Prezident İlham Əliyevin İrlandiyaya səfəri Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, Avropa ilə siyasi və iqtisadi əlaqələrinin
genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Noyabrın 12-də Dublində keçirilən Avropa
Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısı «güclü, təhlükəsiz və əlaqəli
Avropa» şüarı altında keçirildi və sammitdə 40-dan çox dövlət və hökumət
başçısının iştirakı Avropa qitəsinin qarşılaşdığı təhlükəsizlik, enerji, nəqliyyat
və siyasi çağırışların müzakirəsi üçün geniş platforma yaratdı.
Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı
göstərdi ki, Avropanın təhlükəsizlik arxitekturası, nəqliyyat-kommunikasiya əlaqələri
və regional siyasi prosesləri ilə bağlı müzakirələrdə Azərbaycanın da mövqeyi nəzərə
alınır.
Prezident İlham Əliyevin səfərinin diqqətçəkən
məqamlarından biri yüksək səviyyəli görüşlərin intensivliyi oldu. Dövlət
başçısı bir gün ərzində 10 görüş keçirdi.
Bu görüşlərin coğrafiyası və müzakirə olunan məsələlər
Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio
Koşta ilə görüş isə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək
inkişafı baxımından əhəmiyyətli idi. Tərəflər enerji əməkdaşlığını, uzunmüddətli
qaz təchizatı müqavilələrini, nəqliyyat-kommunikasiya layihələrini və Naxçıvan
dəmir yolu layihəsinin perspektivlərini müzakirə etdilər.
Koştanın Azərbaycan Prezidentini Brüsselə dəvət
etməsi dialoqun davam etdirilməsində qarşılıqlı marağın göstəricisidir.
Dublin sammiti çərçivəsində Prezident İlham
Əliyevin iştirak etdiyi «Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya,
bağlantılar və əlçatan enerji» mövzusunda dəyirmi masa xüsusi əhəmiyyət
daşıyırdı. Dövlət başçımız çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələri konkret rəqəmlərlə diqqətə çatdırdı. Qeyd olundu ki, 2022-ci
ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa
dair Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz tədarükü
illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu həcm Azərbaycanın
ümumi qaz ixracının təxminən yarısını təşkil edir. Eyni zamanda, Bakıdan
İtaliyaya uzanan və yeddi ölkənin ərazisindən keçən qaz kəməri sistemi vasitəsilə
Avropa İttifaqının 10 üzv dövlətinə qaz çatdırılır. Eyni zamanda ötürmə
imkanlarının genişləndirilməsinin vacibliyi də vurğulandı.
Bu rəqəmlər Azərbaycanın enerji siyasətinin
mühüm geosiyasi xarakterini göstərir.
Burada ənənəvi enerji ilə yanaşı bərpaolunan
enerji, yaşıl enerji dəhlizləri, yeni texnologiyalar və enerji
infrastrukturunun inkişafı da əməkdaşlığın prioritet istiqamətlərinə çevrilib.
Beləliklə, Azərbaycanın Avropa üçün əhəmiyyəti
tədricən qaz təchizatından daha geniş strateji çərçivəyə keçir.
Dublin səfərinin mühüm siyasi nəticələrindən
biri də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan
arasında keçirilən görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə
olunmuş razılaşmaların davamı olaraq sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin
delimitasiyası, nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticarət münasibətləri
və etimad quruculuğu tədbirlərini müzakirə etdilər.
TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu
komponentlərinin planlaşdırılması, həmçinin tranzit imkanlarının inkişafı diqqət
mərkəzində oldu. Görüşdə Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan
tranzit yüklərin daşınmasının müsbət nəticələri də qeyd edildi. Bildirildi ki,
ötən ilin noyabrından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana
ümumilikdə 105 min ton yük daşınıb. Bu fakt Azərbaycanın regionda
kommunikasiyaların açılması və iqtisadi əlaqələrin qurulması məsələsinə
praktiki yanaşmasını nümayiş etdirir.
Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması,
real iqtisadi və nəqliyyat əlaqələri ilə möhkəmləndirilməsi regionun gələcək
inkişafı baxımından vacibdir. Eyni zamanda, bütün bu proseslərin Azərbaycanın
suverenliyi və milli maraqları çərçivəsində həyata keçirilməsi əsas prinsip
olaraq qalır.
Dublin səfərinin ən mühüm ikitərəfli nəticələrindən
biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamənin imzalanması oldu. Bununla Azərbaycan-Böyük Britaniya münasibətləri
rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi. Bu sənəd də göstərdi
ki, Azərbaycan və Böyük Britaniya arasında formalaşmış uzunmüddətli münasibətlər
yeni geosiyasi və iqtisadi reallıqlara uyğunlaşdırılıb.
Prezident İlham Əliyev görüş zamanı Böyük
Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investor olduğunu, iki ölkə
arasında enerji sahəsində əməkdaşlığın 30 ildən artıq tarixə malik olduğunu
vurğulayıb. Bununla yanaşı, bərpaolunan enerji, yüksək texnologiyalar və süni
intellekt sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə
çatdırılıb.
Böyük Britaniya ilə strateji tərəfdaşlıq
münasibətlərinin rəsmiləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm
geosiyasi məna daşıyır. Çünki Böyük Britaniya Avropanın aparıcı iqtisadi və
maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq təhlükəsizlik,
müdafiə, enerji və maliyyə sistemində mühüm mövqeyə malik dövlətdir.
Azərbaycan üçün Londonla münasibətlərin genişləndirilməsi
Qərbin aparıcı siyasi və iqtisadi mərkəzləri ilə əlaqələrin şaxələndirilməsi,
investisiya imkanlarının artırılması, müdafiə və təhlükəsizlik sahəsində təcrübə
mübadiləsi baxımından əlavə imkanlar yaradır.
Xüsusilə qlobal ticarət marşrutlarının təhlükəsizliyi
və alternativ nəqliyyat bağlantılarının inkişafı məsələlərinin aktuallaşdığı
bir dövrdə bu əməkdaşlığın əhəmiyyəti artır.
Bütövlükdə Dublin görüşləri də göstərdi ki,
regional sabitliyə, Avropanın enerji təhlükəsizliyinə, Şərq-Qərb nəqliyyat
bağlantılarına və beynəlxalq siyasi dialoqa verdiyi töhfələr Azərbaycanın
strateji tərəfdaş kimi mövqeyini müəyyən edən əsas amillərdəndir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı