Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün əvvəlcə 2031-ci ilə qədər olan müddəti göstərməsi, bir həftə sonra isə 2027-2028-ci illəri hədəf kimi açıqlaması təsadüfi siyasi manevr kimi qiymətləndirilməməlidir. Burada yalnız tarix dəqiqləşdirməsindən deyil, Ermənistanın sülh prosesi ətrafında yaranmış siyasi reallıqları və Azərbaycanın mövqeyini nəzərə almaq zərurətindən də danışmaq olar. Paşinyanın oktyabrın 22-də 2027-2028-ci illəri hədəf göstərməsi bu baxımdan diqqətəlayiqdir. Onun əvvəlki açıqlamasını dəqiqləşdirməsi və sazişin daha yaxın müddətdə imzalanmalı olduğunu bildirməsi göstərir ki, 2031-ci il tarixi ilə bağlı yaranmış siyasi müzakirələr Ermənistan hökumətinin də nəzərə almalı olduğu amilə çevrilib.
Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİnin fikrincə, bunun mahiyyəti təkcə tarixlərin dəyişdirilməsində deyil, əsas məsələ Ermənistanın sülh sazişinin imzalanmasına mane olan problemlərin həllinə nə dərəcədə hazır olmasındadır: “İlk növbədə, Ermənistan konstitusiyası ətrafında yaranmış mübahisəni qeyd etmək lazımdır. Ermənistan konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad, həmin bəyannamədə isə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qanunsuz qərara istinad Azərbaycana qarşı ərazi iddiaları üçün hüquqi-siyasi zəmin yaradır. Buna görə də rəsmi Bakı sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın konstitusiya məsələsinin həllini vacib şərt kimi irəli sürür. Bu vəziyyətdə əsas sual ondan ibarətdir ki, Paşinyan hökuməti konstitusiya məsələsinin həlli üçün hansı konkret addımları atacaq və bu prosesin vaxt çərçivəsi necə müəyyənləşdiriləcək? Düzdür, yeni konstitusiyanın hazırlanması, ictimai müzakirələrə çıxarılması və referendum yolu ilə qəbul edilməsi müəyyən vaxt tələb edə bilər. Ancaq belə bir prosesin mürəkkəb olması onun qeyri-müəyyən müddətə təxirə salınmasına əsas verməməlidir”.
Deputat bildirdi ki, əgər Ermənistan hakimiyyəti sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını real hədəf kimi təqdim edirsə, onda həmin tarixə qədər konstitusiya məsələsinin həlli istiqamətində hansı mərhələlərin tamamlanacağı da aydın olmalıdır. Əks halda, daha yaxın tarix səsləndirilməsi siyasi bəyanat səviyyəsində qala, sülhün hüquqi əsaslarını möhkəmləndirən real addımlarla müşayiət olunmaya bilər. “2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması məsələsi yeni siyasi və geoiqtisadi məzmun qazanıb. TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin inkişafını, eyni zamanda, regionda daha geniş iqtisadi və tranzit imkanlarının yaranmasını nəzərdə tutur. Paşinyan layihənin icrasına başlanıldığını və onun həyata keçirilməsi üçün müvafiq şirkətin yaradılmasının yekun mərhələdə olduğunu bildirib. Bu məqam xüsusi əhəmiyyət daşıyır, çünki Ermənistanın qarşısında indi yalnız gələcəkdə imzalanacaq sülh sazişi deyil, artıq razılaşdırılmış regional gündəliyin praktiki mərhələyə keçirilməsi məsələsi də dayanır. TRIPP layihəsinin reallaşması Ermənistan üçün iqtisadi imkanlar və regional nəqliyyat sistemində iştirak baxımından faydalar vəd edir. Eyni zamanda, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də layihənin icrası ilə bağlı məsələlərin hansı sürətlə həll ediləcəyi Azərbaycan-Ermənistan münasibətlərinin gələcək istiqaməti barədə də müəyyən təsəvvür yarada bilər”, – deyə o əlavə etdi.
E.Mirzəbəyli qeyd etdi ki, Ermənistan regional əməkdaşlıqdan və TRIPP layihəsindən faydalanmaq istəyirsə, bu əməkdaşlığın əsasını təşkil edən qarşılıqlı etimadın və davamlı sülhün hüquqi-siyasi təminatları da aydınlaşdırılmalıdır. Nəqliyyat layihələrinin irəliləməsi ilə sülh sazişinin yekunlaşdırılması arasında siyasi baxımdan sıx əlaqə mövcuddur, amma Paşinyan bu iki prosesin bir-birindən ayrı məsələlər olduğunu bildirir. Məhz bu kontekstdə Ermənistanın TRIPP layihəsinin praktiki icrasını irəli apararkən sülh sazişinin imzalanması üçün zəruri olan siyasi və hüquqi məsələləri hansı ardıcıllıqla həll edəcəyi xüsusi əhəmiyyət kəsb edir.
Deputat dedi ki, Bakı üçün əsas məsələ yalnız layihənin elan edilməsi və ya müvafiq şirkətin yaradılması deyil, razılaşdırılmış prinsiplərin real icrası, Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi və regionda davamlı əməkdaşlıq üçün etibarlı şəraitin formalaşdırılmasıdır: “Bu səbəbdən TRIPP layihəsinin icrasını sülh prosesindən tamamilə ayrı nəzərdən keçirmək düzgün olmazdı. Eyni zamanda, layihənin gecikdirilməsinin Ermənistan hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi siyasi strategiyanın tərkib hissəsi olduğunu təsdiqləyən konkret sübutlar olmadan belə bir nəticəyə gəlmək də doğru deyil. Burada diqqət yetirilməli olan məqam layihə üzrə elan edilən planlarla faktiki icra arasındakı uyğunluqdur. Zənnimcə, əsas məsələ Ermənistanın sülh prosesinə münasibətinin bəyanatlardan konkret öhdəliklər mərhələsinə keçib-keçməməsidir. Paşinyanın 2031-ci il tarixini açıqlaması ilə 2027-2028-ci illərə üstünlük verməsi arasında siyasi baxımdan mühüm fərq var. Birinci tarix sülh sazişinin imzalanmasını uzunmüddətli perspektivə bağlayırdı. İkinci tarix isə daha konkret gözlənti yaradır və Ermənistan hakimiyyətinin yaxın dövrdə hansı addımları atacağı barədə sualları aktuallaşdırır”.
İndiki halda yekun sülh müqaviləsinin hansı ildə imzalanacağı ilə bağlı bəyanatların özündən daha çox, həmin bəyanatların arxasında dayanan real siyasi iradə və icra mexanizmləri qiymətləndirilməlidir. Əgər Ermənistan hökuməti həqiqətən 2027-2028-ci illəri sülh sazişinin imzalanması üçün real hədəf kimi müəyyənləşdiribsə, onda konstitusiya məsələsinin həlli, öhdəliklərinin icrası və regional nəqliyyat əlaqələrinin yaradılması istiqamətində ölçülə bilən irəliləyiş təmin edilməlidir. Əks halda, bu tarix də əvvəlki açıqlama kimi siyasi müzakirələrin predmetinə çevrilə bilər. Azərbaycanın ədalətli mövqeyi baxımından da sülhün davamlılığı təkcə sazişin imzalanması ilə deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə yeni ərazi mübahisələrinin yaranmasının qarşısını alan hüquqi-siyasi mexanizmlərin formalaşdırılması ilə ölçülməlidir. Beləliklə, Paşinyanın 2027-2028-ci illəri hədəf göstərməsi özlüyündə sülhə doğru həlledici dönüş demək deyil. Bu açıqlamanın real siyasi məzmunu Ermənistanın konstitusiya dəyişikliyi və TRIPP layihəsi də daxil olmaqla, qarşısında duran məsələlərin həlli istiqamətində atacağı konkret addımlarla müəyyənləşəcək.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”