Səhiyyə işçilərinin sevimli istirahət yeri növbəti mövsümə hazırlaşır
Qarşıdan isti yay, məzuniyyətlər mövsümü gəlir. O üzdən tezliklə ölkəmizin sanatoriya, istirahət evləri, turizm mərkəzlərində qələbəlik olacaq. İyunun 1-dən "Şəfa" da qapılarını qonaqlarının, daha doğrusu, tibb işçilərinin və onların ailə üzvlərinin üzünə açacaq.
Söhbət Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Qusarda yerləşən "Şəfa" istirahət mərkəzindən gedir. Burada hər il 5 mindən artıq insan dincəlir və müalicə olunur.
"Şəfa"nın ərazisi 2 hektar sahəni əhatə edir. Mərkəzdə hotel, konfrans və idman zalları, iaşə obyekti fəaliyyət göstərir. Müəyyən tibbi prosedurlar üçün də xüsusi otaqlar ayrılıb. Mərkəzə təşrif buyuranlar inqalyasiya, duz otağı və su masajından faydalana bilərlər. Su masajı zamanı pasiyentlər müxtəlif vannalar qəbul edirlər. Burada fizioterapiya müalicəsi də təklif olunur. 7 günlük istirahət zamanı qonaqlar öz istəklərinə görə müayinələrdən də keçə bilərlər. Müəssisədə 44 nəfər çalışır. Hamısı da peşəkar, öz işini bilən və sevən işçilərdir.
Aydın məsələdir ki, istirahət zamanı qidalanma mühüm amildir. "Şəfa"da bu iş də yüksək səviyyədə qurulub. Mərkəzə hər gün təzə ərzaq gətirilir. Bu baxımdan hər kəs tam arxayındır. Çünki bunu gözləri ilə görür. Yeməklərin keyfiyyətinə, dadına gəldikdə isə müsafirlər gülərüz aşpazlara və xidmətçilərə yalnız "sağ ol" deyirlər. Onu da qeyd edək ki, "Şəfa"da yeməklər həkim nəzarəti altındadır. Ərzaqlar yalnız yoxlanıldıqdan sonra mətbəxə verilir.
Mərkəzin həyətində yaşıllıq, işıqlandırma sistemi yüksək səviyyədədir. Burada kölgəlik və işıq insanı yormur. Sanki yaşıllıqlara işıq yağışı yağır və baxdıqca insanın ruhu dincəlir.
Əgər səhiyyə işçiləri mərkəzə övladları ilə gəliblərsə, bu zaman heç bir problem olmur. Çünki burada 2 uşaq oyun meydançası var. Odur ki, balaca qonaqlar heç vaxt darıxmırlar. Üstəlik, Şahdağa, Qusar və Quba rayonlarının görməli yerlərinə ekskursiyalar da təşkil olunur. Bununla qonaqlar ölkəmizin şimal bölgəsinin tarixi ilə yaxından tanış olmaq imkanı qazanırlar. İdman həvəskarlarının ixtiyarına isə futbol meydançası verilir. İstədikləri qədər top qova bilərlər.
İstirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin səhiyyə haqqında söylədiyi fikirlərdən ibarət xüsusi stend düzəldilib. Konfrans zalında keçirilən tədbirlərdə ölkəmizin nailiyyətlərindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs edən tədbirlər keçirilir. Əlamətdar günlərdə və bayramlarda isə mərkəzin işçiləri Vətən uğrunda şəhid olan igidlərimizin valideynlərini, ailələrini qonaq dəvət edirlər.
Hazırda "Şəfa" növbəti mövsmə hazırlaşır. Bütün ərazi təmizlənir, səliqə-sahmana riayət olunur. Artıq həyətdəki ağaclar suvarılıb, gövdələri ağardılıb. Qovşaqlar və oturacaqlar da təmir olunub.
Qeyd edək ki, mərkəzdə istirahət mövsümü hər il iyunun 1-dən sentyabrın 31- dək davam edir. Deməli, növbəti mövsümə çox qalmayıb. Şübhə yoxdur ki, səhiyyə işçiləri və onların ailə üzvləri bu dəfə də "Şəfa"dan xoş təəssüratla ayrılacaqlar.
Akif ƏLİYEV,
"Azərbaycan"