Cəlilabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin, Cəlilabad Elektrik Şəbəkəsinin və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul əməkdaşları rayon ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer təsərrüfatları və sahibkarlıq subyektlərində olublar.
Səfər çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fermerlərin fəaliyyəti, əkin sahələrindən səmərəli istifadə və mövcud problemlərlə bağlı vəziyyətlə tanışlıq keçirilib.
Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətində Dövlət Proqramının icrası ilə bağlı yaradılmış Qərargahın üzvlərinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildirilib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində tədbirlər görülür, sahibkarlarla mütəmadi görüşlər keçirilir. Vurğulanıb ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas istiqamətlərindən biri sahibkarlığın və kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsidir. Bu çərçivədə subsidiyaların, güzəştli kreditlərin və digər dəstək mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.
Görüşdə dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə etməklə kənd təsərrüfatında istehsalın artırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların tətbiqi və rayonun iqtisadi potensialından daha səmərəli istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb.