Dünya şöhrətli yazıçı Den Broun son romanı
olan "Başlanğıc”da süni intellektin yeni tanrı olacağını və kompüterlər vasitəsilə
yeni bir dinin formalaşdırılacağını irəli sürüb. Bəs nədir bu süni intellekt?
Əsası keçən əsrin ortalarında qoyulan süni
intellekt son zamanların ən çox investisiya qoyulan və maraq doğuran sahələrindəndir.
Süni intellekt - insan məntiqini maşınlarda
tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın
yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyət göstərən
intellektual proqram yaratmağı özünə məqsəd götürüb. Eyni zamanda insan intellektinin
araşdırılması kimi də başa düşülür.
Bu sahə insanın ən dəyərli mülkiyyəti olan
intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb
və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və
pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer
tutur. Onun tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.
Yaranma
tarixi
İntellektə malik olan maşınlar və digər süni
aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. İntellektə
malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir
ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdı.
E.ə. IV əsrdə yaşamış Aristotel süni intellekt
düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdu.
1275-ci ildə Roman Llull özünün "Ars Maqna” adlı məntiq aparatını ixtira etmişdi.
İstifadəçi ora xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi
olmadan dərhal avtomatik bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq
məqsədilə yaradılmışdı.
Süni intellekt haqqında ilk fikirlər mexaniki
materealizmin yaranması ilə, Dekartın "Metod haqqında mühakimələr” və Tomas Qobbsun
"İnsan təbiəti” əsərlərində öz əksini tapıb. 1943-cü ildə U.Mak Kallok və U.Pitts
öz məqalələrində süni neyron sistemi anlayışını təklif ediblər. D.Xebb 1949-cu ildə
"Davranış orqanizasiyası” əsərində neyronların öyrənilməsinin əsaslarını göstərdi.
Bu fikirləri bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rosenblatt inkişaf etdirdi.
O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu "Perceptron”
adlandırdı.
Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub.
O, bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi”
adlandırıb.
Turinq
testi
Kompüter elminin atası sayılan, riyaziyyatçı,
kriptoqraf, informatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim Alan
Turinq isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə "Mind” jurnalında
çap edilmiş "Hesablama maşınları və şüur” məqaləsində bildirib. O, həmin məqalədə
insanla kompüter arasında gedən testdən bəhs edirdi. Belə ki, bu test bir insan, bir kompüter və bir münsiflə
aparılır. Münsif nə kompüteri, nə də insanı görə bilir, sadəcə onlarla dialoq aparır,
sual-cavab edir. Münsifin sualları və təcrübədə
iştirak edən kompüter ilə insanın verdiyi cavablar bir ekranda yazılı olaraq görünür.
Məqsəd münsifin verilən cavablar əsasında hansının insan, hansının kompüter olduğunu
tapmasıdır. Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola bilər ki,
o, münsifi çaşdırsın və münsif onunla insanın, yoxsa kompüterin danışdığını başa
düşə bilməsin. Test zamanı münsif bu fərqi aydınlaşdıra bilmirsə, deməli, həmin
kompüter mükəmməl süni intellektdir.
Turinqin bu
ideyası hazırda "Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən
araşdırmalarda ondan hələ də istifadə edirlər. Test kompüterin və ya başqa bir sistemin
insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.
Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd
edib etməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, deməli, maşın insanlar qədər zehni
bacarığa sahibdir. Hələ ki, Turinq testini keçən kompüter, maşın olmayıb. Lakin belə düşünülür ki, ideal virtual söhbət
proqramı Turinq testini keçə biləcək...
Turinqin bu
yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi. Aradan keçən illərdə
bu sahədə daha ciddi kəşflər edildi və süni intellektin həyatımızda nüfuzunu hiss
etməyə başladıq; SİRİ kimi proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub ondan
cavablar almaq artıq heyrətləndirici hadisə deyil və ya şahmat oyununda kompüterə
uduzmaq da normal hal sayılır.
Süni intellektin üç növü məlumdur
Bunlar:
- Məhdudlaşdırılmış
süni intellekt. Bu tip intellekt sizi, məsələn, şahmatda uda bilər. Amma ona "torpağı
yemək olarmı?” sualını versəniz, cavab ala bilməzsiniz.
- Ümumi süni
intellekt. Bu növ insan intellektinə maksimum yaxındır. O, məlumatları təhlil edir,
digər maşınlarla ünsiyyətə girir, özünü təlimdən keçirir.
- Süni super
intellekt. Bu intellekt növü o qədər inkişaf edib ki, insan intellektindən fərqlənir.
Başqa sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini anlamaq üçün
yetərincə inkişaf etmiş deyil.
İnsan intellektindən
daha güclü bir intellektin yaradılması isə bu elmin əsas məqsədlərindəndir.
Bu gün bəşəriyyət
süni intellektin birinci tipinin əsas prinsiplərini uğurla mənimsəyib. Artıq birinci
çərçivədən kənara çıxmağa can atan şirkətlər var. Bir çoxları hesab edir ki, məhz
"Google” ümumi süni intellekti dünyaya ilk dəfə təqdim edəcək. Bəs alimlər ümumi
süni intellekti nəzarət altında saxlaya biləcəklərmi? Ümumi intellektin super intellektə
qədər böyüməsini görə biləcəklərmi?
Süni intellektlər haqqında maraqlı faktlar da var:
- Süni intellektlərin istifadə olunduğu ağıllı sistemlərdə
əksər hallarda qadın səslərindən istifadə olunur.
- 1997-ci ildə Deep Blue adlı kompüter məşhur şahmat çempionu
Harri Kasparovu məğlub edib.
- Bir çox valideynlər robot ev heyvanlarına üstünlük verirlər.
Jan-Lu Raulun fikrinə görə, 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanlarına
ciddi rəqib olacaq.
- 2015-ci ildə yapon tədqiqatçıları bildiriblər ki, öz-özünü
bərpa edən robot düzəldiblər. Belə ki, həmin robot iki ayağı belə olmayanda özünü
bərpa edə bilir.
İnsan əməyini sıradan çıxaracaq
Süni intellektin
nəyə aid edilməsi sualına konkret cavab yoxdur. Onun haqqında kitab yazan hər bir
müəllif, demək olar ki, o elmin nailiyyətlərini nəzərə alaraq, hansısa fikri müəyyən
edir. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində
süni intellektin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış
sahədir, onun çoxlu sayda istiqamətləri var. Çox zaman bir sahəsi digəri ilə qarşılıqlı
əlaqədə olmur. Bəzi sahələri isə o dərəcədə inkişaf edib ki, artıq ayrıca bir ixtisas
kimi fəaliyyət göstərirlər.
Süni intellekt
proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək
də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik. Bu elmdən aviasiya,
təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq
olunur. Mütəxəssislər deyir ki, süni intellekt böyük vaxt tələb edən məsələlərin
həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir,
xətaların başvermə ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın dərinliklərinin
araşdırılmasında istifadə edilir. Lakin onun insan əməyinə olan tələbatı aşağı salması
kimi mənfi tərəfi də mövcuddur. Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən
əhalinin üçdə biri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində
qalacaq.
Yeri gəlmişkən,
artıq süni intellektdən istifadə edərək sürücüsüz idarə olunan avtomobillər yaradılır.
Beş ölkədə süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyət göstərən "Google” şirkətinin
yaratdığı pilotsuz avtomobillər ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı
avtomobillər xeyli məsafə qət edərək, bir dəfə də olsun yol hərəkəti qaydasını pozmayıb
və qəzaya uğramayıb. "Google” şirkətinin təcrübəsini yalnız nəqliyyat şirkətləri
deyil, yol hərəkəti qəzaları sahəsində ixtisaslaşan hüquqşünaslar da izləyirlər.
Onların fikrincə, insan xətalarının sayı səngidikcə xəsarət alan insan və maşınların
sayı, nəticədə də ölüm hadisələri və sığorta haqqı da azalacaq. Bu o deməkdir ki,
yol hərəkət hadisələrində zərər çəkən insanların hüquqlarını qoruyan hüquqşünasların
da işinə tədricən ehtiyac qalmayacaq. Yalnız hüquqşünaslar deyil, sürücülər, yükdaşıyanlar,
çağrı mərkəzlərinin, qaynar xətlərin operatorları öz işini itirəcək. Bu və digər
peşə sahiblərini süni intellekt əvəz edəcək.
Bəşəriyyətin ən yaxşı, yoxsa ən pis nailiyyəti?
Amma bu sahənin
mütəxəssislərini düşündürən bir məqam da var - süni intellektin bu qədər avtonomlaşdırıldığı,
geniş səlahiyyətlərin verildiyi bir şəraitdə, onlar öz yaradıcılarına qarşı hər
zaman sadiq və mehriban qalacaqlarmı?
"Süni intellektin
nəhəng potensialını nəzərə alaraq düşünməliyik ki, həmin texnologiyalarda mövcud
olan gizli əngəllərlə üzləşmədən bunun müsbət cəhətlərindən necə faydalana bilərik.
Bizim süni intellekt sistemlərimiz yalnız bizim istədiyimizi etməlidir”. Bu, Həyatın
Gələcəyi İnstitutunun saytında dərc edilən açıq məktubda yazılıb. Alimlər bu məktub
vasitəsilə öz həmkarlarına səslənərək, onları süni intellekt probleminə daha diqqətli
yanaşmağa çağırırlar. Alimlərin qoyduqları əsas sual isə belədir: insanlar intellektlə
təchiz olunmuş maşınlara nəzarət edə biləcəklərmi? Bu suala hələ heç kim cavab verə
bilməyib... Süni intellektin gələcəyini anlamaqda əsas çətinlik məhz buradadır.
Amerikalı alim Eliezer Yudkovski "Süni intellekt qlobal risklərdə müsbət və mənfi
faktor kimi” kitabında süni intellektin "bəli, bu intellekt insan iradəsinin xaricindədir”
dedirdən ikicə davranış ehtimalını şərh edir:
- Süni intellekt
yeni icadları patentləyir, elmi əsərlər dərc edir, birjada pul qazanır və siyasi
bloklara başçılıq edir.
- Tarixi,
elmi və texnoloji biliklərə əsaslanan süni intellekt sivilizasiyanın inkişafını
əsrlər və minilliklər müddətinə əvvəlcədən bilə bilir.
Məşhur nəzəriyyəçi
fizik Stiven Hokinq hesab edir ki, Yudkovskinin bəhs etdiyi mükəmməl süni intellekt
"insan irqinin sonunu gətirə bilər”. Alim
süni intellekt haqda "bəşəriyyətin ya ən yaxşı, ya da ən pis naliyyəti olacaq” deyib.
O, fikrini belə bir nümünə ilə əsaslandırıb: "Deyək ki, elektrik stansiyası tikirsiniz
və bu zaman qarışqa yuvasını təsadüfən dağıdırsınız. Heç kim qarışqaları vecinə
almayacaq. Özünüzü qarışqa yerinə qoymayın”.
Elon Mask
və bu sahədə çalışan bir neçə böyük alim də eyni fikirdədir. Hər kəsi bir məsələ
narahat edir: "Əgər süni intellekt bizi işdə əvəz edəcəksə, onda müəyyən vaxtdan
sonra o, bizi evdə də əvəz etmək istəməzmi?”.
Görəsən həqiqətən
də süni intellektlə təmin edilmiş robotlar insanları tam əvəz edə biləcəkmi?
E.Yudkovskinin
məqalələrini oxuyan "Skype” proqramının yaradıcılarından
Yaan Tallinn isə belə bir nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi
partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Bu isə bütövlükdə
bəşəriyyəti böyük təhlükə altında qoya bilər. Belə ki, ultraağıllı süni intellektlər,
təkamül-inkişaf nərdivanında bəşər övladının yerini tutacaq və biz qəfəsdə olan
meymuna necə baxırıqsa, onlar, yəni süni intellekt də bizə o gözlə baxacaq. Ya da
daha betəri olacaq: bütün insanların axırına çıxacaqlar.
Bəs hansı
məqamda biz süni intellekt üzərində nəzarəti itirə bilərik? Süni intellekt öz qarşısına
nə vaxt müstəqil şəkildə məqsədlər qoya biləcək? Bu məqsədlərin arasında bəşəriyyətin
məhv edilməsi olacaqmı? Suallar çox, dəqiq cavablar isə yoxdur...
Den Broun
"Başlanğıc” əsərində baş qəhrəman professor Lanqdonun dili ilə süni intellekt robotu
Vinstona mənalı sual verir - "Sənin ümidlərin və xəyalların varmı?”
Bəli, insan
yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları,
duyğuları, ən əsası ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur.
Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə
bir addım öndə olacaq.
Xəyalə MURADLI,
"Azərbaycan”