Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Arzu Nağıyev Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyimizin etibarlı təmin olunması istiqamətində əldə edilmiş mühüm nəticələrdən danışıb.
Gündəliyi təqdim edən komitə sədri müzakirəyə 4 məsələnin çıxarıldığını deyib.
O, əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatı təqdim edib.
Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim olunub. Bildirilib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə müzakirələrin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri gündəliyin üçüncü məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəd 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb. Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir.
Sonuncu məsələ - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hərbi qulluqçuların hərbi rütbədə olma müddətlərində onların təhsil və elmi fəaliyyətinin nəzərə alınması ilə bağlı məsələləri əhatə edir.
İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.