Ölkəmiz Türk Dövlətləri Təşkilatının əmin-amanlığa xidmət missiyasına öz töhfələrini verir
Türk Dövlətləri Təşkilatının (TDT) əmin-amanlığa və sülhə xidmət missiyası dünyanın tərəqqipərvər insanlarında məmnunluq doğurur. Türk Dövlətləri Təşkilatı (TDT) hazırda ən effektiv təşkilatlardan biridir, onun regional və qlobal aləmdə ildən-ilə rolu artır. Bu TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir. Bu mənada Azərbaycan türk dünyasının və Qafqazın tərkib hisəsi kimi bölgədə yaşayan bütün xalqları, dinindən və irqindən asılı olmayaraq, biri-birinə bağlayan multikultural ölkə kimi mühüm dəyərə malikdir.
Bəşəriyətin narahat və qayğılı günlərində türk dünyasını biri-birinə bağlayan, köklü və mədəni bağları möhkəmləndirən və inkişaf etdirən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, paytaxtda keçirilən Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları bir neçə gündür Bakıdadırlar. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkəm demişdir: “Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər.
Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır”.
Bizim ölkəmizin tarixinə baxanda açıq-aydın görünür ki, qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud olub və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi. Qəbələ bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Türk Dövlətləri Təşkilatı bu baxımdan regional dayanıqlılığı artıran, iqtisadi inkişafı dəstəkləyən, beynəlxalq əməkdaşlığa açıq bir vizyon daşıyır. Xəzər və müxtəlif marşrutlar üzrə enerji və nəqliyyat sahəsində əməkdaşlıq, ticarət əlaqələri, rəqəmsal iqtisadiyyat, süni intellekt, təbii fəlakətlər və fövqəladə hallara hazırlıq da daxil olmaqla bir çox sahədə yaratdılan tərəfdaşlıqlar Türk dünyasının malik olduğu böyük potensialı ortaya qoyur.
Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. siyasətçi-mütəxəssislərin fikrincə, dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan Prezidentinin çıxışında qeyd deyildiyi kimi, “Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir”.
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, böyük filosof, mötədil islamı təbliğ edən Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçılarının məram və məqsədindən aydın olur ki, türk dünyası, Qafqaz, islam aləmi, bir yerdə olanda heç kim onlara qarşı ədalətsizlik edə bilməz. Ona görə də Türk Dövlətlər Təşkilatı öz fəaliyyətində əminamanlığa və sülhə xidmət etməklə bütün islam olkələri və türk dövlətləri ilə əlaqələri genişləndirir.
Rəhman SALMANLI,
“Azərbaycan”