Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası milli irsin qorunmasını, müasir mədəniyyət modelinin yaradılmasını və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasını əsas prioritetlər kimi qarşıya qoyur.
AZƏRTAC-a açıqlamasında bu hədəflərin reallaşmasında mədəniyyətin və memarlığın rolunu dəyərləndirən sənətşünas Sədaqət Zaurqızı vurğulayıb ki, ölkənin beynəlxalq imicinin formalaşmasında sözügedən sahələrin müstəsna əhəmiyyəti var.
Onun sözlərinə görə, ölkənin beynəlxalq nüfuzu yalnız siyasi və iqtisadi uğurlarla ölçülmür, qlobal dünyada dövləti fərqləndirən və insanların yaddaşında saxlayan əsas amillərdən biri də mədəniyyətdir: “Mədəniyyət dövlətin vizit kartıdır. Xalqın tarixi, dünyagörüşü, estetik zövqü və milli kimliyi ilk növbədə onun incəsənətində, memarlığında, musiqisində və dekorativ-tətbiqi sənətində öz əksini tapır”, – deyə sənətşünas bildirib.
S.Zaurqızı qeyd edib ki, bir çox ölkələr öz mədəni irsini “yumşaq güc” siyasətinin mühüm vasitəsinə çeviriblər. Azərbaycanın da bu istiqamətdə zəngin potensiala malik olduğunu vurğulayan ekspert muğam, xalçaçılıq, miniatür sənəti, memarlıq məktəbləri və bədii tikmə kimi sahələrin ölkəmizi beynəlxalq səviyyədə tanıtdığını diqqətə çatdırıb. Bu irsin qorunması, elmi araşdırılması və müasir dövrün tələblərinə uyğun təqdim olunması Azərbaycanın beynəlxalq imicinin formalaşmasına mühüm töhfə verir.
Sənətşünasın fikrincə, mədəni irsin qorunması ilə yanaşı, onun müasir yanaşmalar əsasında inkişaf etdirilməsi də vacibdir. Bu baxımdan memarlıq və şəhərsalma sahəsində innovativ həllərin tətbiqi milli memarlıq ənənələri ilə vəhdətdə həyata keçirilməlidir.
S.Zaurqızı, həmçinin memarlıq və dizayn sahəsində uğuru müəyyən edən əsas amilin cins deyil, peşəkarlıq olduğunu bildirib. Bu gün Azərbaycanda qadınlar memarlıq, dizayn və şəhərsalma sahələrində uğurla fəaliyyət göstərirlər. Qadın memarlar və dizaynerlər layihələrdə estetikaya, insan amilinə, incə detallara və funksionallığa həssas yanaşmaları ilə seçilirlər ki, bu da müasir memarlıq üçün xüsusi əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, peşəkar inkişaf üçün memarlıq tarixini, milli irsi, dünya memarlıq məktəblərini və müasir şəhərsalma prinsiplərini dərindən öyrənmək vacibdir. Bununla yanaşı, rəqəmsal texnologiyalar, süni intellekt, BIM sistemləri və dayanıqlı memarlıq istiqamətində biliklərin artırılması dövrün əsas tələblərindəndir:
“Beynəlxalq təcrübəni öyrənmək vacibdir, amma milli kimliyi qorumaq ondan da vacibdir. Memarlıq yalnız bina layihələndirmək deyil, cəmiyyətin yaddaşını, mədəniyyətini və gələcəyini formalaşdırmaqdır. Məhz buna görə də gələcəyin memarı həm müasir düşünməli, həm də öz köklərini yaxşı tanımalıdır”, – deyə sənətşünas əlavə edib.