"Segah İslam”ın
səsi o dumanlı havada da Cıdır düzündən, İsa bulağından gələrdi
Musiqi dünyasının
özünəməxsus çalarları var. Bu, elə bir aləmdir ki, onu heç bir sözlə ifadə etmək
mümkün deyil. Musiqi hiss, nəfəs, ruhun ifadəsidir deyib klassiklərimiz. Musiqili
səslər olub ki, onlar ilahi vergisi sayılıb.
Muğam və segahların
ifaçıları bu baxımdan seçiliblər. Hər xanəndənin səsi muğama və segaha köklənə bilməyib.
Lakin elələri də olub ki, "Segah İslam” kimi, səsi məhz segaha, muğamata yatımlılığı ilə fərqlənib, hətta
elə bu adla da məşhurlaşıb, sevilərək yaşayıblar.
"Segah” muğamını
və onun bütün variantlarını - "Zabul-Segah”, "Mirzə Hüseyn segahı”, "Orta segah”,
"Xaric segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən
"Segah İslam” çağırılan, 1910-1915-ci illərdə "Sport-Rekord” və "Ekstrafon” səsyazma
şirkətləri tərəfindən muğamları, bir sıra təsnifləri qrammofon vallarına yazılan
İslam Abdullayev də belə ölməz sənətkarlarımızdan idi.
"Segah İslam” "Xanəndələr məclisi”ndə
Sənəti sənətkar
dəyərləndirə bilər: ölməz Xalq şairi Səməd Vurğunun "Segah İslam” haqqında vaxtilə
söylədiyi dəyərli fikirlər kimi: "Mən İslama kamil oxuyan kimi baxıram. O, "Yetim
segah”ı elə oxuyur ki, bütün məclisi əlinə alır. İslamın yaxşı cəhəti odur ki, onun
"Segah”larında Azərbaycan ruhu daha çoxdur”.
1876-cı ilin
dekabr ayında Şuşa şəhərində anadan olan İslam Əbdül oğlu Abdullayev ilk təhsilini elə orada, şəhər məktəbində alıb. Hələ məktəb
illərindən musiqiyə böyük həvəs göstərsə də, müəllim yanına,
hazırlığa getmək imkanı olmayıb. Lakin bir təsadüf onun musiqi aləminə gəlib
çıxmasına təkan verib: o, şair M.M.Nəvvabın
"Xanəndələr məclisi”nə dəvət olunub. Beləliklə də, həvəskar ifaçının arzuları qanad
açıb, bütün çətinliklər arxada qalıb.
"Segah”ı ilə
əsrlərə və nəsillərə yol açan İslam Abdullayev Azərbaycan milli musiqi mədəniyyətinə
misilsiz töhfələr verən sənətkarlardan biri kimi tanınıb.
Azərbaycan
vokal sənətinin və Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən olan sənətkar
"Segah” muğamının təkrarsız ifaçısı olub. Ona görə də xalq arasında ona "Segah İslam”
deyiblər.
Ustad sözü - sözün düzü
İslam Abdullayev
xatirələrinin birində bu barədə qısaca belə deyib: "...M.M.Nəvvabın məclisində ilk
dəfə o dövrün məşhur xanəndələrindən Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli
İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam. Mən həmin məclisdə
Hacı Hüsüdən "Segah”, Məşədi İsidən "Mahur”, Keştazlı Həşimdən "Bayatı-Qacar”, Mirzə
Muxtardan "Rast”, Dəli İsmayıldan "Rahab”… muğamlarını öyrəndim. Lakin özüm də bilmirəm,
nədənsə bu muğamların içərisində məni daha çox cəlb edən "Segah” idi. Rəhmətlik
Sadıq tarını döşünə alan kimi mənim üçün "Segah” çalardı. Məni dinləyən usta Hacı
Hüsü isə bu muğama yeni-yeni guşələr, xallar əlavə edirdi. Sonra isə məndən onları
təkrarlamağı istəyirdi...”
Ustad xanəndə
Seyid Şuşinskinin də onun haqqında söylədikləri maraqlıdır: "İslam olan məclisdə
nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən "Segah” oxumazdıq. Həqiqətən,
belə idi. Islamın oxuduğu "Segah”, xüsusilə "Yetim segah” nəinki Zaqafqaziyada,
hətta bütün Yaxın Şərqdə məşhur idi. Məhz buna görə də xalq onu "Segah İslam” adlandırırdı”.
İslam Abdullayevin
xanəndə kimi ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda
olub. Musiqişünas Firudin Şuşinskinin yazdıqlarına görə, toyun axırıncı gecəsində
şair Mir Möhsün Nəvvab toyun "padşahı” Kərbəlayı Şükürdən xahiş edir ki, İslamın
"Segah” oxumasına icazə versin: "Həmin gecə İslamın yanıqlı bir səslə oxuduğu "Segah”
məclis əhlini, orada iştirak edən musiqiçiləri heyran edir. Buradakı ilk çıxışdan
sonra İslamın şöhrəti artır və bundan sonra tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan
mahallarının el şənliklərinə dəvət edilir. Artıq onun səsi İran məclislərindən gəlməyə
başlayır. Rəşt şəhərində məclislərin birində Tehran xanəndələrindən Rübabə, Sidqiyyə
və Qəmər Mülük kimi xanımlarla yaxından tanış olur. Həmin məclisdə İslam Abdullayev
tarzən Məşədi Zeynalın müşayiətilə "Segah”ı elə oxuyur ki, həmin məşhur xanəndələrin
özləri də heyran qalırlar.
Şərqin Bülbülü
də ustad İslam Abdullayevin ifaçılıq məharətinə yüksək qiymət verib: "...İslam fars
qəzəli oxumazdı. O, Azərbaycan şairlərindən, xüsusilə Füzulinin və Zakirin qəzəllərini
oxuyardı. "Segah”ı o qədər gözəl oxuyardı ki, ona qulaq asdıqca adamın ürəyi titrəyərdi...”
Qoşa qanad: Qurbanın tarı, İslamın segahları...
Ölməz sənətkarın
haqqında ustadların bir-birindən dəyərli fikirləri istənilən qədərdir. Xatirələrdən məlum olur ki,
Cabbar Qaryağdıoğlu da İslam Abdullayevi toyda, məclislərdə görəndə xahiş edərmiş
ki, "Segah” oxusun.
Məclislərin
birində Qurban Pirimov tarda müşayiət edib, İslam da oxuyub. Ustad xanəndə Cabbar
Qaryağdıoğluna elə gəlib ki, İslamı dilə gətirən tarın qeyri-adi çalınmasıdır. Yəni
musiqi onu cuşa gətirir ki, İslam belə yanıqlı
oxuyur. Bunu yoxlamaq üçün bir müddət o da Qurban Pirimovla gedir məclislərə. Lakin sonralar etiraf edib ki, İslamın nəinki külli-Qarabağda, heç ətraf bölgələrdə də tayı-bərəbəri yoxdu muğam,
segah oxumasında.
İyirminci
yüzilliyin əvvəllərində, daha doğrusu,
1901-1905-ci illərdə İslam Abdullayev tarzən Qurban Pirimovla Qarabağ və Gəncəbasarın
əksər məclislərində çıxış edib. Qurban Pirimov da xatirələrində deyib ki, İslamın
"Segah”ına söz ola bilməz. O, "Yetim segah”ı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi.
O zamanların
gənc xanəndələrindən sayılan Əsgər Qurbanov, Cəmil Məmmədov, Bülbül, Xan Şuşinski,
sonralar isə Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları "Segah”
oxuyarkən məhz İslam Abdullayevin yolu ilə gediblər.
Ustad xanəndə
bir müddət məşhur tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundovla birlikdə çalıb-oxuyarmış.
...Ömür adlı
karvan yolunun bir ucu olumlu, bir ucu da ölümlüdür. O kəslər xoşbəxt hesab edilir
ki, özündən sonra yadigarları ilə xalqın yaddaşında yaşayırlar. Görkəmli sənətkar
İslam Abdullayev 1964-cü ildə, ömrünün 88-ci payızında Şuşadan çox-çox uzaqlarda,
Xəzərin ləpədöyənində əbədiyyətə qovuşanda
da deyirlər ki, pıçıltısında "Yetim segah” donub...
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”