Böyük Qayıdış Azərbaycanın əsas milli prioritetlərindən biri olmaqla, Qarabağda təhlükəsiz və dayanıqlı məskunlaşmanın, iqtisadi canlanmanın və müasir yaşayış mühitinin formalaşdırılmasına yönəlib. İşğaldan azad edilmiş ərazilərdə 2020–2026-cı illərdə bərpa və quruculuq layihələri üçün dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Xankəndidə keçirilən “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoqun açılışında çıxışı zamanı deyib.
Səməd Bəşirli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", “agıllı kənd” konsepti əsasında qurulan yaşayış massivləri, yeni nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür. Ardıcıl və sistemli bərpa-quruculuq işləri sayəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi inkişaf üçün geniş imkanlar formalaşıb.
Sahibkarlığın təşviqi məqsədilə tətbiq olunan vergi və gömrük azadolmaları, güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, ixrac xərclərinin və gömrük rəsmiləşdirilməsi xərclərinin böyük bir hissəsinin kompensasiya edilməsi və digər mexanizmlər bölgədə əlverişli biznes mühiti yaradır.
“Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, burada yerləşən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin sayının artması regionda sənaye potensialının sürətlə reallaşdığını göstərir. Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni zamanda rəqabətqabiliyyətli məhsulların ixracına və yeni dəyər zəncirlərinin formalaşmasına imkan verir”, - deyə o əlavə edib.