E.ə. IX əsrin birinci yarısında Şərqi Anadoluda Van
gölü hövzəsində yaşayan tayfaların siyasi birliyi kimi meydana gəlmiş Urartu
dövləti Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqlarda yaşayan yerli
tayfalar üzərinə həm xərac almaq, həm də canlı qüvvə olaraq çoxsaylı əsirlər ələ
keçirmək məqsədi ilə hərbi yürüşlər etmişdir. Cənubi Qafqazda Alban ölkəsinin
adına ilk dəfə e.ə. VIII əsrin ortalarına aid Urartu mixi yazılı kitabəsində
rast gəlinir. Ümumiyyətlə Urartu mixi yazılı kitabələrində albanlarla yanaşı,
bir çox tayfaların müasir dövrdə Ermənistan adlandırılan Azərbaycanın tarixi qərb
torpaqlarının qədim sakinləri olduğu məlumdur. Bu kitabələrdə albanların,
iskitlərin və utilərin adları çəkilir, amma nə hay, nə də erməni adlı etnik
ünsürdən bəhs edilmir. Urartu kitabələri sübut edir ki, müasir Ermənistan ərazisində
ən qədim dövlətçilik ənənələri məhz Azərbaycan xalqının etnogenezində fəal
iştirak etmiş iskitlər, albanlar və utilər kimi böyük tayfa birliklərinin hərbi-siyasi
fəaliyyəti ilə bağlı olaraq təşəkkül tapmışdır. Urartulular Uti ölkəsini
Etiuni, Alban ölkəsini isə Ku-Alban adlandırırdılar. E.ə. IX əsrin sonundan etibarən Urartu hökmdarları İşpuini və oğlu
Minuanın hakimiyyəti dövrlərinə aid mixi yazılı kitabələrdə Göyçə gölünün qərbini
əhatə edən Etiuni ölkəsində (KUR.Etiuni ), e.ə.
743-742-ci illərdə isə II Sardurinin hücumlarından bəhs edən qədim Tuşpa (Van)
qalasındakı Analıqız (Xəzinə qapısı) mixi yazılı kitabəsində Ku-Alban
(KUR.Ku-Alban ) ölkəsindən bəhs edilir. Bu mənbələrdən məlum olur
ki, e.ə. I minilliyin əvvəllərində Alban və Uti ölkələrinin tarixi-coğrafi
hüdudları Kür çayının sağ sahili torpaqlarını, yəni Göyçə gölü hövzəsini əhatə
edirmiş.
Analıqız kitabəsi
– Ku-Alban ölkəsindən bəhs edən ilk mənbə
(e.ə.VIII əsrin
ortaları)
Alban
ölkəsinin adının e.ə.VIII əsrin ortalarına aid Urartu kitabəsində, həmçinin
Göyçə gölünün cənub-şərqinə aid bölgədə çəkilməsi əslində, albanların Kür
çayının sağ sahilində, daha qədim zamanlardan yaşadığını sübut edən tutarlı dəlildir.
Halbuki müasir albanşünaslıq elmində belə bir fikir var ki, Albaniya dövləti
Kürün sol sahilində meydana gəlib, sonrakı dönəmlərdə, yəni artıq erkən orta əsrlər
dövründə Kürün sağ sahilinə genişlənib və bizim eranın IV əsrinin sonlarından
başlayaraq Kürün sol sahili ilə yanaşı sağ sahilində də möhkəmlənib. Bu
konsepsiyaya görə V əsrin ortalarında Albaniyanın paytaxtı Bərdə şəhərinə
köçürüldüyünə görə Kürün sağ sahili yalnız bu dövrdən etibarən Alban torpaqları
olub. Əslində isə bu cür yanaşma tarixi obyektivliyi yox, məhz qərəzli
yanaşmanı göstərir. Göyçə gölü hövzəsində Alban ölkəsindən bəhs edən Urartu
kitabəsi isə bu cür yanlış konsepsiyaların üzərindən bilavasitə xətt çəkir və albanların
Qərbi Azərbaycan ərazisində yaşayan qədim etnoslardan biri olduğunu təsdiq
edir.
Alban
tayfalarından əvvəl Qərbi Azərbaycan ərazisində tayfa ittifaqı yaradan, yerli
tayfaları vahid dövlətin tərkibində birləşdirən etnos etiular olmuşdur. Urartu
mənbələrində albanların, lipinlərin və digər tayfaların hərəsinin tayfa
başçısının və ya hökmdarının adı çəkilir. Amma etiular, yəni utilər haqqında məlumat
verən mixi yazılı mətnlərdə onların bir neçə hökmdarının olmasından, çox saylı şəhərlərindən
və Göyçə gölünün qərbini əhatə edən geniş ərazili dövlətə sahib olmasından bəhs
edilir. E.ə. VIII əsrin birinci yarısında Etiuni ölkəsi müasir Qarsa,
Sarıqamışa qədər, Ağbaba, Şörəyel, Dərəçiçək, Qərbi Azərbaycanın şimal-qərb
bölgələri, hətta Çıldır gölü də daxil olmaqla böyük bir coğrafiyanı əhatə
edirdi. Urartu mixi yazılı kitabələrində Etiuni tayfa ittifaqından Qərbi Azərbaycan
ərazisini ilk dəfə vahid dövlət halında birləşdirən güclü etnos kimi bəhs edilməsi,
bölgədə yerli dövlətçilik ənənələrinin qədim ənənələrə malik olduğunu sübut
edir.
Azərbaycanın
qərb torpaqlarında etiuların vahid dövlətçilik xəttini əvvəlcə iskitlər, daha
sonra isə albanlar davam etdirmişlər. Cənubi Qafqazı ilk dəfə vahid dövlət
halında birləşdirən İskit dövlətinin adı e.ə. VIII əsrin əvvəllərində Urartu
mixi yazılı kitabələrində, eləcə də Şörəyel mahalında Qanlıca kəndindən
tapılmış qayaüstü kitabədə İşkiqulu, e.ə. VII əsrin 70-ci illərindən etibarən
Aşşur hökmdarı Asarhaddonun kitabələrində Aşquz (İşquz) kimi çəkilmişdir. Bir
çox mənbələrdə (əsasən qədim fars, yunan və latındilli mənbələrdə) İskit elat
tayfaları Sak və ya Skolati (Sak+elatı) adı ilə də tanınırdılar. İskit dövləti
süqut etdikdən sonra onun torpaqları Mada (Midiya) imperiyasının tərkibinə
daxil olmuşdur. Mada imperiyasına son qoyan Əhəməni dövləti Araz çayından
şimaldakı torpaqlarda (Sakasayana – İskit dövlətinin mərkəzi bölgəsi) möhkəmlənmək
üçün ciddi cəhd göstərsə də, bu coğrafiyada uzun müddət hakimiyyətini bərqərar
edə bilməmişdi.
Qədim
yunan müəllifləri öz əsərlərində Albaniya dövlətindən bəhs etdikləri zaman
artıq Əhəməni imperiyası dağılmış, Makedoniyalı İsgəndərin diadoxlarının (sərkərdə)
isə qısamüddətli və müvəqqəti bir
hakimiyyət mərhələsi başlamışdır. Bun diadoxlar arasında uzun sürən çəkişmələr
regionda siyasi dağınıqlıq vəziyyəti yaratmışdı. E.ə. IV əsrin sonunda Azərbaycanın
şimalında Albaniya dövlətinin yenidən bərpa olunması və güclənməsi məhz regionda
bu cür siyasi dağınıqlığın davam etdiyi şəraitdə və İskit dövlətinin mərkəzi
bölgəsində - Kür və Araz çayları hövzəsində iskitlərin hərbi-siyasi ənənələrinin
təsiri nəticəsində baş vermişdir. Erkən Orta əsrlər dövrünün ilk mərhələsində
(e.ə.III-VII əsrlər) Qarabağın Qafqaz Albaniyasının tərkibində olduğu dövrdə buranın
əhalisinin böyük bir hissəsi iskit-sak tayfaları ilə yanaşı hunlar idi. Burada
yaşayan hunların əksəriyyəti xristianlığı qəbul etmişdir.
Təsadüf
deyil ki, VII əsrdə yaşayan Alban tarixçisi Moisey Kalankatlı “Alban ölkəsinin
tarixi” kitabında Alban ölkəsinin ilk hökmdarının Sak (=İskit) soyundan olan
Aran olması haqqında məlumat vermişdir. Bu kitabın ilk variantı Alban dilində
yazılsa da, sonralar erməni keşişləri qrabar dilinə tərcümə edərək üzünü
köçürmüş, yeni mətnlər əlavə edərək ciddi təhriflərə yol vermişlər. Əsəri diqqətlə
oxuyanda, tarixi-filoloji və mətnşünaslıq baxımından analiz edəndə aydın olur
ki, bu əsərin ilk variantı Alban dilində olub. Alban hökmdarı Cavanşirin
dövründə (VII əsr) yaşayan Moisey Kalankatlı onun tapşırığı ilə bu əsəri qələmə
almışdır. Məşhur albanşünas alim K.Trever “Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin
oçerki” adlı kitabında qeyd edir ki, Alban tarixi əsərində rast gəlinən ermənilərlə
bağlı məlumatlar, sonradan erməni keşişləri tərəfindən bu əsərə daxil edilmiş
kompilyativ fraqmentlərdir. K.Trever burada böyük bir sualın cavabını açıqlayır
və məlumat verir ki, ona görə erməni keşişləri orta əsrlər dövründə Alban
tarixi əsərinə ermənilər haqqında olan uydurmaları və əfsanələri daxil edirdilər
ki, erməni xalqı ilə alban xalqının tarixini eyniləşdirsinlər, bunların bir
kökdən olduğunu əsaslandırsınlar və sübut etsinlər. Bu cəfəngiyatı hələ 70 il
bundan öncə sovet dövründə yaşamış albanşünas alim K.Trever müəyyən etmişdi.
Bundan sonra aparılan tədqiqatlarda erməni və alban mədəniyyətlərinin tamamilə
bir-birinə yad mədəniyyət olduğunu sübut etdi. Albanların xristianlığı ermənilərdən
270 il əvvəl qəbul etdiyini yazan Moisey Kalankatlı qeyd edir ki, albanlar
İsanın dinini qəbul edəndə, kilsələrə gedəndə, ibadət edəndə ermənilər hələ də
bütpərəst toplum idilər. Ermənilərin bütpərəst toplum olmasını özlərinin
tarixçisi kimi qələmə verdikləri, əslində yunan mənşəli tarixçi, din xadimi
olan Favstos Buzand da qeyd etmişdir. O, “Tarix” əsərində yazır ki, ermənilərin
hökmdarı olan Tiran hakimiyətdə olduğu zaman (339-350-ci illər) Ərzurum
yaxınlığında Tordanda erməni kilsəsində, o kilsəni idarə edən parfiyalı Müqəddəs
Qriqorisin nəvəsi İusik idi, İusik ermənilərin yeni dini rəhbəri seçilmişdi.
Əslində, katolikos rütbəsi ermənilərdə yox idi. O, erməni kilsəsinə rəhbərlik
edən keşiş idi. 347-ci ildə yeni il günü Tiran kilsəyə girərək dini bayramı
qeyd etmək istəyərkən İusik ona mane olur. İusik kilsənin qapısı ağzında
duraraq Tiranı buraxmır. İusikin erməni hökmdarına qarşı məşhur çıxışı var.
Favstos Buzand bu çıxışı öz əsərində ətraflı verir. İusik erməni çarına deyir
ki:“sən o qədər murdar əməllər törətmişsən ki, adın xristianlıq qoyub,
İsanın dinini qəbul etmək qoyub, o bəhanə ilə əslində bütpərəst məbədlərinə
getmisən, xristian olmamısan və xristianlığa qarşı qəddar tədbirlər görmüsən,
keşişləri, din xadimlərini qətlə yetirmisən”. Favstos Buzand yazır ki, buna
görə də İusikin bu sözündən sonra Tiran öz nahararlarına, yəni ətrafında olan sərkərdələrə
əmr verib ki, onlar zopayla keşiş İusiki kilsənin içərisində döyüb öldürsünlər.
IV əsrdə albanlar xristianlığı rəsmən qəbul etmişdi. Bu dövrdə Albaniyada
xristianlıq dövlət səviyyəsində təbliğ olunurdu. Amma ermənilər həmin dövrdə
xristian din xadimlərini kilsənin içində qətlə yetirirdilər. Buna görə də
albanlarla ermənilərin xristianlıq tarixi tamamilə başqa-başqa məsələlərdi.
Ramin ƏLİZADƏ,
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi
işçisi