21 oktyabr 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan respublikasında alternativ (bərpaolunan) enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı"na uyğun olaraq, universitetimizdə su və günəş enerjisi ilə bərabər, digər alternativ enerji mənbələrindən, o cümlədən külək enerjisindən yararlanmaq üçün müxtəlif layihələr işlənib hazırlanır.
Öncə onu qeyd edək ki, ölkəmizin sərhəd rayonlarının elektrik enerji tələbatçıları əsas şəbəkələrdən uzaqda yerləşdirildiyindən və əksəriyyəti də birfazalı işlədicilər olduğu üçün həmin ərazinin elektrik şəbəkəsində enerji itkiləri çox, həmin hissənin elektrik təchizatında elektrik enerjisinin keyfiyyət göstəriciləri aşağı olur və o hissədə qeyri-simmetriklik yaranır. Bu hallar istər-istəməz ölkənin elektrik sisteminin işinə mənfi təsir göstərir. Belə vəziyyətin yaxşılaşdırılması və respublikanın elektrik sisteminin qoyuluş gücünü artırmaq üçün bərpaolunan enerji mənbələrindən kompleks istifadə edilməsi layihəsinin hazırlanması və icrası aktual problem kimi gündəliyə gəlir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün bu sətirlərin müəllifinin rəhbərliyi ilə ADAU-nun Energetika kafedrası layihə hazırlayıb. Layihənin əsas məqsədi daha çox bərpaolunan enerji mənbələrindən istifadə etməklə müstəqil və ya mövcud elektrik şəbəkəsi ilə paralel işləyəcək dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi hasil edən enerji mənbəyinin yaradılmasıdır. Məsələn, Gəncə-Daşkəsən zonasında küləyin orta illik sürəti saniyədə 3,5 metr olduğu üçün o zonada orta güclü külək elektrik qurğularından istifadə etməyin mümkünlüyü elmi əsaslarla sübut olunmuşdur. Lakin aparılan müşahidələr və ölçmələr nəticəsində həmin regionun digər ərazilərində küləyin daha böyük sürətə malik olduğu təsdiq edilmişdir. Aparılan elmi araşdırmalarla sübut olunmuşdur ki, külək qurğularının Daşkəsən rayonu ərazisindən keçən Qoşqar çayının sağ sahilindəki "Kobalt" qəsəbəsinin yerləşdiyi dağın zirvəsində quraşdırılması daha məqsədəuyğundur. Həmin dağ zirvəsində dəqiq ölçmələr apararaq ilin ayları üzrə küləyin orta sürətini təyin edib külək qurğusunun tipini və gücünü daha dəqiqliyi ilə seçmək mümkündür.
Layihədə Daşkəsən rayonu ərazisində - Qoşqar çayı üzərində tikilməsi nəzərdə tutulan su-elektrik stansiyasına yaxın digər dağ zirvəsində günəş panellərinin qurulması da nəzərdə tutulur. Dağ zirvəsində qurulacaq Günəş panellərinin gücləri daha böyük olacaq. Çünki panellər yüksəkliklərə qaldırıldıqca günəş şüasının intensivliyi yüksəlir. Nəticədə günəş panelinin çıxış gücü artır. Layihənin bu hissəsində tədqiqatların aparılması ilə günəş panellərinin tipini və sayını seçmək mümkün olacaq.
Layihənin icrası ilə yaradılacaq elektrik enerji mənbəyinin üstünlükləri odur ki, o heç bir yanacaq resursları tələb etmir, ətraf mühitə mənfi təsir göstərmir və iqtisadi cəhətdən sərfəlidir.
Siyasət MƏMMƏDOV,
ADAU-nun Energetika kafedrasının dosenti