İsmayıllı rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas məqamlarına toxunaraq, qarşıya qoyulan vəzifələrin mahiyyəti və onların həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün qanunun aliliyinin təmin olunması, milli maraqların qorunması, dövlət-vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi və cəmiyyətin bütün sahələrində məsuliyyətli fəaliyyətin vacibliyi vurğulanıb.
Sonra İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balaş Xudiyev, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Əməkdar müəllim Şəfaqət Rəsulov, İvanovka kənd tam orta məktəbinin direktoru Əfqan Soltanov və Rayon Ağsaqqallar Şurasının üzvü Əntiqə Fərmanova çıxış ediblər. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsində ağsaqqalların rolu, təhsilin keyfiyyətinin yüksəldilməsi, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də qarşıda duran vəzifələrin yerli səviyyədə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.