Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” adlı genişmiqyaslı layihənin icrasına başlanılır.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin rəqəmsal savadlılıq, media savadlılığı, kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal etika sahəsində bilik və bacarıqlarının artırılması, eyni zamanda, bu istiqamətdə regionlarda fəaliyyət göstərə biləcək təlimçi və gənc liderlərin hazırlanmasıdır.
“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarından seçiləcək 25 gənc üçün Bakıda təlim düşərgəsi təşkil olunacaq. Təlim proqramı zamanı iştirakçılar rəqəmsal təhlükələr, saxta xəbərlərin müəyyən olunması, xüsusilə süni zəkaəsaslı manipulyativ məlumatların tanınması, şəxsi məlumatların mühafizəsi, etik onlayn davranış və rəqəmsal kommunikasiya mövzularında həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.
Layihənin davamlılıq mərhələsində isə iştirakçıların öz regionlarında təlimlər, seminarlar və maarifləndirmə tədbirləri həyata keçirməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial media üzərindən həyata keçiriləcək #RəqəmsalKimlik kampaniyası vasitəsilə minlərlə gəncin rəqəmsal təhlükəsizlik və media savadlılığı sahəsində məlumatlandırılması planlaşdırılır.
Layihə çərçivəsində rəqəmsal savadlılıq üzrə onlayn təlim modulları, maarifləndirici videomateriallar və müxtəlif rəqəmsal resurslar hazırlanacaq. Proqramın əsas hədəflərindən biri regionlarda rəqəmsal savadlılıq üzrə aktiv gənclər şəbəkəsinin formalaşdırılması və gənclərin rəqəmsal transformasiya proseslərində iştirakının təşviq edilməsidir.
Layihənin icrası zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Gənclər Evləri, yerli QHT-lər və təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının “Rəqəmsal İnkişaf Konsepsiyası 2025-2027” sənədində müəyyən edilmiş rəqəmsal maarifləndirmə və rəqəmsal kadr potensialının gücləndirilməsi istiqamətlərinə uyğun olaraq həyata keçirilir.