Qafqazda, o cümlədən Azərbaycanda arıçılıqla qədimdən məşğul olurlar. Bu tarix hətta VIII-IX əsrlərə gedib çıxır. X-XII əsrlərdə isə regionda arıçılıq daha da inkişaf etmişdir. Hətta istehsal olunan balın və arı məhsullarının bir hissəsi xaricə satılırdı.
Bu gəlirli və xeyirli sahəyə ölkəmizdə indi də maraq çoxdur. Belə yerlərdən biri də Gədəbəydir. Rayonda Arısu, Arıqıran adlı kəndlərin olması bu yerlərdə arıçılığın qədim tarixindən xəbər verir. Təbii iqlimi, zəngin bitki örtüyü ilə əhatə olunmuş Gədəbəydə arıçılığın inkişafı üçün hər cür şərait var. Bu şəraitdən istifadə edən rayon sakinləri son illər arıçılığa daha çox maraq göstərirlər.
Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev deyir ki, əvvəlki illərdən fərqli olaraq bu il arı ailəsinə baxan sakinlərin sayı xeyli artmışdır. Hazırda rayonda 13 mindən çox arı ailəsi var. Öyrəndik ki, keçən il arı ailələrindən 91 ton bal götürülmüşdür. İstehsal olunan balın satışında da heç bir problem olmur. Elə arıçılar var ki, öz məhsullarını elə qapıda satırlar. İstehsal etdikləri bal təmiz olduğundan müştərilərin özləri arıçıların qapılarına gəlirlər.
Belə arıçılardan biri Dəyirmandağ kəndinin sakini Rafiq Nağıyevdir. Rayon mərkəzindən o qədər də uzaqda olmayan kənddə yaşayan Rafiqin qapısından müştəri əskik olmur. Alıcılar bilirlər kimin balını alırlar.
Rafiq Nağıyev həm də rayon Arıçılar Assosiasiyasının sədridir. Özünün 80 arı ailəsi var. Bir neçə dəfə arıçılıq forumlarında iştirak edib, Türkiyənin Lalahan Universitetində təlimlərdə olub. Orada öyrəndiklərini yerli arıçılara çatdırıb.
Söhbət zamanı Rafiq dedi ki, arıçılıqda ən vacib məsələ onları xəstəliklərdən qorumaqdır: "Lakin təəssüflər olsun ki, bu sahədə problemlərimiz var. Dərman tapılmır. Tapılanda da keyfiyyətsiz olur, o səbəbdən çətinliklər yaranır".
Rayonda Rafiq kimi təcrübəli çoxlu sayda arıçı var. Hafiz Əhmədov 120 arı ailəsinə qulluq göstərir. Hər il bir tondan çox bal istehsal edir. Atası Məhəmməd kişi də bütün ömrünü arıçılığa həsr etmişdi. Atasının təcrübəsindən bəhrələnən Hafiz bu gün rayonda ən təcrübəli arıçılardan hesab olunur. O, bal istehsalından əlavə, hər il arılardan 20 kiloqram çiçək tozu, 0,5 kiloqram ana südü, 1 kiloqram propolis də götürür.
Arıçılıqda vacib məsələlərdən biri də damazlıq arıların yetişdirilməsidir. Bu işlə Qoşabulaq kəndində arıçı Daşqın Kazımov məşğul olur. Onun 138 arı ailəsi var. Rayon sakinləri onun yetişdirdiyi damazlıq arılardan razılıq edirlər.
Gədəbəydə təcrübəli arıçılar sırasında Arıqıran kəndinin sakini Yəhya İsgəndərovun da adı çəkilir. O, son illər bal istehsalında xüsusilə fərqlənir.
Hazırda bal mövsümüdür. Arılar təbiətin qoynunda min bir dərdin dərmanı olan bal toplamaqla məşğuldurlar. Bir azdan balın süzülməsinə başlanacaq. Gədəbəydə isə indidən arıçıların üzü gülür. Bilirlər ki, bu il də arılar bol məhsul verəcək.
Sabir ƏLİYEV,
"Azərbaycan"