“Gaia20ehk” identifikasiyalı ulduzun 2020-ci ildə əldə edilmiş müşahidə materialları təhlil edilərkən onun qeyri-adi davranış göstərdiyi məlum olub. Yerə təxminən 11 min işıq ili məsafədə, Göyərtə bürcündə yerləşən bu obyekt F5 spektral sinifli, Günəşə bənzər adi baş ardıcıllıq ulduzudur. Belə ulduzların şüalanması adətən stabil olur. Lakin müşahidə məlumatlarında ulduzun parlaqlığının gözlənilmədən dəyişdiyi aşkar edilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Arxiv müşahidələri göstərir ki, 2016-cı ildə ulduzun parlaqlığı üç dəfə kəskin şəkildə artıb-azalıb. 2021-ci ildə isə dəyişmələr daha da güclənərək xaotik xarakter alıb. Bu isə stabil baş ardıcıllıq ulduzları üçün qeyri-adi haldır. Ulduz əvvəlcə “Gaia” kosmik teleskopunun fotometrik müşahidələri zamanı aşkar edilib. Daha sonra müxtəlif yerüstü teleskoplarla da müşahidə olunub. Onun optik təsviri Serro-Tololo rəsədxanasındakı 4 metrlik Blanko teleskopu ilə əldə edilib. Genişsahəli infraqırmızı kosmik teleskop (WISE) ilə alınmış infraqırmızı diapazonda müşahidə materiallarının müqayisəli təhlili göstərib ki, parlaqlığın dəyişməsi ulduzun özünün fiziki xüsusiyyətləri ilə bağlı deyil.
Araşdırmalara görə, ulduzun qarşısından böyük miqdarda daş-qaya parçaları və onların yaratdığı toz buludu keçir. Bu maddə ulduzun işığını qeyri-bərabər şəkildə örtərək onun parlaqlığının zəifləməsinə səbəb olur. Maraqlıdır ki, optik diapazonda parlaqlıq zəiflədiyi halda infraqırmızı diapazonda artım müşahidə edilir. Bu isə həmin maddənin yüksək temperaturda olduğunu göstərir.
Astronomlar bu hadisəni iki planetin toqquşması ilə izah edirlər. Bu cür hadisələr əvvəllər qeydə alınsa da, onların heç biri Yer ilə Ayın yaranmasına səbəb olduğu düşünülən böyük toqquşmaya bu qədər bənzəmir. “Gaia20ehk” sistemində yaranmış toz buludunun ulduzdan məsafəsi təxminən 1,1 astronomik vahiddir. Hesablamalara görə onun kütləsi təxminən 4×1020 kq, temperaturu isə təxminən 900 K-dir. Toz buludu ulduzun ətrafında 380,5 günlük periodla dövr edir. Hazırda ərimiş vəziyyətdə olan bu maddə milyon illər ərzində soyuyaraq yeni planet və peyklərin formalaşmasına gətirib çıxara bilər. Beləliklə, bu sistemdə davam edən toqquşma prosesi Yer tipli planetlərin yaranma mexanizmini öyrənmək üçün nadir imkan yaradır.
Ümumiyyətlə, planetlər toz, qaz, buz və kiçik qaya parçalarının birləşməsi nəticəsində yaranır. Ulduz sistemi yeni formalaşarkən hələ sabit olmur, çoxlu sayda toqquşmalar baş verir, bəzi planetlər sistemdən kənara atılır, bəziləri isə birləşərək daha böyük cisimlər yaradır. Təxminən 100 milyon il davam edən bu prosesdən sonra planet sistemi tədricən sabitləşir.
Yeni yaranan ulduz sistemlərində planetlərin toqquşması adi hal olsa da, bu hadisələri müşahidə etmək çətindir. Bunun üçün planetlərin və ya onların qalıqlarının bizim baxış istiqamətimizdən ulduzun qarşısından keçməsi lazımdır. Bu zaman ulduzun işığında xarakterik zəifləmə – yəni sayrışma müşahidə olunur. Belə hadisələr bəzən illərlə gecikərək ortaya çıxdığı üçün astronomlar həm davamlı müşahidələr aparır, həm də arxiv məlumatlarını mütəmadi olaraq yenidən təhlil edirlər. İlin sonunda müşahidələrə başlayacaq Vera Rubin Rəsədxanasında quraşdırılmış “Simonyi Survey Telescope” üçün bu mövzu çox aktual hesab olunur. Bu teleskopun həyata keçirəcəyi müşahidələrin növbəti 10 ildə yüzlərlə belə planet toqquşmasını aşkar ediləcəyi gözlənilir.
Tədqiqat işinin nəticələri “The Astrophysical Journal Letters” jurnalında çap olunub.