Bakıda keçirilmiş COP29 zirvəsindən sonra qarşıya qoyulan hədəflər və bir sıra razılaşdırılmış qərarların qəbulu öz həllini gözləyir. İnanıram ki, COP29-dan sonra ən yaddaqalan iqlim müzakirələri məhz Antalyada təşkil olunacaq. Qardaş Türkiyə də bu istiqamətdə çox ciddi maraq və səylər göstərir, müxtəlif mövzularda sərbəst müzakirələr üçün yüksək səviyyədə şərait yaradılıb. Azərbaycan nümayəndə heyəti də COP31-ə böyük həvəslə qatılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirib.
Komitə sədri hesab edir ki, iki il əvvəl Azərbaycanda qlobal iqlim gündəliyinə verilən ciddi təkan Türkiyədəki COP31 zirvəsi zamanı yeni qərarların alınmasına gətirib çıxaracaq.
COP31 çərçivəsində bir neçə tədbir və görüşdə iştirak etdiyini qeyd edən B.Muradova Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, BMT-nin Qadınlar Agentliyi (UN Women), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Rezident-Əlaqələndiricisinin Ofisinin tərəfdaşlığı ilə keçirilən sessiyada Azərbaycanın COP29-dakı təcrübəsindən və iqlim sahəsindəki problemlərin həllindən bəhs etdiyini bildirib: “Əminəm ki, bu kimi platformalar müxtəlif ölkələrin nümayəndələrinə əlaqələri genişləndirmək və bərabər işləmək imkanı yaradacaq. Beləliklə, “yaşıl” iqtisadiyyatın inkişafı baxımından səmərəli səylərin birləşdirilməsinə nail olunacaq”.
COP31 çərçivəsində yaradılan Azərbaycan pavilyonunun xüsusi maraq doğurduğunu qeyd edən Komitə sədri burada təşkil olunan sessiyalara tanınmış ekspertlərin, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların nümayəndələrinin qatıldığını, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu prosesdə iştirak etdiyini vurğulayıb.
Qadınların və gənclərin iqlim siyasətindəki rolunu qiymətləndirən B.Muradova deyib: “Qadınlar bütün fəaliyyətlərin mərkəzi iştirakçısı və hədəfidirlər. Gənclər isə enerji və sabaha inam deməkdir. Bu baxımdan istər Azərbaycanda, istərsə də digər ölkələrdə onların bütün proseslərə bərabər şəkildə qatılması çox ciddi qərarların qəbul edilməsi ilə nəticələnir. Həm də onların üzərinə böyük öhdəlik qoyur. İqlim zirvəsi kimi proseslər səriştə əldə olunması üçün böyük əhəmiyyət kəsb edir”.