icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi də bu sahənin sosial əhəmiyyətini artırır. Burada söhbət yalnız tibbi texnologiyadan getmir, həm də başqa bir insanın həyatını davam etdirmək üçün öz orqanının bağışlanmasına razılıq verməsindən, donor ailələrinin ağır qərarından, həkimlərin böyük məsuliyyətindən, nəhayət, bir insanın həyata yenidən bağlanmasından gedir. Transplantasiya - tibbin insan həyatına verdiyi ən böyük ümidlərdən biridir.

Hospitalda uşaq cərrahiyyəsi istiqamətində görülən işlər də xüsusi diqqət çəkir. Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, cərrah və uroloq Vüsal Cəfərovun rəhbərliyi ilə mürəkkəb anadangəlmə patologiyaların və təcili cərrahi vəziyyətlərin müalicəsi həyata keçirilir. Yeni doğulmuş körpədə təxminən 10 santimetr ölçüdə büzdüm sümüyü teratomasının çıxarılması, 10 yaşlı uşağın qaraciyərində exinokokk kistasının əməliyyat olunması, anadangəlmə penil əyriliyin aradan qaldırılması, 11 aylıq körpənin ürək qüsuruna görə əməliyyat edilməsi - bunların hər biri pediatrik cərrahiyyənin nə qədər böyük məsuliyyət tələb etdiyini göstərir. Burada ən kiçik pasiyentin belə taleyi bütöv komandanın diqqətində olur.

Hospitalın kardiologiya və ürək-damar cərrahiyyəsində qazandığı nəticələr də diqqətəlayiqdir. Qafqaz regionunda ilk dəfə Mitral Clip prosedurunun həyata keçirilməsi, beşaylıq körpəyə ağciyər qapağının stenozu ilə bağlı balon valvuloplastikanın aparılması, yüzlərlə açıq ürək əməliyyatının icrası bu sahədə formalaşmış peşəkar potensialın göstəriciləridir. Burada bir tərəfdən ən mürəkkəb ürək-damar patologiyaları müalicə olunur, digər tərəfdən yeni doğulmuş uşaqların sağlamlığı üçün müasir diaqnostika imkanlarından istifadə edilir. Yeni doğulmuşların kompleks müayinəsi proqramında pediatr, kardioloq, nevroloq və oftalmoloqun müayinələri, beyin ultrasəsi və exokardioqrafiya, laborator analizlər kimi xidmətlərin bir araya gətirilməsi də erkən diaqnostikaya verilən önəmin göstəricisidir.

Hospitalın travmatologiya və ortopediya komandası da mürəkkəb klinik hallarla işləyir. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı travmalar alan 61 yaşlı Reyhan Pənayevanın müalicəsi zamanı bud sümüyünün açıq parçalı sınığı və digər ağır zədələnmələr mərhələli şəkildə cərrahi yolla müalicə edilib. 94 yaşlı Vəsmə Əhmədovaya bud-çanaq oynağının bipolyar endoprotezləşdirilməsinin uğurla həyata keçirilməsi, ikitərəfli diz artroplastikası və digər mürəkkəb əməliyyatlar ortopediya xidmətinin imkanlarını göstərir.

Mərkəzi Gömrük Hospitalının fəaliyyəti tibbi xidmətlərlə məhdudlaşmır. Autizm spektr pozuntusu olan uşaqlar üçün tibbi-sosial aksiyalar, valideyn himayəsindən məhrum uşaqların tibbi müayinəsi, şəhid ailələri və qazilər üçün pulsuz tibbi-sosial tədbirlər, gömrük əməkdaşlarının genişmiqyaslı tibbi müayinədən keçirilməsi, qanvermə aksiyaları və vaksinasiya kampaniyaları hospitalın sosial məsuliyyətini nümayiş etdirir. Belə tədbirlər müalicənin yalnız xəstəlik yarandıqdan sonra aparıldığını  göstərir. Sağlamlığın qorunması, profilaktika və insanların maarifləndirilməsi də səhiyyənin mühüm vəzifəsidir.

Səhiyyənin inkişafı üçün ən böyük sərmayə insana qoyulan kapitaldır. Mərkəzi Gömrük Hospitalında isə bu sərmayənin nəticəsini hər gün əməliyyat otaqlarında, reanimasiya palatalarında, laboratoriyalarda, həkim kabinetlərində, ən başlıcası isə həyata qayıdan insanların gözlərində görmək mümkündür. Hospitalın ən böyük uğuru da məhz budur: insan həyatını qorumağı öz fəaliyyətinin əsas meyarına çevirmək.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar – YENİLƏNİB 

11:55
09 Sentyabr

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib

11:50
09 Sentyabr

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir

11:45
09 Sentyabr

11 sentyabr terrorundan sonra havanın çirkliliyi səbəbindən ölənlərin sayı terror zamanı həlak olanların sayını üstələyib

11:40
09 Sentyabr

İran İordaniyadakı ABŞ bazalarına raket zərbəsi endirdiyini açıqlayıb

11:35
09 Sentyabr

Marko Rubio: “Hələ görüləsi çox iş var”

11:32
09 Sentyabr

Fransada Renuar Muzeyindən rəsm əsərləri oğurlanıb

11:30
09 Sentyabr

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib 

11:27
09 Sentyabr

Qızıl və gümüş bahalaşıb 

11:25
09 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib 

11:23
09 Sentyabr

Yasamal, Mingəçevir və Yevlaxda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:20
09 Sentyabr

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb 

11:17
09 Sentyabr

Sabiq Prezident: Azərbaycanın müasir enerji mənbələrinə keçidə hazırlaşdığının şahidi oluruq

11:15
09 Sentyabr

Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir 

11:13
09 Sentyabr

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!