Bəzən ölüm, sadəcə, bir insanı bizdən almır. Bir səs susur, bir baxış donur, bir ömürlük xatirələr sükuta qərq olur. Elə bir sükut ki, nə söz onu doldura, nə də zaman sağalda bilir.
Martın 27-si səhərini "Azərbaycan" qəzetinin şöbə redaktoru, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin ölüm xəbəri ilə açdıq.
Rəşadın timsalında təkcə "Azərbaycan" qəzeti yox, bütünlükdə Azərbaycan mətbuatı Vətən sevgili ləyaqətli bir oğlunu itirdi. Bu itki təkcə bir jurnalistin yoxluğu deyildi, qələmi və silahı ilə Vətənə xidmət edən, torpağı igidliklə qoruyan 48 yaşlı bir insanın yoxluğu idi.
Rəşad Baxşəliyev artıq aramızda yoxdur… Amma onun adı kollektivimizin sırasında, izi Qarabağda, amalı yazılarında yaşayır.
Rəşad savaşdan sonra Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfər etmişdi. İşğaldan azad olunmuş torpaqlarda aparılan abadlıq və quruculuq işlərindən reportajlar hazırlayırdı. Həmkarları ona "Vətən" deyirdi. Bu sözü çox sevirdi. Ona belə deyəndə qürurlanırdı. Çünki bu onun üçün, sadəcə, söz deyildi, ana südü qədər haqq etdiyi torpağın özü idi. O torpaq ki, bu gün qoynunda əbədi uyuyur.
Vətən müharibəsi başlayanda Rəşad könüllü olaraq qələmini silahla əvəzlədi. Torpaqlarımızın azad olunması uğrunda gedən savaşda cəsur döyüşçülərdən biri oldu. Müharibədən söz düşəndə qürurla deyirdi: "Ehtiyatda olan zabit kimi illərlə gözlədiyim an gəlmişdi. Kənarda durub seyrçi qala bilməzdim. Əgər şəhid olsaydım, dövlətimin ailəmə sahib çıxacağını bilirdim. Çox şükür, torpaqlarımızı azad edib sağ-salamat evimə, ailəmin yanına, doğma kollektivə qayıtdım. İndi hər dəfə Qarabağa, Şərqi Zəngəzura gedəndə qürurlanıram ki, həmin ərazilərin azad olunmasında mənim də payım var".
Rəşadla birgə işğaldan azad olunmuş ərazilərə səfər edən həmkarı deyir ki, ilk dəfə Cəbrayıldan keçib Ağalı kəndinə gedəndə yumruğunu necə düyünləmişdisə, dırnaqları ovcunu qanatmışdı, başının tükləri biz-biz olmuşdu. "Qardaş, məni qorxutma" deyəndə titrək səslə cavab vermişdi: "Bu, ürəyimdən axan qandır. Burada elə oğullar itirmişik ki…" Sonra birdən susmuş, avtomobildən düşüb irəli qaçmış, dayanıb hönkürtü ilə ağlamışdı. "Burada mövqe tutmuşduq. Birdən mərmi düşdü. Döyüşçülərdən birini parça-parça etdi. Bu torpağın hər qarışı qanla suvarılıb. Biz bu torpaqları canımızla, qanımızla azad etmişik"- demişdi.
O an onun yaşadıqlarını, içində daşıdığı ağrını, Vətən sevgisinin ağırlığını bir özü bilirdi. Sanki müharibə onun içində heç vaxt bitməmişdi. Çünki ürəyi məcazi mənada müharibədə yaralanmışdı. Və bu ağrı ilə uzun yaşamağın mümkün olmadığını kollektivimiz hiss edirdi. Hiss edirdi ki, o, ağır xəstədir. Amma onu da görürdük ki, bütün təkidlərə baxmayaraq, sağlamlığına biganə idi. Fikirləşirdi ki, müharibənin cəngindən salamat çıxıbsa, xəstəlik ona nə edəcək ki...
Son dəfə telefonda danışanda da dedi ki, ağrıları azalıb. Sən demə, bizi arxayınlaşdırırmış. Səsi əvvəlki kimi olsa da, gerçək tamam başqaymış. Ermənini qanına qəltan etmək olar, ürəklə bacarmaq isə çətinmiş.
Doğmaları kimi, kollektivimiz üçün də Rəşadın yoxluğu ilə barışmaq çətindir. Amma təsəllimiz var. Özündən sonraya iki gözəl övlad, örnək bir Vətən sevgisi nümunəsi qoyub. Bir də bilirik ki, onun azad olunmuş torpaqlarda izi, Qarabağda, Şərqi Zəngəzurda boy atan fidanlarda nəfəsi var.
Allah rəhmət eləsin!
"Azərbaycan"