03 Noyabr 2016 12:11
334
İQTİSADİYYAT
A- A+
Rəqəmsal yayım yüksək keyfiyyət, geniş imkanlar deməkdir

Rəqəmsal yayım yüksək keyfiyyət, geniş imkanlar deməkdir

 

Nəhayət, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron yarımadasında televiziya yayımları tamamilə rəqəmsal formata keçdi. Bu, çox əlamətdar hadisədir: telekommunikasiya sisteminin keyfiyyətcə tamamilə yeni mərtəbəyə yüksəlməsi deməkdir.

Elmin inkişafı bir çox sahədə ənənəvi texnologiyalardan imtina ilə müşayiət olunur. Məhz bu tərəqqi sayəsində tarix üçün qısa bir müddətdə bəşəriyyət səs və görüntünü məsafəyə simsiz ötürməyi öyrəndi: ilk radionun, televizorun icadı insan həyatına inqilabi dəyişikliklər gətirdi.
Müasir həyatı nə radiosuz, nə də televiziyasız təsəvvür etmək çətindir. Bir vaxtlar ağ-qara, bir qədər sonra nəhəng ölçülü rəngli televizorlar hər ailənin arzuladığı məişət cihazları idi. İndi isə daxili detalları son dərəcə kiçik, ancaq ekranları iri müasir televizorlar istehsal olunur. Bu televizorların texnoloji və texniki imkanları yüksək keyfiyyətli görüntü təqdim etməyə imkan verir. Bu da məhz rəqəmsal format sayəsində mümkün olur. Özü də yüksək keyfiyyətli təsvir ilkin olaraq rəqəmsal avadanlıq vasitəsilə çəkilib ötürüldükdə istənilən effekti verir. Yəni çəkiliş də rəqəmsal olmalıdır, qəbul da. Ötürücü və qəbuledici avadanlıq da. Bu isə bir-biri ilə əlaqəli bir çox telekommunikasiya sahələrinin - televiziya kanallarının özlərinin, onların ötürücü stansiyalarının, retranslyasiya qurğularının və nəhayət, qəbuledici cihazların - televizorların özlərinin rəqəmsal texnologiyaya keçidini tələb edirdi. Son bir neçə ildə Azərbaycanda bu istiqamətdə kompleks işlər aparılıb: avadanlıqlar, texniki qurğular yenilənib. Paralel olaraq bütün televiziya kanalları rəqəmsal format üçün zəruri işləri görüb, texnikasını dəyişib.
Rəqəmsal yayım (format) - yüksək keyfiyyətli görüntü, səs effektləri deməkdir. Özü də rəqəmsal formatın üstünlüyü bununla məhdudlaşmır. Rəqəmsal yayımda bir tezlik zolağında bir deyil onlarla kanal, hətta internet verilə bilər. Yəni bu format multimedia xidmətləri üçün geniş imkanlar açır. Beləliklə, televiziya kanalları da çox cüzi xərclə tematik yeni törəmə əlavələrini yarada biləcək.
Bununla belə, rəqəmsal formatın əsas üstünlüyü, heç şübhəsiz, daha diri və təmiz göruntu, səs verməsidir. HD - rəqəmsal yayımın daha yüksək aydınlığa malik formatıdır. Əlamətdar haldır ki, Azərbaycanda bu formatda da televiziya (idman) kanalı yayımlanır. Şübhəsiz, gələcəkdə onların sayı daha da artacaq. İndi dünya super-HD formatından üstün texnologiya arayışındadır. Ölkəmizin sosial-iqtisadi səviyyəsi, vətəndaşların rifah vəziyyəti ən son texnoloji yenilikləri məişətimizdə tətbiq etməyə yetir. Doğrudur, hələ də analoq - köhnə model televizorlardan istifadə edənlər də var. Xüsusilə regionlarda, kənd yerlərində.
Belə televizorlar rəqəmsal qəbulediciyə malik olmasalar da, problemin həlli sadə və ucuz başa gələndir. Rəqəmsal yayıma keçidlə əlaqədar bu hal nəzərə alınıb: rəqəmsal çevirici qurğuların (dekoderlərin) satışı təşkil olunub. Paytaxtda və Sumqayıtda, eləcə də Abşeron ərazisindəki poçt şöbələrindən bu cihazları almaq mümkündür. Qiyməti də 22 manatdır. İstehlak bazarında başqa təkliflər də kifayət qədərdir. Bu cihazların quraşdırılması və istifadəsi də sadədir. Özü də rəqəmsal yayımın qəbulu üçün zəruri bu dekoderlərdən əlavə avadanlığa, eləcə də yeni antenə ehtiyac yoxdur.
Amma nəzərə almaq lazımdır ki, rəqəmsal yayım televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə imkan versə də, televizorun özünün texniki parametrləri (imkanları) də yüksək olmalıdır. Bunun üçün isə yaxşı olar ki, daha müasir televizor alınsın.
Bir də diqqətdən qaçırmaq olmaz ki, Azərbaycanın telekommunikasiya peyki var və bu peyk vasitəsilə həm respublikamızın, həm də bir sıra ölkələrin televiziya kanalları yayımlanır. Təbii ki, rəqəmsal formatda. Bir qədər artıq xərclə daha keyfiyyətli təsviri və daha çox televiziya kanalını məhz birbaşa peykdən qəbul etmək olar.
Nəzərə almaq lazımdır ki, bir qədər sonra - cari ilin dekabrından başlayaraq bütünlüklə ölkə ərazisində, yəni rayonlarda da tam olaraq rəqəmsal televiziya yayımına keçiləcək və analoq yayım dayandırılacaq. Odur ki, kənd əhalisi bu müddətdə öncədən rəqəmsal yayıma hazırlıq görə - televizorlarını yeniləyə, yaxud rəqəmsal çeviricilər və ya peyk qəbulediciləri alıb köhnə televizorlarına quraşdıra bilərlər. Şübhəsiz ki, rəqəmsal çeviricilərin rayonlarda da satışı təşkil olunacaq. Məlumat üçün bildiririk ki, peyk vasitəsilə şifrəli (bağlı) yayımlanan idman yarışları analoq yayımdakı kimi, çevirici vasitəsilə qəbul edildikdə də açıq olacaq. Amma qat-qat daha keyfiyyətli təsvirdə.
Xatırladaq ki, respublika ərazisində rəqəmsal televiziya yayımına hazırlıq və keçid mərhələlərlə icra olunub. İlk olaraq Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmsal televiziya yayımına təxminən iki il öncə - 10 dekabr 2014-cü il tarixindən keçilib. Bu ilin sonuna kimi rəqəmsal yayım bütün ölkə ərazisini əhatə edəcək. Daha doğrusu, analoq yayım tamamilə dayandırılacaq.
Oxucularımızın nəzərinə onu da çatdırmaq istəyirik ki, rəqəmsal televiziya yayımına keçidlə əlaqədar yaranan hər hansı problemlə bağlı və ya buna aid suallarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng edə bilərlər.
Rəqəmsal çeviricinin seçimində və quraşdırlmasında çətinlik çəkənlərə Milli Televiziya və Radio Şurasının məsləhətçisinin “youtube.com” video portalında yerləşdirilmiş izahatını dinləmələri də tövsiyə olunur.

Elxan QƏNBƏRLİ,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!