09 Sentyabr 2026 08:20
326
SİYASƏT
A- A+
Revanşistlərin ucuz şousu

Revanşistlərin ucuz şousu


Müharibə canilərini müdafiə etmək cəhdləri mənasızdır 


Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olunması istiqamətində ardıcıl addımlar atıldığı vaxtda Ermənistanda müəyyən qüvvələrin və onları himayə edənlərin informasiya təxribatı bitmir. Müşahidələr göstərir ki, revanşistlər, eləcə də xaricdəki erməni lobbisi sülh prosesini hər vəchlə pozmağa və yaxud yubatmağa çalışırlar. Bu şəbəkə sülh gündəliyinin irəli aparılmasına, cəmiyyətlər arasında etimad mühitinin formalaşdırılmasına mane olmaq məqsədilə son günlərdə "hüquq müdafiəsi" adı altında təxribat xarakterli kampaniyaya start verib.

Ermənistan hüquq müdafiəçisinin sentyabrın 4-də İrəvanda mətbuat konfransında səsləndirdiyi absurd iddialar da məhz həmin revanşist və lobbi dairələrinin sifarişi ilə təşkil olunmuş sistemli informasiya hücumunun tərkib hissəsidir. Erməni tərəfi iddia edib ki, Azərbaycan ərazisində törətdikləri ağır cinayətlərə görə həbs olunmuş erməniəsilli şəxslər guya dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə və işgəncələrə məruz qalır, xristian dini simvolları məhv edilir, onlara "İncil" oxumağa icazə verilmir, əvəzində "Quran" oxumağa məcbur edilirlər. Bu cür sərsəm, uydurma və psixoloji manipulyasiyaya söykənən iddialar heç bir hüquqi və məntiqi əsasa söykənmir. 

Revanşistlərin hiyləgər dezinformasiya həmləsinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva dərhal və sərt reaksiya verərək, səsləndirilən bütün ittihamları qətiyyətlə rədd edib. Ombudsman rəsmi cavabında bildirib ki, Ermənistan hüquq müdafiəçisinin irəli sürdüyü əsassız iddialar qərəzlidir və bilavasitə iki ölkə arasında aparılan sülh danışıqlarını pozmağa, prosesə zərər vurmağa yönəlib. Real fakta əsaslanmayan bu cür çıxışlar yalnız beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür. 

Heç bir dəlil-sübut olmadan bu cür iddiaların "fakt" kimi dövriyyəyə buraxılması insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq prinsiplərə tamamilə ziddir. Xüsusilə fərdi cinayət əməllərinin süni şəkildə dini mənsubiyyətlə əlaqələndirilməsi, məsələnin xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri qəbulolunmazdır. Bu, sadəcə hüquqi manipulyasiya deyil, həm də regionda dini dözümsüzlüyü alovlandırmaq niyyətidir. 

"Hüquq müdafiəsi" pərdəsi altında çıxış edən şəxslər erməni lobbi təşkilatlarının, Qərbdəki qərəzli dairələrin əlində alətə çevriliblər. Bölgədə davamlı sülhün bərqərar olmasını istəməyən, gərginliyin qalmasından maliyyə və siyasi dividendlər qazanan erməni lobbisi revanşist qüvvələri körükləyir. Lobbi şəbəkəsinin maliyyə və informasiya dəstəyi ilə "dini təqib" və "insan hüquqları pozuntusu" kimi uydurma tezislər Qərb mediasına çıxarılır, bununla Azərbaycana qarşı təzyiq formalaşdırılmağa cəhd edilir. İnsan hüquqları kimi həssas mövzunun lobbi maraqlarına qurban verilməsi, şər-böhtan kampaniyasının məhz sülh sazişinin imzalanması ərəfəsində intensivləşməsi bunun göstəricisidir. 

Xüsusilə vurğulanmalıdır ki, hazırda Bakıda öz layiqli cəzalarını çəkən separatçı rejimin keçmiş rəhbərləri və erməniəsilli şəxslər sülh və insanlıq əleyhinə ağır cinayətlər törətmiş, mülki əhaliyə qarşı terror və hərbi cinayətlərdə birbaşa iştirak etmiş müharibə caniləridir. Onların hər biri Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq obyektiv məhkəmə istintaqına cəlb edilib, əməllərinə uyğun ədalətli məhkəmə hökmü çıxarılıbdır. 

Hüquqi müstəvidə müəyyən edilmiş cinayət məsuliyyətini şəxsin etnik və ya dini mənsubiyyəti ilə bağlamaq tamamilə yanlış yanaşmadır. Törədilmiş ağır əməllərə görə qanun qarşısında cavab verən şəxslərin cəzasını "etnik və dini təqib" kimi qələmə vermək məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Cinayət məsuliyyəti milli və ya dini kimliyə görə deyil, konkret törədilmiş əməlin xarakteri, toplanmış təkzibedilməz sübutlar və obyektiv məhkəmə qiymətləndirməsi əsasında müəyyən edilir. 

Məsələnin digər vacib tərəfi isə Azərbaycanda saxlanılan şəxslərin saxlanma şəraiti və onlara münasibətlə bağlı həqiqi faktlardır. Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən həyata keçirilən monitorinqlər zamanı erməniəsilli şəxslərlə dəfələrlə görüşlər təşkil edilib, onların tibbi və psixoloji vəziyyəti qiymətləndirilib, dini ibadət və etiqad ehtiyacları daxil olmaqla bütün saxlanma şəraitlərinə yerində baxılıb. Onlara beynəlxalq konvensiyalardan irəli gələn hüquqları ana dillərində ətraflı izah olunub. Keçirilən bütün monitorinqlər göstərib ki, saxlanılan şəxslərin hüquqları beynəlxalq standartlara uyğun təmin edilir, onlar keyfiyyətli tibbi xidmətlərdən və digər zəruri imkanlardan tam istifadə edirlər. 

Bütün bu təsdiqlənmiş faktların müqabilində, uydurma iddialarla "işgəncə" və "dini təqib" nağılları söyləmək yalnız ictimai rəyi çaşdırmağa və süni gərginlik yaratmağa xidmət edir. Davamlı sülh yalnız kağız üzərindəki razılaşmalarla deyil, həm də cəmiyyətlərin dözümsüzlük və nifrət nitqindən imtina etməsi ilə mümkündür. Eyni zamanda beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri öz fəaliyyətlərində məsuliyyətli olmalı, yoxlanılmış həqiqətlərə söykənməli, lobbi təsirindən azad olmalıdırlar. 

Nəhayət, Ermənistanın revanşist dairələri və onların xaricdəki havadarları birmənalı dərk etməlidirlər ki, dezinformasiya və təxribat üzərində qurulmuş ritorika Cənubi Qafqazda formalaşmış yeni reallıqları dəyişmək gücündə deyil. Həqiqətə dayanmayan iddialar nə beynəlxalq müstəvidə, nə də regionda güc nisbətini dəyişə bilər. Azərbaycana təzyiq göstərmək niyyətinə düşmək isə sadəcə vaxt itkisidir. Bakının sülh gündəliyinin alternativi yoxdur. Regionda davamlı təhlükəsizliyi, sabitliyi və iqtisadi tərəqqini diktə edən də məhz Bakının nümayiş etdirdiyi bu güclü, prinsipial və ədalətli mövqedir. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar – YENİLƏNİB 

11:55
09 Sentyabr

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib

11:50
09 Sentyabr

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir

11:45
09 Sentyabr

11 sentyabr terrorundan sonra havanın çirkliliyi səbəbindən ölənlərin sayı terror zamanı həlak olanların sayını üstələyib

11:40
09 Sentyabr

İran İordaniyadakı ABŞ bazalarına raket zərbəsi endirdiyini açıqlayıb

11:35
09 Sentyabr

Marko Rubio: “Hələ görüləsi çox iş var”

11:32
09 Sentyabr

Fransada Renuar Muzeyindən rəsm əsərləri oğurlanıb

11:30
09 Sentyabr

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib 

11:27
09 Sentyabr

Qızıl və gümüş bahalaşıb 

11:25
09 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib 

11:23
09 Sentyabr

Yasamal, Mingəçevir və Yevlaxda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:20
09 Sentyabr

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb 

11:17
09 Sentyabr

Sabiq Prezident: Azərbaycanın müasir enerji mənbələrinə keçidə hazırlaşdığının şahidi oluruq

11:15
09 Sentyabr

Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir 

11:13
09 Sentyabr

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!