24 Avqust 2023 09:50
404
İQTİSADİYYAT
A- A+

Ruhlar şəhəri ruhumuzun şəhərinə çevrilir

 

"Ağdam" günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Düz 30  il əvvəl Ağdam işğal olundu. 27 il sonra isə azadlığa qovuşdu.  Rayonun 204 min nəfər əhalisi var idi və onların əksəriyyəti  işğal dövründə respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün kimi məskunlaşmışdı. 
İndi hər şey dəyişib. Artıq üçüncü ildir ki, Ağdam illərlə tamarzı qaldığı azadlığın həzzini yaşayır, evindən-eşiyindən didərgin düşmüş 126 mindən çox  ağdamlının vətən, torpaq  həsrətinə son qoyulub. 30 ilə yaxın bir zaman kəsiyində övladlarının əlindən tutaraq Ağdama gedib onun gözəlliklərini göstərib öyünə bilməyənlər,  ağrılı və qürurlu yaddaşlarında ağdamlı günlərinin xatirə işığını yaşadanlar bu gün Ağdama qovuşurlar. Qarabağın aranı ilə dağlıq hissəsini birləşdirən Ağdam şəhəri vaxtilə qədim tarixi və mədəniyyəti ilə seçilirdi. Və bu seçkinlik də hər zaman  ox olub  mənfur erməninin gözünə batırdı. Düşmən fürsət gözləyirdi. Günlərin bir günü həmin fürsət əllərinə düşdü.  Müharibənin qan-qadası ağdamlıların sevincinə su qatdı, arzuları gözlərində qaldı.  Bəşəriyyətin ən ağrılı prosesi olan işğal ağrısına tuş gəldi  ağdamlılar. 
İşğal nəticəsində Ağdamın 1094 kvadratkilometr sahəsinin 846,7 kvadratkilometrini düşmən viran qoydu. Bütöv 1 şəhər, 1 qəsəbə, 82 kənd talan olundu, 27 il  erməni vandallarının  tapdağı altında inlədi. Bütün bunlar azmış kimi  işğal illərində azğın ermənilər Ağdamı "özəlləşdirməyə" çalışdılar. Gah adını dəyişdirib Tiqranakert qoydular, gah şəhərdə  muzey açdılar, gah da saxta dəlillərlə, guya, bu yerlərdə vaxtilə ermənilərin yaşadığını söylədilər. Bir yandan da Ağdamdakı  maddi-mədəniyyət abidələrini dağıtdılar, şəhəri yerləyeksan etdilər. Bu, əslində, erməni faşistlərinin bəşəriyyətə  yönlənmiş  cinayəti  idi. Xislətində dağıdıcılıq, talançılıq yuva qurmuş erməni,  "Ağdam mənimdir" dediyin nədir, Ağdamı viranə qoyduğun nə? Halbuki Ağdamdakı abidələr təkcə Azərbaycanın qədim dövrünü yox, bütövlükdə Qafqazın tarixini öyrənmək baxımından çox əhəmiyyətli idi. 
İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavodu, 1 şampan zavodu, 10 istirahət mərkəzi var idi. Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda fəaliyyət göstərirdi. Ağdamın təhsil ocaqları, xüsusilə ötən əsrin ortalarında fəaliyyətə başlayan Dram teatrı, İkiillik Müəllimlər İnstitutu, Kənd Təsərrüfatı, Tibb və Musiqi texnikumlarında bütün ətraf rayonlar üçün kadrlar hazırlanırdı. Ağdam Azərbaycana görkəmli dövlət, elm, mədəniyyət xadimləri bəxş etmişdi: Xudu Məmmədov, Adilə Namazova, Rəşid və Ziyəddin Göyüşovlar və bir çox başqaları. 
Sovetlər zamanı  Ağdam təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın iqtisadi potensialı böyük olan rayonlarından  idi. Rayonda ağır, yüngül və qida sənayesi inkişaf etmişdi. Zavodlar və kombinatlar, dəmiryol stansiyası və hava limanı günümüzə dağıntılar altında gəlib çıxıb. Şəhərin mərkəzində el arasında "Od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək Muzeyi SSRİ-də birinci, dünyada ikinci idi.  Bol məhsul verən münbit torpaqlarında  kənd təsərrüfatı  inkişaf etmişdi. O torpaqlar 20 nəfər Sosialist Əməyi Qəhrəmanı yetişdirmişdi. 
Bu sadalananlar və sadalanmayanların fonunda təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsində Ağdam xalq arasında "Qəhrəman rayon" adlanırdı.  6570 şəhid verən Ağdamın 16 Milli Qəhrəmanı, 4950 qazisi var. Bir zamanlar var-dövləti ilə seçilən Ağdam şəhəri  2008-ci ildə "Lonely Planet" jurnalı tərəfindən "Qafqazın Hirosiması" adlandırılıb. 2010-cu ildə  ərəb dünyasının ən nüfuzlu televiziya kanalı olan  "Əl-Cəzirə" Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb. 2014-cü ildə  alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan " Dağıdılmış Ağdam" əsərini bu şəhərə həsr edib.
44 günlük Vətən müharibəsindən sonra Ağdam canlanmağa başladı.  "Biz elə bir şəhər, elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır", - deyən Prezident İlham Əliyevin birbaşa göstərişi və nəzarəti ilə Qarabağa qayıdış proqramı çərçivəsində Ağdamda dərhal bərpa-quruculuq işlərinə başlandı. Öncə yol tikintisindən başlayan bərpa-quruculuq işlərinin bir qolu olan  4 zolaqlı Bərdə - Ağdam avtomobil yolu regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edir. Bu nəhəng yolun  inşası, demək olar ki, tamamlanmaq üzrədir.  Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər, həmçinin yol boyunca dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri yerlərdə yeraltı keçidlərin tikintisi 100 faiz yerinə yetirilib. Yolboyu beton bardyorların və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası və tamet daşlarının qoyuluşu sona çatdırılıb. Bu yol Qarabağ torpağına yeni nəfəs, yeni ab-hava gətirəcək və regionda iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.
Qarabağa nəfəs verəcək ikinci bir struktur da  azad edilmiş ərazilərdəki sənaye parklarıdır. Cəbrayıl logistika və ticarət, Şuşa mədəniyyət və turizm, Kəlbəcər mədənçilik və turizm mərkəzləri olduğu kimi, Ağdam da sənaye mərkəzi olacaq.  Ağdam Sənaye Parkının təməlini  2021-ci ildə Prezident İlham Əliyev qoyub. Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar  ərazini əhatə edir. Sənaye parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası kimi hissələrə bölünüb. Burada tikinti materiallarının istehsalı müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarının qablaşdırılması ilə yanaşı, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, eləcə də  şərab, yem  və gübrə istehsal olunacaq. Parkda xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Hazırda sənaye parkında 19 rezident fəaliyyət göstərir. Avqustun ilk günlərindən  rezidentlərin sırasına qoşulan sonuncu  şirkət  -  "AS İstehsal" MMC  5,5 hektar ərazidə investisiya həcmi 5,4 milyon manat olan  inşaat materiallarını istehsal edəcək. 95 nəfəri işlə təmin edən şirkətin məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Beləcə,  viran edilmiş Ağdam  daha da böyüyəcək, genişlənəcək. Vaxtilə 700-800 hektar ərazisi olan Ağdam şəhəri baş plana əsasən,  100 min  sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun tarixi hüdudlarından başqa əlavə olaraq bir neçə kənd də birləşdirilib. Əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq. 
Erməni vandallarının viran qoyduğu Ağdamın  bərpasını gözləri ilə görmək, onun böyüyərək  inkişafa gedən yolunda yaradılan şəraitə şahid olmaq üçün avqustun 16-da Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər etdilər. Səfər zamanı 45 ölkə və 12 beynəlxalq təşkilatı təmsil edən 100-ə yaxın diplomat və hərbçiyə 30 ilə yaxın davam etmiş dağıntılar haqqında məlumat verilib. Sonra onlar  Ağdamdakı genişmiqyaslı quruculuq işləri, o cümlədən yol tikintisi, kommunikasiya və şəhərsalma prosesləri ilə yaxından tanış olublar.
Bu gün Ağdamda hər daş üstünə daş qoyulduqca Ağdamın gələcək ağ günləri üçün bir addım atılır.  Bu addım Prezidentin 2020-ci ilin 23 noyabrında -  qələbədən  15 gün sonra Ağdama səfəri zamanı söylədiyi sözləri təsdiq edir: "Biz Ağdam şəhərini bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edir. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası  üçün də birlik, əzmkarlıq göstərəcəyik.  Bütün şəhərləri bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır".

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video