22 Avqust 2020 00:14
2745
Mədəniyyət
A- A+
“Şirvanşahlar Saray Ansamblı” - milli memarlığın möhtəşəm nümunəsi

“Şirvanşahlar Saray Ansamblı” - milli memarlığın möhtəşəm nümunəsi


Bugünədək öz tarixi-memarlıq əhəmiyyətini saxlayan Şirvan hakimlərinin iqamətgahı - "Şirvanşahlar Saray Ansamblı” 9 tikilidən ibarət olub. Həmin tikililər 3 həyətdə yerləşib. Ən müxtəlif nöqtələrdən baxarkən onların saray ansamblının tərkib hissələri olduğu aydın görünür.


Şirvanşahlar türbəsi


Aşağı həyətin ərazisində kompleksin 2 tikilisi, türbə və saray məscidi yerləşir. Buranı digərlərindən iri dairəvi qapalı divarlar ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla bəzədilmiş və 6 bucaqlı gümbəzlə tamamlanmış düzbucaqlı olduğu görünür. Tikilərkən gümbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdir.

Giriş üzərindəki yazı bu gözəl tikilinin inşaedilmə tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi 839-cu il (1435-1436)”.

Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazıda memarın Məhəmməd Əli olduğu göstərilir. Məlumdur ki, o zamanlar memarlara tikililər üzərində öz adlarını yazması qadağan olunmuşdur. Ona görə də sənətkar adını bu yolla şifrələşdirmişdir. Yazılar 1954-cü ildə görkəmli şərqşünas alim Ə.Ə.Ələsgərzadə tərəfindən oxunmuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür.

Portal keçidi zəngin ornamentə malikdir. Onun ən yuxarı hissəsinə Quranın 12-ci surəsinin 92-ci ayəsi oyma yazı üsulu ilə yerləşdirilmişdir. Yazıda deyilir: "Yüksək və böyük olan Allah-təala dedi: bu gün Allah sizi bağışlar, çünki ən rəhimlilərin rəhimlisidir”. Düz girişin üzərində olan medalyonda 12 dəfə "Əli” adı təkrar olunmuşdur.

Türbənin girişindəki dəhliz 8 bucaqlı gümbəzlə örtülmüşdür. Onun sağ və solunda xidmət üçün 2 yardımçı otaq mövcuddur. Kvadrat formalı əsas zal mərkəzi hissədən və onun 4 tərəfində yerləşən çatmatağlı taxçalardan ibarətdir. Zalın mərkəzi hissəsi gümbəzlə örtülmüşdür. Onun şimal və cənub künclərində kvadrat planlı kiçik otaqlar vardır.

Giriş üzərindəki yazılara əsasən məlum olur ki, türbə Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikilmişdir. Buna baxmayaraq, orada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilmişdir. Qazıntılar zamanı sökülmüş döşəmənin altından daş lövhələr tapılmışdır. Bu daş lövhələrdən 7 qəbrin örtüyü olduğu aşkar edilmişdir, yalnız 5 qəbrdə sümük qalıqları tapılmışdır, 2 qəbir isə boşdur.

Şirvanşahlar Sarayında saray şairi olmuş Bədr Şirvaninin qəsidə, mədhiyyə və divanlarına, habelə qəbirlərdə aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən burada dəfn edilənlərin adları ayırd edilmiş və dəqiqləşdirilmişdir: I qəbirdə Şirvanşahın 7 yaşlı oğlu Fərrux Yəmin (1435-42) dəfn edilmişdir. II qəbir qoca qadına məxsus olub Şirvanşahın anası oluduğu ehtimal edilir. Şirvanşahın anasının adının Bikə və çox hörmətli qadın olduğu, həmçinin hicri təqvimi ilə 839-cu ildə (1435-36) vəfat etdiyi qeyd olunur. III qəbrin Qara Yusifin əsiri olub, onun ölümündən sonra Şirvanşah Şahruxa ərə getmiş Xanikə xanıma aid olduğu ehtimal edilir. IV qəbirdə Şirvanşahın Şeyx Salah (1443-45) adlı 2 yaşlı oğlu dəfn edilmişdir. V qəbir 19 yaşlı II İbrahimə aiddir.

Girişin əks tərəfində iribədənli, hündürlüyü 2 metr 10 sm. olan skelet aşkar edilmişdir. Bu qəbrin I Xəlilullaha aid olduğu ehtimal edilir.


Saray məscidi


Aşağı həyətdə türbə ilə yanaşı, saray məscidi yerləşir. Onun hündürlüyü 22 metrdir. Minarəni əhatə edən yazıdan məlum olur ki, "minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və hakimiyyət illərini böyütsün. 845-ci il (1441-1442 illər)”.

Məscidə girməzdən əvvəl yuyunmaq və dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hündür meydançada quyu və kiçik hovuz vardır.

Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər və aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli gümbəzlə tamamlanır. Eyvanın ətrafı başqa böyük məscid minarələrində olduğu kimi, üzəri oyma üsulu ilə bəzənmiş, daş məhəccərlə əhatə olunmuşdur. Sonralar rus ordusu tərəfindən şəhər top atəşinə tutularkən dağıdılmış daş məhəccər XIX əsrdə dəmir məhəccərlə əvəz edilmişdir.

Məscidin daxilində şimal, şərq və qərbdən sadə işlənmiş qapılar açılır. Şərq tərəfdəkindən şah və onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirlərmiş. Gümbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən və 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Məscidin şimal-şərq küncündə tağ-tavanla örtülmüş kiçik bir otaq yerləşir ki, bura qadınlar üçün ibadətxana olmuşdur.

İ.ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!